Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏVAZÖKARLIQ

Gözəl əxlaqı nümayiş etdirən normalardan biri də təvazökarlıqdır. Təvazökarlıq sadəlik, parlaq simaya malik olmaq mənasına gəlib özünəvurğunluq, özünü təmizə çıxarmaq və üstün tutmaq kimi xislətlərdən uzaq olmaq deməkdir. Allah taala buyurur: “Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” (ən-Nəcm, 32)

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Allah taala mənə vəhy etdi ki, təvazökar olasınız. Sizlərdən biriniz digərinə qarşı qürurlanmasın və haqsız davranmasın!” İnsan, üzərində haqqı olan kəslərə mülayim davranması və onların sözləri qarşısında baş əyməsi də təvazökarlığın əlamətidir. Bunlara valideynləri, alimləri, rəhbərləri aid etmək olar. Hər şeydən əvvəl təvazökarlıq edib Allah taalanın fərz etdiyi əməlləri yerinə yetirmək və Onun rəsulunun (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmrlərinə tabe olmaq lazımdır. Alimlər deyirlər ki, Allahın itaətindən uzaq düşmüş dünya sakinlərinə təvazökar davranmaq dəyər-qiyməti olmayan rəzillikdir. Zəiflərə mərhəmət etmək, salamlaşma, şirindil olmaq, evdə ailəyə xidmət, dəvətin və hədiyyənin qəbul edilməsi və sair bu kimi əməllər təvazökarlığın əlamətləridir.
Təvazökarlığın əksi isə təkəbbürlükdür. Təkəbbürlüyün ən böyüyü lovğalıq və yer üzərində fəsad törətməkdir. Allah taala buyurur: “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!” (əl-Qəsəs, 83) İbn Kəsir (Allah ona rəhmət etsin!) ayənin təfsirində buyurur: “Allah taala xəbər verir ki, O, axirət evini və onun bitməyən nemətini yer üzərində lovğa olmayan, başqalarına xor baxmayan, günahlar etməklə insanlar arasında fəsad törətməyən mömin qulları üçün hazırlamışdır”.
Haqsızlıq, zülm, özünübəyənmə, haqqa qarşı məğrur olmaq, özünün daha üstün və daha böyük olduğunu zənn edərək başqalarından üz çevirmək təkəbbürlüyün əlamətləridir. Allahın verdiyi nemətlərin çoxluğundan qürrələnərək özünü ən ali mövqedə hesab etmək şübhəsiz ki, zəlalətdir. Musanın qövmü içərisində böyük ticarət sahibi olan Qarun barəsində Allah taala buyurur: “Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük”. (əl-Qəsəs, 81) Həmçinin, təkəbbürlüyə isbal da daxildir. Bu, paltarın topuqdan aşağı uzadılması mənasına gəlir. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Topuqdan aşağı örtülən yerlər oddadır”. Başqa bir hədisdə isə Allahın rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Allah təkəbbürcəsinə paltarlarına çəkən kəslərə baxmaz”. Aşağıdakı hədisdə bəyan olunduğu kimi gözəl və yaraşıqlı paltar geyinmək isə təkəbbürlük sayılmır. “Həqiqətən, Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük haqqa qarşı məğrur olmaq vəinsanları xor görməkdir”.
Dilin natəmizliyi və kobudluğu da təkəbbürlük əlamətidir. Əbu Dərdadan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət günü möminin tərəzisində ən ağır gələcək şey onun gözəl əxlaqı olacaq. Həqiqətən, Allah ədəbsiz və iyrənc olan şeylərə nifrət edər”. Digərlərinə yuxarıdan aşağı baxmaq, onlara dəyər və önəmin verilməməsi də təkəbbürlüyün təzahürüdür. Şübhə yoxdur ki, başqalarına qarşı təkəbbürlü olmaq Allaha asi olmaqdır. Asiliyin yaranma səbəbi isə insanın özünü bəyənməsi, öz əmlakı, nəcabəti, elmi və şan-şöhrəti ilə qürrələnməsi ilə bağlıdır. Yaxşı olar ki, bu nemətlərin bizə bəxş edilməsi müqabilində həmd şükr edək, həmin nemətlər üzündən digərlərini xor görməyək. Sünnədə bilindiyi kimi Qiyamət günü insanlar dünyada təkəbbürlü olanların üstündən zərrə qədər kiçik olduqlarına görə tapdalayıb keçəcəklər. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu barədə buyurur: “Qiyamət günü hər şeyi zorla edən və təkəbbürlü olan kimsələr zərrə mislində həşr olunacaqlar. Insanlar onları tapdalayıb keçəcək, özlərini isə rəzillik və alçaqlıq bürüyəcək”. Bununla aydın olur ki, haqqa boyun əyməmək və başqalarına qarşı təkəbbürlü davranmaq Allahın əzabını və nifrətini qazanmağa səbəb olur.
Hədis şərifdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim daxilində və istəklərində təkəbbürlü olarsa, Allah onu qəzəbli halda qarşılayar”. Təkəbbürlü olan kəsin qəlbi haqqa yönəlməz. Allah bizi bundan qorusun! Allah taala buyurur: “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam”. (əl-Əraf, 146)
Təkəbbürlüyün əlacına gəlincə, insan nədən yarandığını və həyatı boyu hara istiqamət aldığını xatırlamalı, təkəbürrünə görə sorğuya çəkiləcəyini anlamalıdır. Bəlkə bunlar onun nə qədər gücsüz və zəif bir məxluq olduğu, Rəbbinin isə hər şeyə qadir olduğunu başa düşməyə səbəb olar. Nəticədə əməllərində və fikirlərində təvazökarlıq hiss edər, Allahın qullarına xoş davranar.
Fayda:
Qazi İyad buyurur ki, insanlara xoş, nəşəli, şəfqətli münasibət göstərmək, onları sevmək, işlərini yüngülləşdirmək, çətinliklərin yanlarında olub səbr diləmək, təkəbbürlüyü və başqalarını xor görməyi tərk etmək və kobudluqdan, azardan çəkinmək əxlaqın təzahür edən ən gözəl formalarıdır. Hər şeyin ən doğrusunu Allah bilir.


Tarix: 08.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Maraqlı melumatlar
loading...