əl-Hāfiz – Qoruyan, mühafizə edən deməkdir. «Heç şübhəsiz ki, Quranı biz nazil etdik və biz də onu qoruyacağıq (HĀFİZ)». (əl-Hicr 9). “(Yəqub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”. (Yusuf 64).
Həlimi deyir ki: «Hāfiz qullarını din və dünya işlərində təhlükələrdən qoruyan deməkdir». Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Sizdən biriniz yatağına təkrar dönərsə paltarının ətəyi ilə yatağını silsin və Allahın adını söyləsin. Çünki yatan kimsə ondan sonra yatağına hansı məxluqun girdiyini bilməz. Yatmaq istədiyi zaman sağ yanı üzərə uzanaraq belə dua etsin: Ya Rəbbim! Sən bütün nöqsanlıqlardan uzaqsan. Ya Rəbbim! Sənin adınla yatağıma uzandım və yenə də Sənin adınla qalxıram. Əgər canımı alacaqsansa ona məğfirət et. Əgər sağ qalacağamsa onda saleh qullarını qoruduğun kimi məni də qoru»
(Buxari 6320, Müslim 2714. )
əl-Həfiz – Allah qullarına qarşı həfiz – qoruyan və himayə edəndir. Hər müsəlman bütün şeyləri qoruyanın uca Allah olduğunu, Onun Həfiz olduğunu bilməlidir. Allah bizi, söz, əməl və mələkləri ilə qullarını qoruyur. “Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Möminlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər)”. (Səba 21). «Allahdan başqasını dost tutanlar üzərində Allah özü nəzarətçidir (HƏFİZDİR)». (əş-Şura 6). Həfiz – sıxıntı anında səni şikayət etməkdən qoruyan, nemət zamanında da səni fəlakətlərdən qoruyandır. AbdurRahman əs-Sədi deyir ki, bu İsmin iki mənası vardır. 1. Həfiz – qullarının xeyir, şərr, qəbul, inkar, itaət və günah etdiklərini qoruyandır. Çünki zərrə miqdarı belə olsa, bunlarla əlaqəli heç bir şey Ondan qaçmaz. Onun bu əməlləri qoruması, bu əməlləri nəzarət altına alması və hesabını etməsi deməkdir. Onun elmi qullarının açıq və gizli bütün əməllərini əhatə edir. O, bu əməlləri, bu əməllər meydana gəlmədən əvvəl, hətta göyləri və yerləri yaratmadan əvvəl Lövhi Məhfizda yazmışdır. Allah qullarının bu əməllərini nəzarət etmək işini Hafizi, Kiramən Kətibin mələklərinə vermişdir. Çünki bu mələklər qulların nə etdiklərini bilirlər. 2. Həfiz – Allahın qullarını xoş olmayan bütün şeylərdən qorumasıdır. Allahın qullarını qoruması isə iki cürdür. 1) Ümumi Qoruma – Allahın yaratdıqlarını, güclərinin yetəcəyi və niyyət etdikləri şeyləri onlara asanlaşdırmaq surətilə qorumasıdır. Onlar Onun hidayətinə və öz məsləhətlərinə uyğun şeylərə Allahın irşadı və hidayəti sayəsində çatırlar. «Rəbbimiz hər şeyə öz surətini, şəklini verən sonra ona doğru yolu göstərən Allahdır!». (Ta ha 50). Hər bir varlığa zərurətlərinə və ehtiyaclarına görə doğru yolu göstərir. Sonra da ona təqdir edilən yemək, içmək və bunları qazanmaqda vəsilələr və alətlər verir. Əgər Allahın bütün varlılıqları qoruması olmasaydı varlığı mümkün olan heç bir şeyin varlığı davam etməzdi. Allah bütün varlılıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə düşməkdən qoruyan və tutan Odur. «Həqiqətən Allah göyləri və yeri zaval tapmasınlar deyə tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar Allahdan başqa onları kim tutub saxlaya bilər. Doğurdan da Allah həlim və bağışlayandır». (Fatir 41). 