Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərə İman

RƏSUL - Peyğəmbər kəlməsi – RƏSULUN – göndərilən deməkdir. Bu da bir işi təbliğ etmək üçün göndərilən kimsə mənasına gəlir. Burada qəsd Allahın insanlar arasında şəriət vəhy edib, o şəriəti təbliğ etməsini əmr etdiyi kimsədir.

Göndərilmiş bütün Peyğəmbərlər yalnız kişilərdən ibarət olub. «Biz səndən əvvəl də özlərin vəhy etdiyimiz ancaq kişi peyğəmbərlər göndərmişdik». (ən-Nəhl 43). Rəsulların ilki Nuh – əleyhissəlam -, sonuncusu da Məhəmməd – sallallahu aleyhi və səlləm – dir. «Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik». (ən-Nisa 163). Ənəs b. Məlik – radıyallahu anhu – nun rəvayət etdiyi şəfaət hədisində Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanların Adəm – əleyhissəlam – ın yanına şəfaət etmək üçün getmələri, o da: «Nuh – əleyhissəlam – ın yanına gedin o, Allahın göndərdiyi ilk rəsuldur» - deməsi də buna dəlildir. Məhəmməd – sallallahu aleyhi və səlləm – haqqında: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40).
Elm əhlinin söylədiklərinə görə Rəsul (Eiçi) ilə Nəbi (Peyğəmbər) arasında fərq budur: «Nəbi – şəriət vəhy edilməklə birlikdə o, şəriəti təbliğ etmə əmri verilməyəndir. Rəsul – Allahın şəriət vəhy etdiyi və onu təbliğ etməsini, gərəyincə əməl etməsini əmr etdiyi kimsədir. Buna görə də hər rəsul bir nəbidir, lakin hər nəbi rəsul deyildir».
Əhli Sünnə vəl Cəmaat Allahın qullarını müjdələyən, insanları hidayətə yönəldən və zülmətdən nura çıxartmaq üçün haqq dinə dəvət edən, rəsullar, peyğəmbərlər göndərdiyinə inanırlar. Onlardan birini inkar edən Allahı və bütün Peyğəmbərləri inkar etmiş olur. «Allahı və Peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərindən ayırmaq istəyənlər: «Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq» deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər – bütün bunlar həqiqətən kafirlərdir. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq. Lakin Allaha və peyğəmbərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah öz mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir». (ən-Nisa 150-152).
Nə üçün Allah Peyğəmbərlər göndərib?
1. Hər hansı bir qövmə Peyğəmbər gəlmədiyi üçün Allah ora Peyğəmbər göndərib.
2. Ola bilər ki, bir qövmə Peyğəmbər göndərilib, lakin gətirdiyi şəriət dəyişildiyinə görə yeni Peyğəmbər göndərilib.
3. Hər hansı bir qövmə Peyğəmbər göndərilib, şəriət olduğu kimi qalıb, lakin sonrakı zamana uyğun olsun deyə, yeni hökmlərə ehtiyac olduğu üçün Peyğəmbər göndərilib.
4. Hər hansı bir Peyğəmbərin dediklərini təsdiq etmək üçün, kömək olsun deyə Peyğəmbər göndərilib.
Allah hər ümmətə onların içərisindən onları bir və tək olan Allaha ibadət etməyə və ondan başqa ibadət olunan bütün varlıqları rəd və inkar etməyə çağıran peyğəmbərlər göndərdiyinə inanmaqdır. Allah hər ümmətə şəriət ilə bir peyğəmbər göndərmədiyi və ya ondan əvvəlki Peyğəmbərlərin şəriətini yeniləmək (təzələmək) üçün vəhy etdiyi bir peyğəmbər (nəbi) göndərilməmiş heç bir ümmət yoxdur. «Biz hər ümmətə: «Allaha ibadət edin və tağutdan çəkinin» deyə peyğəmbər göndərmişdik». (ən-Nəhl 36). «Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib getməsin». (Fatir 24).
Onların çağırışları ümmətləri şirk və bütpərəstlikdən qurtarmaq, insanları çirkin və fahis işlərdən çəkindirmək üçündür. Onlar risalətlərini təbliğ etdilər, üzərilərindəki əmanəti əskiksiz yerinə yetirdilər, ümmətlərinə səmimiyyətlə öyüd-nəsihət verdilər. Allah yolunda layiqli cihad etdilər. Rəbləri tərəfindən dəstəklənmiş oldular. «Allah mələklərdən elçilər seçdiyi kimi insanlardan da seçər». (əl-Həcc 75).
Heç bir şeyi gizlətməyib, hər hansı bir dəyişiklik etmədiklərinə, özlərindən ora nə bir hərf artırıb, nə də bir hərf əskiltmədiklərinə inanmaqdır. «Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-saçıq bir təbliğdir». (ən-Nəhl 35).
Allah o, şərəfli Rəsulların göndərməsində hikməti: «Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və bilik sahibidir». (ən-Nisa 165).
Rəsullar da yaradılmış insanlardır. Rububiyyət və Uluhiyyət xüsusiyyətlərindən heç birisinə sahib deyillər. Onlar Allahın istədiyindən artıq nə özlərinə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malikdirlər. De ki: «Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram». De ki: «Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!». (əl-Ənam 50).
Onlara əmr edilən şeylərə uyan bir əmirdilər. De ki: «Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni Allahdan heç kəs qurtara bilməz və mən ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» (əl-Cinn 21-22). De ki: «Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm» (əl-Əraf 188).
Xəstəlik, ölüm, yemək və içmək kimi şeylərə ehtiyac duyduqları və s. buna bənzər özəlliklər onlar haqqında da söz edilməkdədir. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!». (əş-Şuəra 78-82).
Həmçinin Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər sənə desələr Məhəmməd sabah nə olacağını bilir, inanma». İbn Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ancaq sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın».
Allah onları insanlar arasında ən şərəfli, hörmətli olduqlarını qeyd etməklə yanaşı onların bütün yaradılmışlar kimi Allahın qulu olduqlarını da qeyd edir. «Həqiqətən Nuh çox şükr edən qul idi». (əl-İsra 4). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz quluna (Məhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). «O (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur». (əz-Zuxruf 59).
Bütün bu göndərilən Peyğəmbərlərin məqsədləri bir olub. İnsanları Allaha ibadət etməyə çağırmaq. Həqiqətən biz Nuhu öz qövmünə Peyğəmbər göndərdik. O, belə dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir ilahiniz yoxdur. Məgər qorxmursunuz». (əl-Muminun 23). Ad tayfasına da qardaşları Hudu Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız». (Hud 50). Səmud tayfasına da öz qardaşları Salehi Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 61). Mədyən əhlinə də qardaşları Şüeybi Peyğəmbər göndərdik. O, dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 84). Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: «Mən sizin ibadət etdiklərinizdən təmamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa»! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir». (əz-Zuxruf 26-27).
Allah bir çox Rəsul və Peyğəmbər göndərmişdi. Bəzilərinin adı Qurani-Kərimdə və Sünnədə bizə gəlib çatmış, bəzilərinin da adları bildirilməmişdir. «Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik!». (ən-Nisa 164).
Qurani-Kərimdə adları zikr olunan 25 Rəsul və Peyğəmbər vardır. «Bu bizim İbrahimə (1) öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir. Biz İshaqı (2) və Yəqubu (3) ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu (4) və onun nəslindən olan Davudu (5) , Süleymanı (6), Əyyubu (7), Yusifi (8), Musanı (9) və Harunu (10) da hidayətə qovuşdurduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni (11), İsanı (12), İlyası (13) da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili (14), Əlyəsəi (15), Yunisi (16) və Lutu (17) da hidayətə qovuşdurduq və onları insanlardan üstün etdik». (əl-Ənam 83-86). «İdrisi (18) və Zulkifli (19) də yad et». (əl-Ənbiya 85). «Ad tayfasına qardaşları Hudu (20) göndərdik». (əl-Əraf 65). «Səmud (tayfasına) qardaşları Salehi (21) göndərdik». (əl-Əraf 73). «Mədyən tayfasına da Şüeybi (22) göndərdik». (əl-Əraf 85). Həmçinin Adəm, Yəhya və Məhəmməd (hamısına Allahın salat və salavatı olsun!). «Biz səndən əvvəl də Peyğəmbərlər göndərmişdik. Onların kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik». (əl-Mumin 78).
Onların içərisində ən fəzilətliləri Ulul-Azim deyə adlanan beş Peyğəmbərdir. Xatırla ki, biz bir zaman Peyğəmbərlərdən əhd almışdıq: «Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryam oğlu İsadan da!». (əl-Əhzab 7).
Allah Peyğəmbərləri bi-birindən üstün etmişdi. (Ya Məhəmməd!) «Biz peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin dərəcələrini yüksəltmişdir». (əl-Bəqərə 253). «Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik». (əl-İsra 55).
Ulul –Azim deyə bilinən Peyğəmbərlərin ən fəzilətlisi isə İslamın Peyğəmbəri, Peyğəmbərlərin və Rəsulların sonuncusu, aləmlərin Rəbbinin son elçisi Abdullah oğlu Məhəmməddir. «Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli – radıyallahu anhu – buyurur: «Sənin mənə görə durumun Harunun Musaya görə durumu kimi olmasına razı deyilsən? Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir».


Tarix: 08.05.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Maraqlı melumatlar
loading...