Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təharət; Ayaqyoluna getməyin ədəb qaydaları

1. Ayaqyoluna daxil olmaq istədikdə bu duanı demək müstəhəbdir (yaxşıdır):
"Bismilləh, Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahın adı ilə. Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram). Buna dəlil, Əlinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Adəm övladı ayıb yerlərini cinlərdən qorumaq üçün ayaqyoluna girdikdə bismilləh (Allahın adı ilə) deməlidir"[1].

Digər dəlil isə Ənəsin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna daxil olduqda belə deyərdi: "Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram)[2].
2. Ayaqyolundan çıxdıqda isə "Ğufranəkə" (Allahım, məni bağışla) demək müstəhəbdir (yaxşıdır):
Buna dəlil, Aişənin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyolundan çıxdıqda, "Ğufranəkə" (Allahım, məni bağışla) deyərdi[3].
3. Ayaqyoluna daxil olduqda sol, çıxdıqda isə sağ ayaqla başlamaq müstəhəbdir (yaxşıdır):
Bunun dəlili isə, gözəl işlərə sağ, xoşagəlməz işlərə isə sol ayaqla başlamaq haqqında olan ümumi qaydadır. Buna dəlalət edən ümumi mənalı dəlillər mövcuddur[4].
4. Əgər ayaqyoluna açıq sahədə gedirsə, insanların onu görməməsi üçün uzağa getməsi müstəhəbdir:
Cabir (Allah ondan razı olsun) deyir ki, "biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərə çıxmışdıq. O, ayaqyoluna gedəndə, gözdən itənə qədər uzaqlaşardı"[5].
5. Yerə oturana qədər paltarını qaldırmamaq müstəhəbdir (yaxşıdır):
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyolunda yerə oturana qədər paltarını qaldırmazdı"[6].
6. İstər açıq sahədə, istərsə də qapalı ayaqyolunda arxasını və ya önünü qibləyə tərəf tutmaq olmaz:
Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ayaqyoluna getdikdə önünüzü və ya arxanızı qibləyə tərəf tutmayın. Ya şərqə ya da qərbə[7] tərəf tutun"[8].
Əbu Əyyub deyir ki, biz Şama getmişdik. Orada ayaqyoluları Kəbəyə tərəf tikildiyindən bacardığımız qədər başqa istiqamətə dönür, sonra Allahdan bağışlanma diləyirdik[9].
7. İnsanlar keçən yolda və ya kölgələnən yerdə subaşına çıxmaq haramdır:
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Lənət olunan iki adamdan özünüzü qoruyun!" Orada olanlar dedilər: "Lənət olunan o iki nəfər kimlərdir?" O dedi: "İnsanlar keçən yolda və ya kölgələnən yerdə subaşına çıxan kimsə"[10].
8. Çimdiyi yerə yüngül subaşı etmək məkruh sayılır (bəyənilmir):
Humeyd əl-Himyəri deyir ki, Əbu Hureyrə kimi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi olmuş bir nəfərlə qarşılaşdım, o mənə dedi: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə hər gün daranmağı və çimdiyimiz yerə yüngül subaşına çıxmağı qadağan etmişdir"[11].
9. Durğun suya, yüngül subaşı etmək haramdır:
Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), durğun suya işəməyi qadağan etmişdir"[12].
10. Ayaq üstə işəmək olar, lakin oturmaq daha yaxşıdır:
Huzeyfə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qəbilənin zibilxanasına gəlib orada ayaq üstə yüngül subaşına çıxdı. Mən oradan uzaqlaşmaq istədikdə o mənim yaxına gəməyimi tələb etdi. Mən yaxınlaşıb onun yanında dayandım. O dəstəmaz alıb xoflərinin[13] üstündən məsh etdi"[14].
Yüngül subaşı edərkən oturmağın daha yaxşı olmasını deməyimizə səbəb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çox vaxt belə etməsidir. Hətta Aişə (Allah ondan razı olsun) deyərdi ki, "Kim sizə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaq üstə yüngül subaşı etdiyini desə, ona inanmayın. Çünki o, ancaq oturub yüngül subaşı edərdi"[15].
Aişənin (Allah ondan razı olsun) bu sözü Huzeyfənin (Allah ondan razı olsun) dediyini inkar etmir. Çünki Aişə öz gördüyünü, Huzeyfə də öz gördüyünü demişdir. Bildiyimiz kimi, şəriət qaydalarına əsasən isbat edən, inkar edəndən daha öncüldür. Ona görə ki, isbat edən, digərinin bilmədiyi, əlavə elə sahibdir.
11. Sidikdən qorunmaq vacibdir:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki qəbirin yanından keçərkən belə dedi: "Hal-hazırda onlar əzab çəkirlər. Onlar, elə də böyük günaha görə əzab çəkmirlər. Onlardan biri sidiyindən qorunmaz, digəri isə insanlar arasında sözgəzdirənlik edərdi"[16].
12. Subaşına gedərkən sağ əli ilə cinsiyyət orqanını tutmamalı və ya onunla təmizlənməməlidir:
Əbu Qatədə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yüngül subaşı edərkən sağ əlinizlə cinsiyyət orqanına toxunmayın və sağ əlinizlə təmizlənməyin»[17].
13. Subaşından sonra su, daş və ya bunları əvəz edən[18] bir şeylə təmizlənmək olar. Lakin su ilə təmizlənmək daha yaxşıdır:
Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna gedərkən mən və mənim kimi bir uşaq onun üçün su və nizə[19] aparardıq. O, su ilə təmizlənərdi»[20].
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz ayaqyoluna gedərkən özü ilə üç ədəd daş götürsün və onlarla təmizlənsin. Bu təmizlənmək üçün kifayət edər»[21].
14. Subaşından sonra təmizlənmək üçün daşların sayı üçdən az olmamalıdır:
Salman əl-Farisi (Allah ondan razı olsun) deyir ki, mənə belə bir söz dedilər: Məgər Peyğəmbəriniz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sizə hər şeyi öyrədib, hətta ayaqyoluna necə getməyi də!
Salman əl-Farisi ona belə cavab verdiyini deyir: «Əlbəttə, o bizə, böyük və yüngül subaşında olarkən üzümüzü və ya arxamızı qibləyə tutmağı, yaxud (nəcisdən) sağ əl ilə təmizlənməyi, üçdən az daş ilə təmizlənməyi, peyin və ya sümüklə təmizlənməyi qadağan etmişdir!»[22]
15. Sümük və peyinlə təmizlənmək olmaz:
Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyin və ya sümüklə təmizlənməyi qadağan etmişdir»[23].

_____________________________________________________________
[1] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 3611. Tirmizi: 2/ 59/ və hədisin tərtibatı ona məxsusdur. 603. İbn Macə: 1/ 109/ 297. Onun rəvayətində isə ərəbcə "əl-xalə" sözünün əvəzinə "əl-Kənif" deyilir. Amma hər ikisi "ayaqyolu" mənasını verir.
[2] Buxari: 1/ 242/ 142. Müslim: 1/ 283/ 375. Əbu Davud: 1/ 21/ 4. İbn Macə: 1/ 109/ 298. Tirmizi: 1/ 7/ 6. Nəsai: 1/ 20.
[3] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 4714. Əbu Davud: 1/ 52/ 30. Tirmizi: 1/ 7/ 7. İbn Macə: 1/ 110/ 300.
[4] əs-Seylul Cərrar: 1/ 64.
[5] Hədis səhihdir. Səhih İbn Macə: 268. İbn Macə: 1/ 121/ 335. Əbu Davud: 1/ 19/ 2.
[6] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 4652. Əbu Davud: 1/ 31/ 14. Tirmizi: 1/ 11/ 14/ Ənəsdən rəvayət etmişdir.
[7][7] Qiblənin cənub istiqamətində olmasını nəzərə alaraq belə deyilmişdir. Məqsəd qeyri qiblə tərəfə yönəlməkdir (tərc.).
[8] Hədis səhihdir. Səhih Müslim müxtəsər/ 109. Səhih Əbu Davud: 7.
[9] Buxari: 1/ 498/ 394. Müslim: 1/ 224/ 264. Tirmizi: 1/ 8/ 8.
[10] Hədis səhihdir. Səhihul Cami əs-Səğir:110. Əbu Davud: 1/ 47/ 25. Müslim: 1/ 226/ 269. Onun tərtibatında əsasən hədisdə deyilir: «lənətə səbəb olan iki əməldən çəkinin!" Orada olanlar dedilər: "Lənətə səbəb olan o iki əməl hansılardır? »
[11] Hədis səhihdir. Səhih Sünən Nəsai: 232. Nəsai: 1/ 130. Əbu Davud: 1/ 50/ 28.
[12] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 6814. Müslim: 1/ 235/ 281. Nəsai: 1/ 34.
[13] Xof: dəridən corab şəklində tikilmiş/ corabı əvəz edən geyim növüdür.
[14] Buxari: 1/ 329/ 225. Müslim: 1/ 228/ 273. Tirmizi: 1/ 11/ 13. Nəsai: 1/ 19. Əbu Davud: 1/ 44/ 23. İbn Macə: 1/ 111/ 305.
[15] Hədis səhihdir. Səhih Sünən Nəsai: 29. Nəsai: 1/ 26. Tirmizi: 1/ 10/ 12. Digər alimlərin rəvayətində "İllə cəlisən"/ Tirmizinin rəvayətində isə "İllə qaidən" deyilir. Hər iki söz eyni məna daşıyır.
[16] Buxari: 1/ 317/ 216. Müslim: 1/ 240/ 292. Tirmizi: 1/ 47/ 70. Əbu Davud: 1/ 40/ 20. Nəsai: 1/ 28.
[17] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 250. İbn Macə: 1/ 113/ ? 310. Onun tərtibatı yuxarıda deyilən kimidir. Buxari: 1/ 254/ ? 154. Müslim: 1/ 225/ ? 267. Əbu Davud: 1/ 53/ ? 31. Tirmizi: 1/12/ ? 15. Nəsai: 1/ ? 25. Bu alimlər isə hədisin tam və müxtəsər variantını rəvayət etmişlər.
[18] Məsələn/ salfetka/ kağız və s. (tərc.)
[19] O vaxtlar/ ayaqyoluna gedərkən başqalarının gözündən qorunmaq üçün özləri ilə nizə aparardılar ki/ onun ucuna paltar və ya bu kimi bir şey sancıb arxasında otursunlar (tərc.).
[20] Buxari: 1/ 252/ ? 152. Müslim: 1/ 227/ ? 271. Nəsai: 1/ ? 42. Amma onun rəvayətində «Nizə» haqqında danışılmır.
[21] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 43. Nəsai: 1/ ? 42. Əbu Davud: 1/ 61/ ? 40.
[22] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 255. Müslim: 1/ 223/ ? 262. Tirmizi: 1/ 13/ ? 16. Əbu Davud: 1/ 24/ ? 7. İbn Macə: 1/ 115/ ? 316. Nəsai: 1/ ? 38.
[23] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: ? 6827. Müslim: 1/ 224/ ? 263. Əbu Davud: 1/ 60/ ? 38.


Tarix: 02.05.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Maraqlı melumatlar
loading...