Bismilləhir-rəhmanir-rəhim
Həmd Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Ona sığınırıq. Allahın hidayət etdiyi kimsəni heç kim azdıra bilməz, azdırdığı kimsəni heç kim hidayət edə bilməz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur, O təkdir, şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və rəsuludur. Allah ona doğru yol və haq din göndərmişdir ki, ona bəyan etsin. O, risaləti çatdırdı, əmanətə sadiq qaldı və ümmətə nəsihət etdi. Ona, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onun yolunu tutan və doğru yolunda gedənlərə Allahın salavatı, salamı və bərəkəti olsun!
Əs-salamu aleykum və rahmətullah və bərəkətuh! Əziz müsəlman qardaşlar, izzət və cəlal sahibi Allahdan mənə və sizə kömək etməsini və hamımıza razı qaldığı əməllər nəsib etməsini diləyirəm!
Mövzumuzun söhbəti sizin də çox istədiyiniz müsəlmanın həyatında ibadətlərin iziidir. Bilin ki, ibadət Allahın sevib razı qaldığı aşkarda və gizlində olan söz və əməllər toplusudur. Bu, ibadət haqqında deyilən ən gözəl tərifdir. İbadətin çox böyük əhəmiyyəti vardır. Allah azzə və cəllin məxluqatı yaratmaqda, peyğəmbərlər göndərməkdə və kitablar nazil etməkdə məqsədi o idi ki, məxluqat ona ibadət etsin və Ondan başqasına ibadətdən çəkinsin! Allah sübhənahu və taala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım”. Deməli, Allah onları yaratdı, sonra yalnız Ona ibadət etmələrini əmr, asi olmalarını qadağan etdi. Allah taala buyurur ki, “Biz hər bir ümmətə bir peyğəmbər göndərdik ki, Allaha ibadət etsinlər və tağutdan çəkinsinlər!” Başqa bir ayədə Uca Allah buyurur: “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona Məndən başqa ilah olmadığını vəhy etməyək. Elə isə Mənə ibadət edin!”
İbadətin bir çox növləri var. Qorxu, rica, təvəkkül, istək, səbr, kömək diləmə, sığınma, qurban, nəzir və digər əməllər ibadətin növləri hesab olunur.
Cəbrayılın məşhur hədisində qeyd olunduğu kimi İslamın rükünləri də ibadətin növlərindən hesab olunur. Belə ki, o, peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) İslam barədə soruşduqda, belə buyurmuşdu: “Allahdan başqa ibadətə layiq ilah olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, Ramazan orucunu tutasan, gedə bilirsənsə, evi (Kəbə) həcc edəsən!” (Hədisi Müslim özünün “Səhih” əsərində Ömərdən (Allah ondan razı olsun!) rəvayət etmişdir. Bu hədis oradakı İman kitabında ilk hədisdir. (8))
Abdullah bin Ömərin (Allah ondan və atasından razı olsun!) rəvayət etdiyi hədisdə rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “İslam beş şey üzrə qurulub: Allahdan başqa ibadətə layiq ilah yoxdur və Məhəmməd Allahın rəsuludur şəhadəti, namaz qılmaq, zəkat vermək, evi (Kəbə) həcc etmək, Ramazan orucu”.(Bu, “Səhih Buxari”dəki İman kitabının ilk hədisidir. (8) Həmçinin, bax; “Səhih Müslim” (19)
Ibadətin qəbul olunması üçün iki şərt mütləqdir. Birincisi, əməlin sırf Allah üçün olması: İkincisi isə rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) tabe olmaqdır. Sırf Allah üçün ibadət edilməli və Onunla bərabər başqasına ibadət edərək şirk edilməməlidir. Ibadətin heç bir növünü Allah sübhənahu və taaladan qeyrisi üçün sərf etmək olmaz. Eyni zamanda əməlin qəbul olunması üçün rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) tabe olmaq lazımdır. Allaha yalnız Onun elçisinin göstərdiyi şəkildə ibadət etmək qəbulolunandır. Ona Allahın salavatı, salamı və bərəkəti olsun! Məhz bu iki şərt “Allahdan başqa ibadətə layiq ilah yoxdur və Məhəmməd Onun rəsuludur” şəhadətinin tələbləridir. “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deməklə, əməlin yalnız Allah üçün edilməli olduğu, ibadətin bütün növlərinin Ondan qeyrisnə olunmasının batilliyi izah olunur. “Məhəmməd Allahın rəsuludur” şəhadəti isə tələb edir ki, edilən bütün ibadətlər Allahın rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) etdiyi tərzdə olmalı, dində bidət edərək Allaha ibadət edilməməlidir. Əksinə, bütün ibadətlər sünnəyə - rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) etdiklərinə uyğun həyata keçirilməlidir.
