Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Məhəmməd Peyğəmbərin (s.ə.s) 35 yaşı olanda, onun mənsub olduğu Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür. Kəbənin dağılmasından və xəzinəsinin oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər. Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı. Xəzinə, adətən, Kəbənin içindəki quyuda olurdu. Lakin məbədi dağıtmaq istədikdə onun yanında nəhəng bir ilan peyda oldurdu. İlan heç kimə Kəbə Evinə yaxın gəlməyə imkan vermirdi. Qüreyşilər ilandan qorxub onu yemləyirdilər. Lakin ilan yenə də məbədə yaxınlaşmağa mane olurdu. Onda qüreyşilər Allaha üz tutub yalvardılar: "Ey Allah! Əgər razısansa, Sənin Evini ucaltmaq və bəzəmək istəyirik. Əgər yox, onda nə məsləhət bilirsənsə, onu da et!". Birdən onlar nəhəng bir quşun qanad səsini eşitdilər. Quş ilanı götürüb özü ilə apardı. Beləliklə, qüreyşilər Kəbə Evini söküb yenidən bərpa etmək istədilər. Elə bu zaman dənizdə Ciddə yaxınlığındakı sahilə Bizans tacirinə məxsus bir gəmi batdı. Qüreyşilər Kəbənin yenidən tikilməsində dağılmış gəminin taxta hissələrindən istifadə etməyi qərara aldılar. Lakin Əbu Vəhab bin Əmr adlı birisi Kəbə Evinə yaxınlaşıb onu sökmək üçün bu məbədin bir daşını çıxartmaq istədikdə, gözlənilmədən daş onun əlindən sıçrayıb əvvəlki yerinə qayıtdı. Əbu Vəhab dedi: "Ey qüreyşilər! Kəbənin tikintisində yalnız halal yolla əldə etdiyinizi istifadə edin! Bu Evin tikintisində haram yolla, sələm və hər hansı bir insanın haqqını əzməklə əldə olunanı istifadə etmək olmaz!". Qüreyşilər Kəbə Evini halallıqla yenidən qurmağa hazırlaşdılar. Rəvayətlərə görə, onlar Kəbənin sütununda Assuriya dilində yazılmış aşağıdakı məktubu tapmışlar: "Mən Allah, Məkkənin sahibiyəm. Mən onu yeri və göyü yaratdığım, günəş və ayı işıqlandırdığım gün yaratdım. Mən onu 7 pak mələklə əhatə etdim. Nə qədər ki dağlar dayanıb, o da var olacaq. Onun əhalisinə suyunda və südündə xeyir-bərəkət olsun".
Sonra qüreyşilər Kəbənin tikilməsi üçün daşlar yığdılar. Hər tayfa ayrılıqda daşları yığırdı. Növbə Allahın hələ Həzrət Adəmə göndərdiyi Qara daşı məbədə yerləşdirməyə çatdıqda, onların arasında mübahisə yarandı. Hər tayfa digər tayfanın iştirakı olmadan Qara daşı qaldırmaq istəyirdi. Bir gün onlar məbəddə yığışıb mübahisə etməyə başladılar. Qüreyşilərin ağsaqqalı Əbu Üməyyə belə dedi: "Qüreyşilər! Kim bu ibadətgahın qapısından birinci girsə, sizin mübahisənizə o aydınlıq gətirsin". Elə də etdilər. İlk daxil olan şəxs isə Həzrət Məhəmməd oldu. Peyğəmbərimiz belə dedi: "Mənə parça gətirin!". O, Qara daşı götürüb öz əlləri ilə həmin parçanın üzərinə qoydu. Sonra dedi: "Qoy hər tayfa parçanın bir tərəfindən yapışsın və sonra onu hamınız birlikdə qaldırın". Onlar elə də etdilər. Daşı yerinə gətirdikdən sonra, Məhəmməd Peyğəmbər onu öz əlləri ilə divara yerləşdirdi.
Tarix: 06.06.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar