1.Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.
Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!
(Əl-Bəqərə,38-40)
2.(Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər “, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!
(Əl-Bəqərə,111-113)
3.Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!(əl-Bəqərə,262-264)
4.Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
(əl-Bəqərə,274-275)
5.İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!(əl-Bəqərə,277-279)
6.Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!
Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.
(Ali-İmran ,103-104)
7.Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir.
Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!
Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!
(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.
(Ali-İmran,106-110)
8.Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.
Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!(Ali-İmran,171-172)
9.(Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.
Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.(ən-Nisa ,173-175)
10.O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!
O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”(əl-Ənam ,16-19)
11.Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!
De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”
(əl-Ənam ,48-50)
12.Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
(əl-Ənam,81-83)
13. Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.
(əl-Əraf,35-37)
14.Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?
Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
Tarix: 08.05.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar