Müsibətin baş verdiyi ilk andan başlayır səbr...
RəsulALLAH övladının qəbri üstündə qışqıra-qışqıra ağlayan bir qadının yanından keçirdi. Ona: “ALLAHdan qorx və səbr et!” -deyə buyurdu. Qadın: “Çıx get, çünki mənim başıma gələn müsibət sənə üz verməyib.”-dedi. ALLAH Rəsulu getdi. Qadın ALLAH Rəsulunu tanıya bilməmişdi. Onun Peyğəmbər (s.a.v.) olduğunu dedilər. Bunu eşidər-eşitməz Peyğəmbərin (s.a.v.) qapısına qaçdı. Üzrxahlıq etmək üçün ALLAH Rəsuluna Sizi tanıya bilmədim deyincə Peyğəmbər buyurdu: “Səbr müsibətin ilk anında ediləndir.”
ALLAH Rəsulu möcüzəvi bəlağəti ilə şərhi cildlərə sığmayan bir məsələni bu bir neçə kəlməlik cümlədə ifadə edir. Səbrin bir neçə növü vardır. Müsibətə səbr, günahlara müqavimət göstərməkdə səbr, ibadətə davam etməkdə səbr və s.
Səbr etmək, canını dişinə tutmaq, dözmək, mətanət göstərmək, sarsılmamaq, usanmamaq, bezməmək, hər gün zəhər kimi acı hadisələrin acısını içinə çəkmək və dözmək əlbəttə asan iş deyil. Ancaq bütün bunlar müsibətin ilk anında edilməlidir.
Səbr ibadətləri davam etdirmək məsələsində də çox vacibdir. Təzə namaza başlayan bir insana ilk vaxtlar namaz çox çətin gələ bilər. Ancaq bir az səbr edib ruhən, mənən namazla bütünləşsə, müəyyən vaxtdan sonra həyatını namazsız təsəvvür etməz.
İnsan harama qarşı da eyni səbrlə mübarizə aparmalıdır. Günahın astanasında göstərilən müqavimət onun mənfi təzahürlərini qırar, sarsıntını sovuşdurar. ALLAH Rəsulu (s.a.v.): “İlk baxış lehinə, sonrakı əleyhinədir” buyurur. Yəni insanın gözə bilmədən günaha baxa bilər. Amma o, dərhal gözünü yumub üzünü çevirsə, bu, onun üçün günah yazılmaz. Hətta harama baxmadığı üçün ona savab da yazıla bilər. Məhz haramın çulğaladığı ilk anda səbr edib ondan üz çevirmə, gözləri yumma ALLAH Rəsulunun tövsiyə etdiyi dəyərli öyüdlərdir.
Tarix: 05.06.2013 / 21:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar