Dua bəlaları geri çevirmək üçün ən faydalı vasitədir. Bəlaların qarşısını alar və ya xəfiflədər.Müsəlman dua edərkən onun ədəb və fəzilətinə uyğun etməlidir. Allah cəmi müsəlmanların dualarını qəbul etsin!
Duanın fəziləti.
Duanın fəzilətləri, səmərəsi sayıb bitirilməyəcək qədər çoxdur. Bununçün təkcə onun ibadətin bir növü olmasını qeyd etmək kifayətdir. Hətta, nəinki ibadətin bir növü, ibadətin bütünüdür desək yanılmarlq. Necə ki, Allah Rəsulu buyurur: “Dua ibadətdir” (Tirmizi) Duanı tərk etmək Allaha ibadətdə təkəbbürə dalmaq, Allahın əmrləri önündə acizliyini inkar etməkdir. Allah-təala buyuur: “Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mömin 60) Bu ayə eyni zamanda Allaha təvəkkül etməyimizə də bir dəlildir. Dua edən halı ilə Allahdan istəyir və beləcə işlərinin nəticəsini də Allaha buraxmış olur. Çünki, Allah: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”- deməkdədir.
Dua elə bir qüvvətli silahdır ki, müsəlman ondan istifadə ilə xeyrlərə nail olar və ziyanları dəf edər. Rəsulullah (s) buyurmaqdadır: “Sizdən kimə dua qapısı açılsa deməli ona Rəhmət qapısı açılmışdır. Allahdan (dünyəvi) istəklər içərisində Ona ən sevimli olan afiyətdir (can sağlığı). Dua enən və hələ enməmiş olan müsibətlərə faydalıdır. Ey Allahın qulları, dua edin!”
Dua elə bir silahdır ki, peyğəmbərlər ən çətin zamanlarında ona sarılmışlar. Bədr qəzvəsində Rəsulullah müşriklərinin sayının 1000, əshabının sayının isə cəmisi 319 nəfər olduğunu gördükdə qibləyə dönmüş və əllərini qaldıraraq belə demişdi: “Allahım mənə vədini yerinə yetir. Allahım mənə vəd etdiyini ver. Allahım müsəlmanlardan bu kiçik dəstəni həlak etsən, sənə yer üzündə ibadət edən kimsə qalmaz.” Dua edərkən qibləyə dönərək səsini yüksəltmiş, əllərini qaldırmışdı. Hətta bu zaman ridası çiyinlərindən yerə düşmüş, hz. Əbu Bəkr (r) onu qaldıraraq çiyinlərinə qoymuş və demişdi: “Ey Allahın Rəsulu, Rəbbin sənin duanı qəbul edər. Verdiyi vədi gerçəkləşdirər.” (Muslim)
Öz səbri ilə məşhur olan hz. Əyyub başına gələn bəlalar zamanı dua silahna sarılmışdı. Xəstəliyi səbəbi ilə heç kim ona yaxın gəlməzdi. Sadəcə xanımı yanında idi. Ancaq o, hz. Əyyubla birlikdə bəlalara səbrlə dözməkdə idi. Başına gələn davamlı bəla və müsibətlər zamanı Əyyub əleyhissəlam dua edərdi. “Rəbbinə yalvarıb dua edərək belə demişdi: Ya Rəbbi, mənə bəla üz verdi. Sən rəhimlilərin Rəhimlisisən.” (Ənbiya83-84)
Dua dərdlərin dərmanı, qəmin yox olması, könlün açılması, işlərin asanlaşmasıdır. Qul dua edərkən Rəbbindən kömək istəyir, acizliyini, zəifliyini etiraf edir. Ehtiyaclarını Allah qarşısında bildirir. Dua Allahın qəzəbindən uzaq olmağa səbəbdir. Rəsulullah (s) hədislərinin birində buyurur: “Allaha dua edib ondan bir şey istəməyənə Allah qəzəblənər.”
Dua müsəlmanın silahı, zəifin, könlü sınığın qalası, sığınacaq yeridir. Səbələrin tükəndiyi, bütün qapıların bağlandığı vaxt yönələcək bir qapı daha vardır, onun da açarı duadır.
Duanın ədəbləri
Dua edərkən qul əvvəlcə Allaha həmdü-səna etməli, Rəsuluna səlatu-səlam göndərməlidir. Fudalə bin Ubeyd rəvayət edir ki, “Rəsulullah ilə əyləşmişdik. Bir adam içəri girərək dua etməyə başladı. Hz.Muhamməd ona dedi: “Sən dua edərkən tələsdin. Duadan öncə Allaha həmd et və mənə səlatu-səlam et. Ey namaz qılan, belə dua et, duan müstəcəb olacaqdır.” (Tirmizi)
Dua edərkən Allaha günahları etiraf və iqrar etmək lazımdır. Günahları etiraf qulun Allaha ixlasla yönəlməsinin göstəricilərindəndir. Yunus (ə) da bu hal ilə dua etmişdi: “...Amma sonra qaranlıqlar içində: “Səndən başqa İlah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam.” (Ənbiya 87)
Əzm və israrla dua etmək lazmdır. Hədisi-şərifdə Allah Rəsulu (s) buyurmaqdadır: “Sizlərdən biri dua edərkən dua etdiyi məsələdə əzm göstərsin. Heç zaman deməsin ki, Allahım istəsən ver. (Həm də bilsin ki,) Allah məcbur deyil.” (Buxari və Müslim)
Dua edərkən dəstəmazlı olmaq, qibləyə yönəlmək ,əlləri qaldırmaq və hüzur içərisində olmaq. Bu halda dua etmək qəlbin hüzurunu təmin etməkdə, sədaqət, istiqamət və ixlas üzərində olmağa yardım etməkdədir. Abdullah bin Zeyddən (r) rəvayət olunur: “Allah Rəsulu yağış yağması üçün namazgaha gəldi və dua etdi., qibləyə yönəldi əllərini qaldırdı.” Musa əl-Əşəri (r) rəvayət edir ki, “Rəsulullah Hüneyndən qurtarmış və dua etmişdi. Dəstəmaz almış və əllərini qaldıraraq demişdi: “Ey Allahım Ubeyd bin Amiri bağışla” (Ravi deyir ki,) Mən onun qolunun altının ağlığını gördüm.” (Buxari. Müslim)
Aşağı səslə və gizli dua etmək. Allah Qur`anda buyurmaqdadır: “Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları sevməz” (Əl-Ə`raf 55 ) Hədisdə də buyurulir: “Dua edərkən səsinizi qısaldın. Dua etdiyiniz sizə yaxındr, eşidəndir. O, hər şeyi eşidən və biləndir. (Buxari)
İddialı dəbdəbəli duadan çəkinmək. Dua acizliklə, yalvarılaraq, boynu bükük olaraq edilər. İbn Abbas dostlarından birinə nəsihət edərək deyir: “Dua edərkən ş`er formasından (qafiyəli) çəkinin. Mən Allah Rəsulunun zamanında yaşadım. O, qafiyəli duadan əshabını çəkindirərdi.” (Buxari)
Müstəhəb vaxtları aramaq və və bu zamanlarda dua etmək. Beş vaxt fərz namazlardan sonra, əzan oxunanda, əzan və iqamə arasında, gecənin üçdə birində, cümə günündə, Ərəfə günündə, yağış yağanda səcdədə və Allah yolunda çıxarkən dua etmək müstəhəb zamanlarda edilən dualardandır.
Bəddua etməkdən uzaq olmaq. Allah Rəsulu belə buyurur: “Özünüzə, övladlarınıza, malınıza bəddua etməyin. Duanın qəbul edildiyi vaxt var ki, lənət oxuyarkən dua yerinə keçər və qəbul olunar.”
Tarix: 21.11.2012 / 13:58 Müəllif: [Ram] Baxılıb: 1344 Bölmə: Maraqlı melumatlar