Belə qənaətə gəlirik ki, “Allahdan başqa ibadətə layiq ilah yoxdur” şəhadəti əməlin yalnız Allah üçün olmasını, “Məhəmməd Allahın rəsuludur” şəhadəti isə əməlləri yalnız rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) tabe olaraq yerinə yetirməyi tələb edir. Deməli, hər hansı bir əməl mütləq Allah üçün və peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) sünnəsinə uyğun olmalıdır. Bu iki şərtin hər hansısa biri – ixlas və ya rəsulullaha tabeçilik və yaxud da hər ikisi pozularsa, o zaman əməl sahibinə xeyir gətirməz və Allah tərəfindən qəbul olunmaz. Allah taala ixlasın olmadığı əməli qəbul etmədiyi haqda belə buyurur: “Onların etdikləri hər hansı bir əməli Biz qəsdən dağınıq zərrələrə (toz dənələrinə) döndərərik”. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) da bidət üzərində qurulan əməlin qəbul olunmadığı haqda buyurur: “Kim bizim bu işimizdə olmayan bir şeyi ona əlavə edərsə, qəbul olunmaz”. (“Səhih Buxari” (2697); “Səhih Müslim” (1718) Hədis Aişədən (Allah ondan razı olsun!) rəvayət olunub. )
Müslimin mətnində isə “Kim Bizim işimizdə olmayan bir əməl edərsə, o qəbul olunmaz” – deyə, buyurulur.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Məndən sonra yaşayanlar çoxlu ixtilaf görəcək. Mənim və doğru yolda olan Raşidi xəlifələrimin yolu ilə gedin! Bu yoldan azı dizşlərinizlə tutunnun! (Dində) yeniliklər etməyin! Hər bir yenilik bidətdir, hər bir bidət isə zəlalətdir”.(Hədisi Əbu Davud (4607) və Tirmizi (2676) Arbad bin Sariyadan rəvayət etmişlər. Tirmizi hədisin “Həsən-səhih” olduğunu qeyd etmişdir.)
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yütmiş üç firqə haqqındakı hədisdə buyurdu ki, onların yetmiş ikisi oda girəcək, içlərində yalnız biri nicat tapacaq. Onu da qeyd etdi ki, nicat tapan firqə rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) və onun səhabələrinin (Allah onlardan razı olsun!) yolu ilə gedənlərdir.
İmam Malik bin Ənəs (Allah ona rəhmət eləsin!) belə demişdir: “Bu ümmətin axırı, əvvəldəkilərin etdiklərini etmədikcə, islah olunmayacaq”.
Həmçinin, İmam Malik deyir ki, Kim yaxşı hesab edərək İslama bir yenilik gətirərsə, Məhəmmədin risalətə xəyanət etdiyinə inanmış olar. Çünki, Allah taala buyurur “Bugün sizin dininizi tamamladım”. Əgər din indi kamil deyilsə, deməli, o vaxt da kamil olmayıb”.(Şatibi “əl-İtisam” (1/28) )
Tarix: 08.05.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar