İslam tarixində müqəddəs İmamların (ə) təqib olunduğu yüzillər dövründə zalıma dəstək vermək mövzusu xüsusilə önə çıxmışdır. Belə ki, Həzrət Peyğəmbərin (s) yolunu aparan, ümmətə mənəvi rəhbərlik edən İmamlar (ə) hər zaman məhz insanların süstlüyü və sükutu fonunda zalım xəlifələr tərəfindən zülmə məruz qalmışdırlar. Halbuki, Allahın Peyğəmbəri (s) ümmətə belə bir xəbərdarlıq ünvanlamışdır: “Kim bir şeyə tamahlanaraq zalım sultanı tərifləsə və özünü onun qarşısında xar və yüngül tutsa, Cəhənnəmdə ona yoldaş olar”.
Digər yerdə Rəsuli-Əkrəmdən (s) oxşar məzmunda xəbərdarlıq edilir: “Kim zalım hökmdarı mədh etsə və təmənnasına görə özünü onun qarşısında zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq”.
Mübarək inancımız insanı məzlumun, zülmə məruz qalanın yanında olmağa çağırır. Allahın Peyğəmbəri (s) buyurub: “Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar”.
Dinizmiz insanın haqqı deməsini istəyir. Məzlumun yanında olmağı, zalımın zülmünə razı olmamağı istəyir insandan. İmam Əlidən (ə) nəql edirlər: “Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun”.
Bəli, haqqı demək, haqqın yanında olmaq - dinimizin ən çox təqdir etdiyi dəyərlərdəndir. Allahın Peyğəmbəri (s) buyurub: “Ehey! Məbada kimsə haqqı bilə və xalqın qorxusundan onu deməyə. Bilin ki, ən üstün cihad - zalım və yolunu azmış rəhbərin qarşısında deyilən haqq sözüdür”.
Bu əlaqədə bir ibrətamiz hadisəyə toxunmaq yerinə düşərdi. Nəql edirlər ki, dövrün zalım hökmdarı Harun ər-Rəşidin qılıncının dalının da, qabağının da kəsdiyi bir dövran idi. Bu, həmin lənətlik Harundur ki, müsəlmanların 7-ci imamı Həzrət Musa Kazımı (ə) zəhərlədib şəhid etmişdi. Bir gün bir haqpərəst xanım həmin bu Harun ər-Rəşidin sarayına gəlir və ona bir şeir oxuyur. Bu şeirin tərcüməsi belədəir ki, sənin işin zirvəyə çatdı, işin tamama çatdı. Biriləri elə bilər ki, burada Harunun durumu təriflənir, onun zirvəyə yetişməsi mədh edilir. Amma şeiriyyatdan məlumatlı olanlar anlayırlar ki, söhbət nədən gedir. Maraqlıdır ki, Harunun özünün də şeir sənətindən başı çıxırmış. Və haqq yolunda olan bu xanım, Harunun şeiriyyatdan baş çıxarmasını bilərək, sərrast sözlərlə ona hüccət tamam etmişdir, İlahi əzabla qorxutmuşdur.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar