Bismilləhir-Rəhmanir-Rəhim
Bəzi insanlara zərər dəyərkən və yaxud başlarına bir müsibət gələrkən, panikaya düşürlər, narahatçılıqlar keçirirlər və Allahu Təalanın təqdiri ilə razı olmurlar. Bundan əlavə onlar ağza gələni düşünmədən deyirlər, hansı ki, həmin sözlər insanda olan imana zidd və mömin müsəlmana yaraşmayan hərəkətdir.
Deyirlər; Niyə ya Rəbbi, axı mən neyləmişəm, mən buna layiq deyildim ay Allah, mən kimə ziyan vermişəm ki, başıma bunları gətirirsən, niyə mənə zülm edirsən ay Allah, axı mənim günahım nə idi? Buna bənzər çox ifadələr eşidirik.
Müsəlman şəxs əvvəldən iman gətirərək bilir ki, başına gələn qəza və qədər hamısı Allahu Təaladandır, bunlara sidq ürəklə inanıb olanlarla razı qalmalıdır. Başına gələnlər istər xoş olsun, istərsə də acı. Həmçinin müsəlman şəxs bilir ki, Allahu Təala nə sorğu-suala çəkiləcək, nə tənqid olunacaq, nə də etdiklərinin hesabını verəcəkdir. Əl-Ənbiya surəsinin 23-cü ayəsində buyurulur ki: ((O (Allah), etdikləri barədə soruşulmur. Onlar (insanlar), (etdikləri əməllərə görə) sorğu-sual olunurlar)).
Allahu Təala öz mülkü ilə istədiyi şeyi edə bilər, kiməzə izzət vərər kimisə zəlil edər, istədiyinə hər şeyi bol verər istədiyinə az verər, kimisə bu dünyada yüksək rütbələrə qaldırar kimisə alçaldar. Bütün insanlar Allahu Təalaya dua edərək, şikayətlərini bildirərək, ağrı-acıları ilə üz tutub istəyə bilərlər, lakin heç kim Allahu Təalanı nə hesaba çəkə bilər, nə də Allahın əmrləri ilə razı olmaya bilər.
Rəsulullah (s.a.s) bizə ən gözəl nümunədir. O (s.a.s), Allahu Təalanın göstərişi ilə insanlara haqq yolu göstərmiş, haqqa dəvət etmiş, dini təbliğ etmişdir. Bu yolda kafirlər ona min cür əziyyətlər vermişlər və Peyğəmbərimizi (s.a.s) çox incitmişlər. Lakin O (s.a.s), olanlardan gileylənərək Allahu Təaldan hesab sormamışdı. Peyğəmbərimiz (s.a.s) Taifə gedərkən oranın camaatı Onu (s.a.s) ağır dərəcədə incitmişdilər, arvad-uşaqları ilə yollara çıxıb Onu (s.a.s) söymüş və daşqalaq etmişdilər, hətta çarıqlarına qədər qan olmuşdu. Hansı ki, Peyğəmbərimiz (s.a.s) oraya onları hidayətə gətirmək ümidi ilə getmişdi. Başına gələnlərdən sonra isə yenə də Allahu Təalanı nə qınamış, nə də olanları niyə olduğundan şikayət etmişdi. O halda Peyğəmbərimiz (s.a.s) belə dua etmişdi: “Allahım zəifliyimi Sənə şikayət edirəm, hiyləm yoxdur bacarıqsızlığımı etiraf edirəm, insanlarla yumşaq davranıram. Ey rəhimlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim, məni kimə həvalə edirsən? Mənə qəzəbli deyilsənsə heç nə vecimə deyil, lakin afiyət mənim üçün daha genişdir. Gecələrə işıq salan üzünün (cəmalının) nuruna sığınıram…”
Olan hadisələr Allahu Təalanın ən sevimli qulu Peyğəmbərimizin (s.a.s) başına gəlmişdi və məşəqqətli halında belə yenə O (s.a.s) – Niyə belə etdin axı ay Allah – deməmişdi. Əksinə: “Mənə qəzəbli deyilsənsə heç nə vecimə deyil” demişdi.
Kimlərsə dedikləri sözləri anlamadan dediklərini və yaxud pis niyyətlə demədiklərini söyləyə bilərlər. Lakin yaxşı niyyət səhv bir əmələ bəraət qazandırmır.
Buna görə də, mömin şəxsin başına hər hansı bir bəla gəlsə də o; Bütün olanlara görə Allaha şükür olsun – deməlidir. Çünki mömin şəxs qeybi görə bilsə, elə başına gələnlərlə razılaşar və başqasını seçməz.
Tarix: 08.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Maraqlı melumatlar