Ramazan ayı insanlara Allahı sevməyi öyrədir
Ramazan! Allah sözünün insan düşüncəsinə süzüldüyü ay! Şəxsiyyətini yandırmışlara da haqqa dönüş imkanı verilmiş bir vaxt. Bu imkanı əldən çıxarmayasan! Ramazanın Qədr gecələri min aydan xeyirli sayılmış. Min ay, yəni 83 ildən uzun bir zaman! Bəli, mənasız yaşanmış ömrə dəyər vermək imkanı öz ixtiyarında. 83 illik ömrünü mənasız keçirdinsə də, bu sayılı gecələrə diqqətli ol! Ramazan günləri, Qədr gecələrində dilini, gözünü, qulağını, əl-ayağını, cibini, süfrəni haramdan qoru. Kim bilir, bu fürsət bir də ələ düşəcək, yoxsa yox!
Orucun tarixçəsi
Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ümmətlərə də vacib olub. İslama qədər orucluq, yemək-içməkdən imtina və ya yeyib-içməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimlə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir. Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə “لَيْلَةِ الْقَدْرِ leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ - Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ - Bilirsənmi Qədr gecəsi nədir? لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ- Qədr gecəsi min aydan xeyirlidir. تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ - O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ - O gecə dan yeri sökülənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır. Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.” Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü gecələrindən biridir.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 182 Bölmə: Maraqlı melumatlar