Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğru yuxular necə olur?

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Möminin sadiq röyası nübüvvətin (peyğəmbərliyin) qırx altıdan-bir hissəsidir. Nübüvvətdən bir parça olan şey isə yalan ola bilməz”.

Bu hədisdə Peyğəmbərin sadiq yuxunu nübüvvətin qırx altıdan-bir hissəsi adlandırmağının səbəbini alimlər belə izah ediblər: Həzrət Mühəmmədin (s) peyğəmbərlik müddəti 23 il, sadiq röyalar görməsi isə altı ay davam etmişdi. Altı ay 23 ilin qırx altıdan-bir hissəsidir.

Sadiq yuxular görmək neməti hər kəsə verilməz. Hədisdə deyilir ki, sözü düz olanın yuxusu da doğru çıxar. Mömin, əxlaqlı, ibadətləri vaxtında yerinə yetirən adamların yuxusunun düzgün çıxma ehtimalı daha böyükdür.

Yuxuların düzgün yozulması da mühüm məsələdir. Hər kəs istər özünün, istərsə də başqasının gördüyü röyanı düzgün yozmağa qadir deyil. Bunun üçün savad və xüsusi istedad lazımdır. Din aləmində Daniyal Peyğəmbərin (ə), Həzrət Əlinin (ə), tabeindən İbn Sirinin, məşhur alim İbn Ərəbinin yuxuyozma kitabları məşhurdur. Yuxunu yozarkən vaxtı, yatma şəraitini, yuxu görən adamın kimliyini və yuxunun bəzi detallarını mütləq nəzərə almaq lazımdır. Yuxunun şeytani yoxsa ilahi (sadiq) olduğunu ayırd etmək bəzən adi metodlarla qeyri-mümkün olur. Bəzən yuxunu yalnız bundan əvvəlki mənbələrə – yuxuyozma kitablarına əsasən mənalandırmaq da mümkün olmur. Bu zaman yuxunun yeni “şifrə”lərini tapmaq tələb olunur ki, bunu da kəşfü kəramət sahibi olan, Allahdan ilham alan arif şəxslər edə bilərlər.

Sadiq yuxunun dərhal həyata keçməsi vacib deyil. Qurani-kərimin Fəth surəsinin 27-ci ayəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkəni ziyarət etməsi barədə Mədinədə yuxu gördüyü barədə danışılır. Həmin il (hicrətin 6-cı ilində) müsəlmanlar o həzrətin başçılığı altında Məkkəyə yola düşərkən bu ziyarətin mütləq baş tutacağına inanırdılar. Amma həmin il Kəbəni ziyarət etmək onlara qismət olmadı və məsələ Hüdeybiyyə sülhü ilə nəticələndi. Bu zaman bəzi müsəlmanlar Peyğəmbərin yuxusunun çin olmamasından narahat oldular və o həzrətin nübüvvətinə şəkk etdilər. Amma Peyğəmbər onlara buyurdu ki, mən bu yuxunun elə bu il həyata keçəcəyini sizə deməmişdim. Yuxu bir müddətdən sonra da çin ola bilər. Necə ki, Peyğəmbərin bu yuxusu növbəti il – hicrətin 7-ci ili zilqədə ayında müsəlmanların qəza ümrəsi kimi tarixə düşmüş Məkkə ziyarəti ilə reallığa qovuşmuş oldu.

İnsan yaxşı yuxu görəndə bunu yaxın adamlara danışması və sevincini onlarla bölüşməsi yerinə düşər. Amma hədislərdə deyilir ki, pis və xoşagəlməz yuxu görən adam bu barədə heç kimə bir söz deməsin, həmin yuxunun ona ziyan yetirməyəcəyinə inansın və yuxusunun çin çıxmaması üçün Allaha sığınsın. Çünki əksər hallarda başqaları insanın pis yuxusundan xəbər tutanda bunu daha da şişirdir, insanı daha artıq ümidsizliyə və təşvişə düçar edirlər. Ümumiyyətlə, İslam dini müjdə və ümid dinidir. Özünü və başqalarını ümidsizliyə salan, qanını qaraldan, təşviş gətirən, neqativ aura yaradan hərəkətlər dinimizdə bəyənilmir. Pis yuxunu danışmaq da bu qəbildəndir. Xalq ənənəsində pis yuxunu heç kimə danışmamaq, əksinə, axar suya danışmaq və bu yolla sanki onun mənfi gücünü batil etmək inancı vardır.

Sadiq yuxuların həyata keçmə dərəcəsi fərqli olur. Elə yuxular var ki, tam dəqiqliklə və qısa müddət ərzində çin olur. Elə yuxular var ki, qismən reallaşır. Bəzi yuxular uzun müddətdən sonra həyata keçir. Bəzi yuxuların isə həyatdakı təzahürünü görmək üçün rəmzləri, gizli işarələri oxumaq lazım gəlir.

Sadiq röyalara aid bir neçə nüans vardır ki, onları qeyd etməyi lazım bilirik.

Əvvəla, sadiq röyalar adətən səhərə yaxın görülür. Həmçinin, ağacların tumurcuqladığı və meyvələrin yetişdiyi mövsümlərdə (yəni baharın əvvəlində və yayın sonunda) görülən yuxuların daha çox həqiqətə uyğun olduğunu yazırlar.

İkincisi, yuxuda peyğəmbəri və imamları görmək heç zaman şeytanın vəsvəsəsi ola bilməz. Yəni şeytan bu müqəddəs insanların qiyafəsinə girməyi bacarmaz və yuxuda bu qiyafələrdən istifadə etməklə insanı aldada bilməz. Peyğəmbər buyururdu ki, yuxuda məni görmüş adam oyaq halda məni ziyarət etmiş kimidir.

Nəhayət, maraqlı cəhətlərdən biri də budur ki, dünyanın sonuna yaxın möminlərin gördükləri sadiq röyaların sayı artar. Axirət-zamanda yaşayan möminlər daha çox doğru yuxu görərlər. Bunun səbəbi haqqında deyirlər ki, dünyanın sonuna yaxın zülm artar, möminlər çətin vəziyyətə düşərlər. Onların hər yerdən ümidi üzülər, özlərini köməksiz və tənha hiss edərlər. Bu zaman Allah sadiq röyalarla möminlərə yardım göstərər, onlara müjdələr verər.


Tarix: 04.06.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Maraqlı melumatlar
loading...