İslam - sülh və əmin-amanlıq dinidir. Hər birimizin başqalarına qarşı məsuliyyətimiz və vəzifəmiz vardır. Hər birimiz bir-birimizə ehtiram göstərməliyik. İslam dinində insan bədəninin hər bir üzvü Allah qarşısında məsuliyyət daşıyır. Dil də bu cür üzvlərdən biridir. Ondan həm yaxşı məqsədlərdə istifadə etmək olar, həm də pis. Həm gözəl sözlər danışmaq olar, həm də pis sözlər. Onunla başqalarını incitmək də olar, sevindirmək də.
Bəs dilimizlə hansı günahları işlədirik?
1. Təhqir.
İslam dinində böyük günahlardan biri də başqasını təhqir etməkdir. Təhqir olunmuş insan zəlil və xar olar. Hədislərin birində deyilir: “Hər kim yoxsul mömini təhqir edər, alçaldarsa, Allah da onu təhqir edər. Həmişə qəzəbə düçar olar, o zamana qədər ki, təhqirindən geri qayıdar və tövbə edər”.
2. Lovğalanmaq.
Çox təəsüf ki, cəmiyyətdə artmaqda olan günahlardan biri də lovğalanmaqdır. O, insanlar ki, lovğalanırlar - əslində alçaq və həqir insanlardır. «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18).
3. Rüsvay etmək.
Bir mömini günahına görə rüsvay etmək olmaz. Əgər bir insan günah işlədibsə, bunun cəzasını Allah verir. Öz günahını aşkar etməyənin günahını ifşa etmək olmaz. İmam Rza (ə) buyurur: “Günahı gizlətmək 70 min yaxşı əmələ bərabərdir. Günahı söyləmək xarlıqdır və gizlədən isə bağışlanmışdır”.
4. Şəxsi sirləri faş etmək.
İnsan gərək öz sirrlərini özü üçün saxlasın. Onu başqasına deməsin. Hədislərin birində deyilir: “Sənin sirrin o zamana qədər ki, açılmamışdır, sevincə səbəb olar. Açılan zaman isə qəmə səbəb olar”.
5. Faydasız sözlər danışmaq.
İmam Əli (ə) dəfələrlə buyurub: “Ey insanlar! Təqvalı olun. İnsan əbəs yerə xəlq edilməmişdir ki, oyun oynasın. Öz başına buraxılmamışdır ki, mənasız danışsın”.
6. Yersiz sual vermək.
Yersiz suallar da dilin günahlarındandır. Yersiz sual vermək yerinə düşünmək lazımdır. “Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Quran nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir. Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu”. (“Maidə” 101-102).
7. Səbəb olmadan üzr istəmək.
Yersiz yerə üzr istəmək günahı artırar. Fayda verməz. İmam Əli (ə) buyurur: “Çox üzr istəmək günahları artırar”.
8. Eyb axtarmaq.
Başqa kəbirə günahlardan biri də eyb axtarmaqdır. O insanlar ki, davamlı olaraq başqalarının eybini axatararlar, hörmət qazanmazlar.
9. Başqalarını təhdid etmək.
Təhdid etmək insana yaraşmayan bir sifətdir. İnsanın haqqı yoxdur ki, başqalarını təhdid etsin, hədələsin. Peyğəmbər (s) buyurur: “Hər kim möminə elə nəzər salsa ki, onu qorxudar, Allah da onu qorxudar”.
10. Yalan.
Yalançı - Allahın düşmənidir. Yalan insanı yolundan azdırar. Həzrət Peyğəmbər (s) buyurur: “Yalandan uzaq olanlara eşq olsun. (Yalan) pisliklərə tərəf aparar. Pisliklər də atəşə aparar”.
11. Yalan vədlər vermək.
Yalan vədlər vermək insana olan etimadı azaldar. Yalançı vədlər Allahı qəzəbləndirər.
12. Pis söz demək.
O insanlar ki, pis söz deyirlər, həmişə davaya qarışarlar. Möminə pis söz demək yaraşmaz.
13. Minnət qoymaq.
Əgər bir nəfər başqasına yaxşılıq edibsə, ona minnət qoymamalıdır. Hədislərdə oxuyuruq ki, əgər kimsə bir iş görər və sonra minnət qoyarsa, sanki bu işi görməmiş kimi olar. İmam Əli (ə) buyurur: “Hər kəs başqasına ehsan etdiyi üçün minnət qoyarsa, bu cür insan əslən yaxşılıq etməmişdir”.
14.Söhbətdən qabaq salam verməmək.
Ədəb qaydalarından biri də odur ki, insan söhbətə başlamamışdan qabaq salam verməlidir. İmam Sadiq (ə) buyurur: “Salam vermədən heç kimin cavabını verməyin”.
15. Yersiz zarafat.
Zarafat əgər sevinmək və şadlanmaq üçün olarsa, yaxşı sayılar. Ancaq əgər yersiz olarsa, İslam onu məzəmmət edər. Zarafatda ifrat etmək düşmənçiliyə və bədbəxtliyə səbəb olar.
16. Yersiz and içmək.
Bu gün bazarda və bir çox mağazalarda görürük ki, satıcılar öz mallarını satmaq üçün yersiz yerə and içirlər. İmam Sadiq (ə) buyurur: “Allaha nə doğruya və nə də yalana görə and içməyin”.
17. Söz gəzdirmək.
Bir insandan başqasına söz gəzdirmək böyük günahdır. Həzrət Peyğəmbər (s) buyurur: “Söz gəzdirən heç bir zaman behiştə daxil olmaz”.
Bütün bu saydıqlarımız dilin gətirdiyi fəsadlar və günahlardır. Onları tanıyaq və uzaq olmağa çalışaq. Dil bizə bunun üçün verilməmişdir.
Allah bizləri günahdan amanda olanlardan qərar versin.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar