Harunla baş verən səhnə ilə bağlı əxz edilən ikinci dərs bundan ibarətdir ki, qadının camiədə rolu baxımından inqilabi dəyişikliklər müşahidə olunur. Görün dəyərlərdə nə qədər inqilab baş verib ki, cahiliyyət dövründə bir əşya kimi qəbul edilən qadın, qız uşağının doğularkən diri-diri torpağa basdırılan bir camiədən çıxan qadın cahiliyyət dövründəki vəziyyətindən nə qədər fərqli bir duruma gəlib. İndi qadın bir həddə çatır ki, İslam toplumunda durub xəlifəni tənqid edir, özü də bir səviyyədə ki, çox ibrət götürülməlidir, çoxlu dərs götürülməlidir. Bu xanımlar Zəhra (s.ə.) məktəbinin, Zeynəb (s.ə.) məktəbinin şagirdləri olublar. Zalım saraylarını lərzəyə gətiriblər, xəlifələrə haqqı deyiblər.
İndi də bu proses davam edir, biz dünyaya nəzər salsaq, görərik ki, dünyanın müxtəlif yerlərində öz haqq və azadlıqları uğrunda mübarizə aparan xanımlar var və bu sürəc ildən-ilə daha da vüsətlənir, güclənir.
Bütün bunlar Rəsulullah (s) məktəbinin təntənəsinin təzahürüdür. Həzrət Rəsulallah (s) qarşısına vəzifə qoymuşdu ki, insan yetişdirsin. Rəsulallah (s) öz qarşısına vəzifə qoymuşdu ki, toplumda zülmə qarşı mübarizə etmək baxımından bir immunitet yaratsın. Və bu məktəbin parlaq tələbələri hər zaman yetişib, bu gün də var.
Üçüncü dərs ki, buradan götürülməlidir – xəlifələrin, hökmdarların səviyyəsi ilə bağlıdır. Bəzən hökmdarları axmaq, səfeh göstərmək meyli meydana çıxır. Amma bu, doğru yanaşma deyildir. Həzrət Peyğəmbərə (s) qarşı çıxan Məkkə əyanları dövrlərinin ən hiyləgər, ən tədbirli ünsürləri idi. İmamlarımızı (ə) təqib edən, incidən zalımlar da (lənətlik yezidi çıxmaq şərtilə) zəmanələrinin güclü və məkrli fərdləri idi. Əgər onlar bacarıqlarını İslam yoluna, haqq yoluna qoysa idilər, yüksək mənəvi zirvələrə çatar, Salmanlar, Əbazərlər, Meysəm Təmmarlar, Miqdadlar kimi olardılar. Amma dünya onları aldatdı, müvəqqəti nəsnələrə görə özlərini məhv etdilər, İlahi Hüccətlərə qarşı çıxdılar. Qondarma xəlifəlik etdilər. Hakimiyyətdə qalmaq üçün gecə-gündüz baş kəsdilər, qan tökdülər.
İndiki zəmanəmizə də baxsaq, görərik ki, bir çox ictimai-siyasi xadimlər, hətta mütəffəkirlər, düşüncə sahibləri fəqət dünyaları üçün İslama qarşı o qədər can qoyublar ki, əgər onlar imanlarında bunları etsəydilər, parlaq şəxsiyyətlər olardılar. Bu baxımdan biz tarixdən görürük ki, bu xəlifələrdən biri – lənətlik Yezid axmaq çıxdı, zahirdə də İslamla müxaliflik etdi, daxildə də. Amma ondan öncəkilər zahirdə müəyyən məsələlərə riayət edirdilər. Hiyləgərlikləri də bunda idi.
Bəli, dünyada insana verilən vaxt bir gün sona çatacaq. Harun üçün də, digəri üçün də, bizim üçün də. Ölüm mələyi gələndə heç kimdən icazə almır. Hafizdə bununla bağlı bir beyt var, mənası budur ki, bu dünyada nə rahatlıq, nə eyş, nə işrət var, bir halda ki, hər an o təbil çalına bilər ki, şələ-küləni yığ, getmək vaxtıdır.
Ümumi nəticəmiz bu oldu ki, hamı zəmanəsinin ya Harunu olur, ya da haqsevəri. Qadını da, kişisi də. Çoxu-azı var. Hərə ən azı özünün hakimidir, hərə ən azı öz vücudunun sahibidir. Gəlin vücudlarımızın Harunu olmayaq. Çünki, bu vücudlarımızın, əzalarımız bizlərdən şikayət edəcəyi bir gün var. Həqiqi dəyərlərlə dost olaq, beşgünlük dünyaya görə özümüzü məhv etməyək.
Allahım! Bizləri həqiqətdə azad olanlardan qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar