Əssəlamu aleykum və rahmətullahi və bərakətuhu!
Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.
Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsəlman olaraq can verin (Al-i İmran, 102)
Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir ( Nisa, 1)
Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar ( Əhzab, 70-71).
Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir.
Möhtərəm müsəlmanlar! Ən birinci təqvalı ( Allah qorxusu) olmağınıza çağırıram. Allah Sübhəna və Təalə bizə çoxlu nemətlər bəxş edib. Həmin nemətlərin bir qismi özümüzdədir. Daim bizimlədir. Allah Sübhəna və Təalə bu haqda buyurur: Məgər Mənim nemətlərimin sizdə olduğunu görmürsüz. İnsanın əzaları ( göz, qulaq və s.) nemətdir. İnsan çox vaxt əzaların qədrini bilmir. Lakin o vaxt ki, bir şikəst gözü və ya başqa əzası olmayan görür, onda o bu nemətlərin qiymətini başa düşür. İnsan bu əzalara görə Allaha şükr etməli və onları həm xətərdən, həm də gunahdan qorumalıdır.
İnsanlar da fərqlənir. Bəzilər bu əzalardan dünya və axirəti üçün faydalanır. Bəzilər isə yalnız dünya üçün, lakin axirətdə bu əzalar onun üçün əzab olacaq.
Bəzi əzalar bəzilərindən mühüm və əfzəldir. Bunlardan da biri insanın ağılıdır. Gəlin görək insan ağıldan necə istifadə etməlidir İslam ağıla necə qiymət verib Və s. belə məsələlər.
Ağıl ərəb sözüdür, mənası bir şeydən çəkinmək və ya həbs etmək deməkdir. Ağılı da istifadə etməyə şəriət qaydalar qoyub. Bilmək lazımdır ki, İslamda din ağıla tabe deyil. Ağıl dində Quran və Peyğəmbərin (s.ə.s) hədislərindən sonra gəlir. Bəziləri isə əksinə ağılı birinci tutub, əvvəl ağılın, sonra Quranın, sonra isə hədislərin gəldiyini deyirlər. Lakin bu xətadır. Bu haqda Əli ibn Əbu Talib (r.a) buyurub: Əgər din ağılımıza görə olsaydı onda gərək biz məshi xuffun və ya corabın üstündən deyil, altından çəkməli olardıq. Ona görə ağıl Quran və Sünnədən sonra gəlir. Bu o demək deyil ki, ağıl lazım deyil. Lakin ağılın öz növbəsi və yeri vardır. Allah Sübhənə və Təalə neçə ayədə ağıl haqında danışır: Məgər onlar ağılla düşünmürlər və ya Bəlkə ağılla düşünüb başa düşərlər və s. bunun kimi ayələr.
Həmçinin alimlər ağılın harada olması haqda ixtilaf ediblər. Bəziləri deyiblər ki, başda, bəziləri isə qəlbdə olduğunu deyiblər. Qurana baxsaq məsələn, Onlar qəlbləri ilə düşünməzlər ayəsinin zahiri mənası ağılın qəlbdə olduğunu bildirir. Lakin ağıl başda da olsa, onun qəlb ilə böyük əlaqəsi vardır. Necə ki, dilin ağızda olmasına baxmayaraq ağıllı insanın dili qəlbinin arxasındadır. Çünki ağıllı insan söz deyəndə fikirləşər, elmlə danışar və s. Amma ağılla fikirləşməyən dilinə nə gəldi danışar.
Bundan başqa bilmək lazımdır ki, dərk etmək iki cürdür. Birinci fitri dərk etmə. İnsana öyrətməmiş o yaxşı və pisi ayıra bilir. Məsələn: uşaq dünyaya gələndə yeməyin nə olduğunu bilir, sevindirəndə gülür, xoşuna gəlmədiyi şeylərə ağlayır. Bunların hamısını əvvəlcədən bilir. Bu fitri ağıldır. İkinci növ insanın özündən asılıdır. Bunu isə insan özü çalışıb qazanmalıdır. Allah Təalə ağılın neçə yaşa qədər dərk etməyinə hədd qoyub. Allah Sübhənə və Təalə buyurur: Biz insanlara ata-anaya yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət (insan) kamillik həddinə yetişib qırx yaşına çatdıqda belə deyər: Pərvədigara! Mənə mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! ( Əhqaf, 15). Ona görə ən gözəl vaxt 40 yaşındadır. Hətta peyğəmbərlik də 40 yaşında verilib.
