(“Təfsiri-nümunə”yə istinadən)
“Ey Adəm övladları! Biz bədənizi örtən bir geyim və sizə zinət olan (bir paltar) göndərmişik. Lakin təqva paltarı daha yaxşıdır. Bu, Allahın ayətlərindəndir, bəlkə düşünəsiniz”. (“Əraf”, 26).
Tarixin göstərdiyi kimi insan həmişə paltar geyinmişdir. Əlbəttə, əsrlər keçdikcə müxtəlif paltarlar olmuşdur. Keçmişdə paltarların çoxu isti və soyuqdan qorumaq üçün istifadə edilmişdir. Həmçinin zinət və təmtəraq məqsədi də daşımışdır. Müasir dövrümüzdə isə paltarın bədəni qoruması birinci dərəcəli əhəmiyyətə malikdir. Kosmonavtların, yanğınsöndürənlərin, mədən işçilərinin, suya dalanların xüsusi paltarları olur ki, onlar bədəni təhlükədən qorumaq üçün hazırlanmışdır.
Bizim dövrümüzdə paltar istehsalı inkişaf etmişdir. Keçmiş ilə müqayisə edilə bilməz.
“Əl-Mənar” təfsirinin müəllifi bu ayənin təfsirində yazmışdır: “Bir gün Almaniyanın ölkə başçılarından biri parça fabrikasını görməyə gəlir. Girişdə yunlarını qırxdıqları qoyunları ona göstərirlər. O, fabriki gəzəndən sonra ona parça hədiyyə edirlər və deyirlər ki, bu parça həmin qoyunların yunundan hazırlanmışdır. Yəni bir neçə saat keçmədi ki, qoyunun üzərindən qırxılan yun parça halına çevrilmişdi.
Ancaq çox təəsüf ki, bizim dövrümüzdə paltar istehsalı o qədər inkişaf etmişdir ki, paltarın fəlsəfəsini kölgədə qoyur.
Belə ki, paltar təmtəraq sevənlərin, fəsad yayanların, özünü nümayiş etdirənlərin, təkəbbür sahiblərinin amilinə çevrilmişdir. Bəzən cavanların, xüsusilə də özlərini Qərb cavanlarına bənzətmək istəyənlərin əynində elə paltarlar görmək olar ki, qeyri-adekvat insanların paltarlarına daha çox oxşayır, nəinki ağıllı. Paltardan başqa hər şeyə bənzəyir. Bundan belə nəticəyə gəlmək olur ki, mənəviyyatın azlığı paltarda əcaib-qəraib şeylərə gətirib çıxarır. O, insanlar ki, özlərini cəmiyyətdə lazımı qədər nümayiş etdirə bilməyəndə qəribə paltar geyinərək özlərini başqalarından ayırmağa çalışırlar. Ona görə də müşahidə edə bilərik ki, şəxsiyyətli insanlar heç bir zaman bu cür paltar geyinmirlər.
Paltar istehsalı nəticəsində çoxlu miqdarda sərvət məhv olur. Əgər modabazların paltarlarını istehsal etməyə sərf edilən pul yığılarsa, bir çox ictimai problemləri həll etmiş olar. Ehtiyacı olanların ehtiyacını təmin edər. Paltar istehsalında təkcə pul deyil, vaxt və əmək də israf edilir.
Peyğəmbərin (s) və həmçinin İslam rəhbərlərinin həyatına nəzər salanda görmək olur ki, onlar təmtəraqlı paltarlar ilə müxalif olublar. Belə ki, hədisdə oxuyuruq: “Peyğəmbərin (s) xidmətinə gələn Nəcran xristianlarının bir qrupu ipəkdən gözəl paltar geyinmişdilər. Ərəblərin içində bu cür təmtəraqlı paltara rast gəlmək olmurdu. Peyğəmbərə (s) salam verəndə o, salamın cavabını vermir. Hətta onlarla bir kəlmə belə kəsmək istəmir. Bunun səbəbini Əlidən (ə) soruşurlar və o, deyir: ”Mən belə fikirləşirəm ki, onlar gərək bu təmtəraqlı paltarları və bahalı üzükləri çıxartsınlar. Sonra Peyğəmbərin (s) xidmətinə gəlsinlər.” Onlar da o cür etdilər. Peyğəmbər (s) bu dəfə onların salamlarına cavab verir və onlara deyir: “Məni göndərən Allaha and olsun ki, onlar ilk dəfə yanıma gələndə gördüm ki, şeytan da onlarla bir yerdə gəlmişdir”.
Paltar insanı soyuqdan, istidən qoruduğu kimi mənəvi əhəmiyyətə də malikdir. Belə ki, müsəlman xanımların ismətini qoruyan paltar daha çox mənəvi əhəmiyyət daşıyır. Hicab - demək ismət deməkdir, hicab - demək abır-həya deməkdir, hicab - demək təqva deməkdir, hicab - demək iman deməkdir...
Çox təəsüf ki, dövrümüzdə heç də hamı hicabın fəlsəfəsini dərk edib, buna riayət etmir. Xanım Fatimə (s.ə.) ismətini qorumaq üçün hicab geyinirdi. Biz də əgər hicabın fəlsəfəsini dərk ediriksə, hansısa serial qəhrəmanı kimi deyil, xanım Fatimə (s.ə.), xanım Zeynəb (s.ə.) kimi geyinməliyik.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, paltar insanı istidən, soyuqdan, təhlükəli vəziyyətlərdən qoruyan bir vasitədir. Eyni zamanda Quran ayəsinin buyurduğu kimi, cismimizə zinət bəxş edir və onu olduğundan gözəl göstərir. Bir şərtlə ki, həddini aşmasın. Çünki bu, elə bir həssas məsələdir ki, iblis lənətlik insana vəsvəsə edir və təmtəraqa tərəf həvəsləndirir. Ancaq ayədə buyurulduğu kimi, paltarların ən gözəli - təqva libasıdır. Allah bütün müsəlmanlara təqva libasına bürünməyi nəsib etsin!
Hazırladı: Məşhədi Xanım,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar