Sual:Bəzi müsəlmanlar, Allah onlara hidayət versin, Allah təala onları qız övladları ilə nemətləndirdikdə qəzəblənirlər və qızları gətirdikdə çox məyus olurlar.Həmçinin bir nəfər tanıyıram, zövcəsini hədələyib ki, qız doğarsa onu boşayacaqdır. Ümidvaram ki, İslam şəriəti nöqteyi-nəzərindən bu mövzuya bir az açıqlama verəcəksiniz.
Cavab:
Həmd Allaha məxsusdur.
Heç şübhəsiz ki, bu əməl islamdan əvvəlki ilk cahillik dövrünün əməllərindən, pis niyyətli, pis tərbiyə almış insanların davranışından olmuşdur. Onlar ki, Quranda və Sünnədə ittiham olunmuş və məzəmmət edilmişdirlər.
Görün bu gün məsələlər o dövrdə olanlara necə də oxşardır. Müsəlman ölkəsində hər hansı bir doğuş şöbəsinə baş çəksəniz və dünyaya qız övladları gətirənlərin simalarına, sifətlərinə göz gəzdirsəniz, onların söylədiklərinə qulaq versəniz və onların necə olduğuna şahid olsanız, görəcəksiniz ki, bu insanların bir çoxu ilə Cahiliyyə insanları arasında qəribə bir bənzərlik mövcuddur. Allah təala həmin cahiliyyə dövründən bəhs edərək buyurur: “Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!” (ən-Nəhl 16:58-59)
Qız övladlarına qarşı ikrahın təzahürlərindən, əlamətlərindən biri budur ki, bəzi xəstəxanlarda, qadınlar və yaxud gələcək atalar bətndə olanın oğlan və yaxud qız olmasını aşkar etmək üçün ultrasəs müayinədən keçirlər. Nəticə etibarilə, oğlan isə onlar bunu ailələrinə bildirirlər və qız isə susurlar. Bu çox ciddi bir məsələdir. Bundan bir sıra haram məsələlər doğur. Bu məsələlər aşağıdakılardır:
1. Bu cür yanaşma, davranış Allahın qədərinə etiraz, üsyandır.
2. Həmçinin Allah təalanın bəxş etdiyi hədiyyədən imtina etmək, onu qəbul etməməkdir.
3. Halbuki bu hədiyyəyə görə Allaha şükr etmək lazımdır. Bu cür əməl Allahın qəzəbini qazanmaq və Onun cəzasına düçar olmaq üçün kifayətdir.
4. Bundan əlavə qadını alçaltmaq və onu aşağılamaqdır, onun üzərinə dözülməz, daşıya bilməyəcəyi yük qoymaq təzyiq göstərməkdir. Belə ki, qız və oğlan olmasına qadın deyil, aləmlərin Rəbbi Allah hökm verir.
5. Bu cür əməl axmaqlıq, cahillik, avamlıq və ağılsızlığın, ağıldan naqis olmağın nişanələridir.
6. Bu cür etməklə həmin insan Cahiliyyə camaatına bənzəmiş olur.
Müsəlman kəs bu cür rəftardan, yanaşmadan uzaq durmalı, çəkinməli və özünü bu cür dağıdıcı, həlak edici düşüncədən xilas etməlidir. Allahın qədərinə boyun əymək, təslim olmaq fərzdir, vacibdir və qədəri qəbul etmək möminlərin sifətlərindən biridir.
Bundan əlavə, qız uşaqlarının fəziləti, üstünlükləri heç kəsə gizli deyil. Çünki onlar bizim analarımız və bacılarımız, həyat yoldaşlarımızdırlar. Qız övladları cəmiyyətin yarısı, parasıdırlar. Cəmiyyətin digər yarısını da dünyaya gətirən məhz onlardır. Nəticə etibarilə, sanki cəmiyyətin tamamı elə onlardır. Baxın “Tuhfat əl-Məvlud fi Əhkəm əl-Məvlud” İbn Əl-Qeyyim səh.16
Qız övladlarının digər bir fəziləti bu həqiqətdir ki, Allah təala onların gəlişini “hədiyyə” (bəxşiş) adlandırmışdır və Qurani Kərimdə onlardan söz açaraq “qızları” “oğlanlardan” əvvəl zikr edir. Allah təala buyurur: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları BƏXŞ EDIR.” (əş-Şura 42:49)
Həmçinin peyğəmbərimiz də sallallahu aleyhi və səlləm öz növbəsində onların fəzilətini izah etmiş və onlara qarşı gözəl rəftar nümayiş etdirməyi təkidlə bizə bildirmişdir. Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim bu qız övladları ilə imtahana çəkilərsə və onlarla gözəl davranarsa, onlar (qızlar) onun üçün Oddan müdafiə (sipər) olacaqdır”. (Buxari 1418 (Fəth əsərində); Müslim 2729)
Muhəmməd İbrahim əl-Həməd “əl-İmən bil Qadə və Qadər” səh.160
Tarix: 13.04.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqlı melumatlar