Ümumən İslam dini kimi ağıla qiymət verən başqa din yoxdur. Əhkamların hamısında demək olar ki, hər şey ağıla batır. Düzdür, elə şeylər də var ki, ağıl dərk etmir, bunlar da qeybi məsələlərdir. Çünki bu məsələdə ağıl acizdir. Digər məsələlərdə isə ağıl dərk edir. Hətta bu haqda Allah Sübhənə və Təalə Quranda buyurur: Məgər onlar fikirləşmirlər Fikkirləşənlər üçün açıq-aydın dəlillər var. Başqa bir ayədə Allah Təalə əmr edir: Gedin gəzin yer üzünü, ağılınız düzgün başa düşsün. Ona görə də İslam ağılı qoruyur. Nəyə görə içki içmək haramdır. Çünki o insanı zəiflədib, dərk etməkdən uzaqlaşdırır.
İslam ağıldan düzgün istifadə olunması üçün yollar göstərib. Umumən ağıla görə elm 3 qismə bölünür:
1. Fitri və ya zəruri elm. Bunu hamı bilməlidir. Məsələn, ikinin birdən çox olmasını hamı bilir.
2. Nəzəri elmlər. Buna kəşf, ixtira və s. aiddir.
3. Qeybi elm. Bunda isə ağıl dayanmalıdır. Çünki ağıl da digər əzalar kimidir. Misal üçün bir insandan min km-lərlə uzaqda olan adamı görməyi və eşitməyi istəsək o bunu edə bilməyəcək. Ona görə göz və qulaq, həmçinin ağıl və s. əzalar bu məsələdə acizdirlər.
İnsanların bəziləri ağılı şişirdib şəriəti ağıllarına tabe ediblər. Ağılı şəriətdən üstün tutan insanların deməyindən belə çıxır ki, ağıl xəta edə bilməz. Onlara görə şəriət yox, ağıl məsumdur. Bu cür insanlar ağıla tabe olmayan ayələrə başqa mənalar verirlər. Ağıla tabe olmayan hədisləri isə rədd ediblər. Məsələn İsanın, Mehdinin gəlişi barədə hədisləri qəbul etmirlər. Bundan başqa Peyğəmbərin (s.ə.s) hədisini: Əgər qabınıza milçək düşsə onu dibinə kimi batırın, sonra çıxardıb atın. Və bunun kimi başaqa səhih hədisləri qəbul etmirlər. Belə insanlar ağıllarına görə nəyi yaxşı görürlər onu yaxşı kimi, nəyi isə pis görürlər onu da pis kimi qəbul edirlər.
Bəziləri də ağılı alçaldıblar. Məsələn bəzi sufi təriqətləri kimi övliyaların kəramətini çox şişirdib, ağılın dərk etməyəcəyi həddə gətirib çıxardıblar. Soruşanda da ağıl bunu dərk etməz cavabını verirlər. Düzdür şəriət ağıla hədd qoyub, lakin Quran və sünnəyə aid olan məsələlərdə.
Ona görə insan gərək bu həddi aşmaya. Həmçinin bilmək lazımdır ki, ən birinci ağılı şəriətdən üstün tutan İblis olub. Allah Subhənə və Təalə Quranda buyurur: Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: Mən palçıqdan bir insan (Adəmi) yaradacam. Mən onu tamamlayıb öz ruhumdan üfürən kimi ona səcdə edin!. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) buyurdu: Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun. (İblis) dedi: Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan! ( Sad, 71-76). Bununla şeytan ağılı üstün tutub zəlalətə düşdü.
Ağıl şəriət məsələlərində müstəqil hərəkət edə bilməz. Çünki elə məsələlər var ki, insan onu dərk edə bilmir. Məsələn ruh, Cənnət, Cəhənnəm və s. bunun kimi məsələlər. Ona görə düzgün, Rəbbani yol Məhəmməd peyğəmbərin (s.ə.s) yoludur. Belə məsələlərdə şəriətə tabe olub iman gətirməliyik.
İnsan ağılına görə heyvandan seçildiyi kimi, müsəlman da qeyri-müsəlmandan seçilir. Bir kişi nəsranilərin ağıllı olduğunu deyəndə, ona onların ağıllı olmadığını cavab verdilər. Çünkü ağıllı adam tək Allahı qəbul edib Ona ibadət edər.
Ona görə ağılı qorumaq lazımdır. Ağılı korlayan amillər də vardır. Məsələn baxıcının, sehrbazın və s.-nin yanına getmək. Bunların hamısı təvəkkülü, Allahla insan arasında olan rabitəni zəiflədir. Və bununla insan Allahın rəhmətindən uzaqlaşır.
Əgər ağıl müstəqil dərk etsəydi onda Allah Təalə Quranda bizə məsləhət almamızı, müşavirət etməyimizi əmr etməzdi. Ona görə insan belə məsələlərə fikir verməlidir.
Allah Sübhənə və Təalə bizi eşidib faydalananlardan etsin. Amin!
Allah Sübhənə və Təalə müsəlman ölkələrini xətadan-bəladan qorusun. Amin!
Allah Sübhənə və Təalə kimin xəstəsi var ona şəfa versin. Amin!
Tarix: 08.05.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqlı melumatlar