Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədis alimi Əbu Hureyra(Allah ondan razı olsun)

Məlum jurnal tərəfindən “hədis dəllalı” adlandırılan və bütün islam dünyasında böyük hörməti və yeri olan, özünə və dediyi hədislərə etibar edilən, ən çox hədis rəvayət edən Əbu Hüreyrə (Allah ondan razı olsun) kimdir? Niyə ona qarşı cəmiyyət
arasında belə yalanlar və böhtanlar yağdırılır? Gəlin onu tanıyaq və bundan sonra səhabələrin hamısına qarşı diqqətli və hörmətli olaq. Onlar elə şəxslər olublar ki,Allah təalanın şəriətini bizə çatdırıblar. Onlar bizim sələfimiz, özümüzdən əvvəl
keçmiş və özündən nümunə götürəcəyimiz şəxsiyyətlər olublar. Onlar hamısı Allah
təalanın razılığını qazanmış şəxsiyyətlər olublar.

Allah təala onlar haqqında ayələr nazil edib. Allah təalaya iman edən elə bir şəxs yoxdur ki, onlar haqqında əsassız
sözlər danışsın. Əgər onlar haqqında əsassız sözlər danışanlara rast gəlsəniz əmin olaraq bilin ki, onların qəlblərinə iman neməti, imanın şirinliyi, dadı və ləzzəti yerləşməmişdir. Onlar buna görə də narahatdırlar.

Bizim belə vəziyyətdə vəzifəmiz onların, yəni böyük və dəyərli səhabələrə qarşı həddi aşanların islahı üçün dua etmək, onlara izah etməyə çalışmaq ki, həqiqətən də əziz vətəndaş sən bilmədiyin və elmin olmayan bir işin üstünə düşmüsən. Bu cür halda
qalmağın bu dünya və axirətin üçün təhlükəlidir. Dərhal Allaha tövbə et, özünü düzəlt, Allah təalanın Qurani Kərimdə təriflədiyi və razı qaldığı şəxsləri böhtanla və yalanla günahlandırma. Sənin günahlandırdığın bu cür dəyərli və fəzilətli
səhabələrdən də biri Əbu Hüreyrədir (Allah ondan razı olsun). Əbu Hüreyrənin (Allah ondan razı olsun) adı haqqında müxtəlif rəvayətlər gəlmişdir. Ən məşhur rəvayətə görə adı Əbdürrəhman ibn Səhrdir. İslamı qəbul etməmişdən əvvəl adı Əbdüşşəms olub.
Bir rəvayətə görə müsəlman olduqda Allahın Rəsulu (ona və ailəsinə salam olsun) onun adını Əbdürrəhman olaraq dəyişdirmişdir. Onun adı haqqında çoxlu rəvayətlərin olması, adı haqqında ixtilaflar olmasının səbəbi həm səhabələr tərəfindən, həm də səhabələrdən sonra gələnlər tərəfindən adı ilə yad edilməməsi, “əbu hüreyrə”, tərcümədə “pişiklərin atası” (yəni pişikləri sevən, onları yanında saxlayan) mənasına gələn künyəsi ilə adı çəkilməsi və bu adı ilə məşhur olmasıdır. Əbu Hüreyrədən (Allah ondan razı olsun) bu ləqəbi haqqında soruşanda o mübarək insan belə cavab vermişdir: “Ailəmizin qoyunlarını otarardım. Həmin vaxt mənim balaca bir pişiyim var idi. Gecə olanda həmin pişiyimi bir ağaca qoyar, gündüz olduqda isə özümlə yanımda aparıb onunla oynayardım. Buna görə də mənə Əbu Hüreyrə künyəsi verildi” (Tirmizi, 4091).

Əbu Hüreyrə (Allah ondan razı olsun) Yəmənli olub Dəvsi qəbiləsindəndir. Özünün ifadəsinə görə yetim olaraq böyümüşdür. Anası Meymunə binti Sahibdir. Anası əvvəllər islamı qəbul etmirdi. Oğlu Əbu Hüreyrə (Allah ondan razı olsun) anasının müsəlman olması üçün Allahın Rəsulundan (ona və ailəsinə salam olsun) dua tələb etmiş (yəni Allahın peyğəmbəri olan Məhəmmədə (ona və ailəsinə salam olsun) anasının müsəlman olması üçün dua etməsini istəmişdi), peyğəmbər də onun anasının müsəlman olması üçün dua etmişdi. Bunu anasına xəbər verməyə gedən Əbu Hüreyrə (Allah ondan razı olsun) evə çatdıqda anasının kəlimeyi şəhadəti dediyinə şahid olmuş və sevincindən ağlamışdır. Görün necə də mübarək bir insandır. Bu
müjdəli xəbəri Allahın Rəsuluna (ona və ailəsinə salam olsun) çatdırmış və özü ilə anasını möminlərə və möminləri də özlərinə sevdirməsi üçün dua etməsini istəmiş, bunun ardınca Rəsulullah (ona və ailəsinə salam olsun) bu duanı etmişdir. Ona görə
də Əbu Hüreyrə belə demişdir: “Məni eşidən və görən hər mömin məni sevmişdir” (Müslim, 2491, 158). Bu sözə çox diqqət edin. Allah təalanı, Onun Kitabını, Onun Rəsulunu sevən hər bir kəs mütləq Rəsulunun yanında qalıb ona iman edən və onun
kəlamlarını digər insanlara çatdıran səhabəsini mütləq sevir və sevməlidir. Ona görə ki, bu cür mübarək insanlar bizə xeyirdən başqa heç bir şey qoyub getməmişlər. Burada indi diqqət edək, həqiqətən də qəlbində Allaha və Onun peyğəmbərinə sevgisi
olan hər bir insan Əbu Hüreyrəni sevir. Əgər qəlbinizdə iman varsa Əbu Hüreyrəni sevrsiniz. Çünki onu sevməmək mümkün deyil. Allaha və Rəsuluna iman edən onu sevir. İndi Qiyamət günü tərəzi qurulmamışdan əvvəl öz imanınızı tərəziyə qoyun. Əgər sizdə Allaha və Rəsuluna iman varsa və səhabələri tanıyırsınızsa onları sevirsiniz. Bundan başqa isə ən çox hədis rəvayət edən Əbu Hüreyrəni necə də sevməyəsən. Elə bir şəxsi şəriətin bir çox hökmlərini o bizə çatdırmışdır. Allah ondan razı olsun. Amin! Əbu Hüreyrə (Allah ondan razı olsun) hicri tarixi ilə 7-ci ildə Xeybər döyüşü əsasında Yəmənli müsəlmanlarla birlikdə Mədinəyə gəlmiş və müsəlman olmuşdur.

Bunun ardınca Suffə camaatının arasına qatılmış və bu elm yuvasında dinini öyrənmişdir. Suffə camaatı o kəslərə, o səhabələrə deyirdlər ki, onlar yoxsul idilər, ailələri və malları yox idi, onlar peyğəmbərin məscidinin yanında hücrələr, kiçik çadırlar
halında qalırdılar. Allah onlardan razı olsun. Əbu Hüreyrə (Allah ondan razı olsun) yoxsulluq və ehtiyacın bütün şiddətinə qatlanaraq Allahın Rəsuluna (ona və ailəsinə salam olsun) biət etdiyi andan etibarən yatmaq vaxtlarından başqa heç vaxt ondan
ayrılmadı. Dünyadan köçənə qədər Allah rəsulu (ona və ailəsinə salam olsun) ilə bərabər 4 il qaldı. Bu 4 il, elə bir dörd il idi ki, dinləmək, itaət etmək, əməl etmək və hər cür gözəlliklərlə dolu olan, özlüyündə geniş və uzun, adətən təkbaşına
bir ömür... Özünü islama həsr edən bu gəncin hafizəsi, yaddaşı çox güclü idi. Özünün vaxtını alan və onu məşğul edən uşağı yox idi. Rəsulullahın da (ona və ailəsinə salam olsun) “AMİN!” deyərək duasına əlavə etdiyi, Allahdan istədiyi şeylərin
içərisində “unutmayacaq bir elm” də vardır (Hakim). Allah Rəsuluna (ona və ailəsinə salam olsun): “Səndan çox şeylər eşidirəm, amma unuduram” deyə şikayətləndikdə, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) onun ridasını yaydı, sonra uclarından
tutaraq Əbu Hüreyrənin qəlbinin üzərinə topladı və o, bundan sonra eştdiklərini unutmadı (Tirmizi, 4085, 4086). Əbu Hüreyrənin (Allah ondan razı olsun) nə əkəcəyi bir torpaq, nə də məşğul olacağı bir ticarəti var idi. Buna görə də səfərə çıxanda
da, vətənində qalanda da Allah Rəsulunun (ona və ailəsinə salam olsun) yanından ayrılmırdı. Bu səbəblə də o qədər hədis öyrənib əzbərlədi ki, bir çox dəyərli səhabələr: “Bu qədər hədisləri haradan tapdı, nə vaxt eşidib əzbərlədi?” deyərək heyrətə düşdülər. Doğrudan da Rəsulullahdan (ona və ailəsinə salam olsun) elm aldığı kimi Əbu Bəkr, Ömər, Ubey bin Kəb, Üsamə bin Zeyd, Aişə və daha bir çox böyük səhabələrdən (Allah onların hamısından razı olsun) elm almış və bunları əzbərləyərək rəvayət etmişdir. Əbu Hüreyrə (Allah ondan razı olsun) çox hədis rəvayət etdiyi üçün hər dövrdə onun haqqında müxtəlif sözlər deyilmişdir. Halbuki rəvayət etdiyi hədislərin yalnız 180 qədərində tək qalmış, qalanlarına isə digər səhabələrin rəvayətləri şahidlik etmişdir. Onun danışdığı hədisləri bütün səhabələr təsdiq etmiş və bir çox hədislərə isə özləri şahid olmuşlar. Ona görə də bu cür
fəzilətli səhabəyə şübhə ilə yanaşmaq əsl tövhid əsli müsəlmana yaraşmaz. İndi onun
fəziləti ilə bağlı bir neçə hədisi diqqətinizə çatdırırıq. 1. Bir dəfə Peyğəmbər (ona və ailəsinə salam olsun) bir qənimət payladığı zaman (qənimət düşmən mallarından olur və onu da peyğəmbər müsəlmanlara paylayırdı) “Dostlarının istədiyi bu qənimətlərdən sənə də verməyimi istəmirsənmi?” buyurmuş, Əbu Hüreyrə (Allah ondan razı olsun) “Mən səndən Allahın sənə öyrətdiklərindən istəyirəm” demişdir (Siyəru A’lâmi’n-Nübəlâ 2/593).2. Əbu Hüreyrə (Allah ondan razı olsun), Muhəmməd peyğəmbərdən (ona və ailəsinə salam olsun) qiyamət günündə şəfaəti ilə xoşbəxt olacaq insanı soruşduqda Muhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) “Ya Əbu Hüreyrə! Hədis əzbərləmək üçün səndə gördüyüm bu şiddətli arzuya görə bunu səndən
əvvəl heç kimin məndən soruşmayacağını bilirdim. Onlar ixlasla lə ilaha illallah deyən şəxslərdir” buyurdu (Buxari, 255). 3. Əbu Hüreyrə belə demişdir: “İnsanlar “Əbu Hüreyrə çox hədis rəvayət edir” deyirlər. Halbuki Allahın Kitabındakı bu iki
ayə olmasaydı heç bir hədis rəvayət etməzdim (iki ayə belədir: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər
lənət oxuyurlar! Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (Bəqərə, 159-160)). Mühacir qardaşlarımızı bazarlarda alış-veriş,
ticarət, ənsar qardaşlarımızı da bağlarında olan işlər məşğul edirdi. Əbu Hüreyrə isə qarnını ac qoyub Allahın Rəsulundan (ona və ailəsinə salam olsun) ayrılmazdı, onların olmadığı məclislərdə olur, onların əzbərləmədikləri sözləri əzbərləyirdi
(Buxari, 271).Hədis öyrənməyə belə şövqlü və istəkli olan Əbu Hüreyrə haqqında Asim ibn Kuleyb belə rəvayət etmişdir: “Atam Əbu Hüreyrənin hədis rəvayətini dinləmiş, o hədis rəvayətinə: Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurdu ki; “Kim
bilə-bilə mənim haqqımda yalan danışarsa, cəhənnəmdəki yerinə hazırlaşsın!” deyərək başlayardı (Əhməd, 2/413). Düşünün ki, Əbu Hüreyrə (Allah ondan razı olsun) əvvəlcə bu sözü deyər və sonra da peyğəmbərdən eşitdiyi və gördüyü hədisi rəvayət edərdi. Belə bir şəxsiyyətin peyğəmbərdən yalan deməsini necə düşünə bilərsiniz? Məgər onu özünüzə taymı bilirsiniz? Əsla belə etməyin. Allahdan qorxun. Allahdan qorxun. Allahdan qorxun. Bununla da burada kifayətlənmək istəməzdim. Onun həyatı haqqında cildlərlə kitablar var. Təsəvvür edin ki, onun hansısa bir hədisi haqqında cildlərlə kitablar var. Onda bu cür şəxsiyyət haqqında mənfi fikirdə olan onun həyatını oxusun. Onun rəvayət etdiyi hədisləri araşdırsın. Allah təala bizim kütləvi
informasiya vasitələrimizin aparıcı və jurnalistlərinə həqiqi din olan, haqqı nahaqdan ayıran islam dinini öyrətsin, onlara haqqı haqq olaraq göstərsin və onları batildən uzaqlaşdırsın. Amin!
Müvəffəqiyyət bəxş edən Allaha həmd olsun! Amin!


Tarix: 11.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Maraqlı melumatlar
loading...