2) Xüsusi Qoruma – bu da Allahın öz dostlarını xüsusi olaraq qorumasıdır. Çünki Uca Allah dostlarını onların imanlarına zərər verəcək və inanclarını sarsıdacaq fitnələrdən, şübhələrdən və şəhvətlərdən qoruyar. Bu cür zərərli şeylərdən onları uzaq tutar və onları salamat edər. Onları cin və insanlardan olan düşmənlərdən qoruyar. Düşmənlərinə qarşı onlara yardım edər. Düşmənlərinin hilələrini onlardan uzaqlaşdırar. «Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah həqiqətən heç bir xain və nankoru sevməz!». (əl-Həcc 38). Ən mühüm qoruması isə qəlbləri qorumasıdır. Müsəlmanın dinini hər cür küfr, nifaq, fitnə, hədsiz arzu və istəklərdən, bidətlərdən qoruması qorumaların ən böyüyüdür. Çünki bu sayədə müsəlman doğru yoldan ayrılıb başqa yollara sapmaqdan qurtulur. «Allah iman edənləri dünya və axirətdə möhkəm bir sözlə sabit-qədəm edər». (İbrahim 27). Əgər bu cür qoruma olmasa insan Cəhənnəmə girər.
Abdullah İbn Abbas (r.a) rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər (s.a.v) in arxasında oturmuşdum. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki , Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan»(Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.)Burada Allahı qorumaqda məqsəd onun əmrlərini yerinə yetirərək qadağalarından çəkinərək və qoyduqları sərhədləri aşmayaraq qorumaqdır. Sən belə davrandıqda O, da sənin dinini, malını, uşaqlarını və özünü hər bir şeydən qoruyar. Əbu Suleyman Xattabi deyir ki: «Hāfiz, Həfiz mənasındadır. Qadir ilə Qədir, Alim ilə A’lim kimi. Allah göyləri və yeri və ikisi arasında olanları müəyyən etdiyi bir zamana qədər qoruyandır. Buna görə də varlılıqlar yox olub dağılmazlar. «Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir». (əl-Bəqərə 255). «(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq». (əs-Saffət 7). Allah qullarını təhlükələrdən, fəlakətlərdən və pis sonlardan qoruduğunu bizə belə xəbər verir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır». (ər-Rəd 11). Mələklər Allahın əmri ilə onları qorumaqdadırlar. Onların bütün sözlərini və əməllərini yazmaqdadırlar. Allah insanların niyyətlərini, sirlərini və sinələrində saxladıqlarını da bilməkdədir. Heç bir şey Ona gizli deyildir. Onun üçün gizli sayılan bir şey gizli deyildir. Allah dostlarını günah etməkdən və şeytanın hiylələrinə düşməkdən qoruyar. Bu sayədə Allah dostları şeytanın hiylələrindən və fitnələrindən qurtulurlar. Hər bir müsəlman bütün varlığı qoruyan Uca Allah olduğunu, Onun Hafiz və Həfiz olduğunu bilməlidir.
Allah bütün varlığı qoruyandır. O, bütün hər şeyi toplu və ayrıntılı olaraq biləndir. O, heç bir şeyi unutmaz, səhf etməz və itirməz. O, Quranı hər cür təhrif və dəyişikliklərdən qoruyar. Sıxıntı zamanında səni şikayət etməkdən qoruyan. Nemət zamanında da səni fəlakətlərdən qoruyandır. Allahın bütün varlıqları qoruması olmasaydı, varlığı mümkün olan heç bir şeyin varlığı davam etməzdi. Allah bütün varlıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə düşməkdən qoruyan və tutan da Odur. Yer üzünü su üzərində yaradan da Odur. Qüdrəti ilə yer üzünü, üzərində yaradıldığı suyun dibinə çökməsini qoymayan Odur. Ancaq Allahın qoruması buna manedir.
Tarix: 05.05.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar