Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona çatan hər bir kəsin əcəli ilə öldüyünə və onun əcəlindən heç bir şeyin əskilmədiyinə iman edirik. (Ya Məhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87).
Ölım iki cürdür.
1. Yuxu – Allah Qurani-Kərimdə yuxunu ölüm adlandırır. «Allah (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar». (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42). Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu aldı və istidiyi vaxt qaytardı».
2. Həqiqi ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35).
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir. Canlı varlıqların heç biri həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də varlı da, kasıb da, güclü də, gücsüz də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran 185). (Müharibəyə getməyib Mədinəyə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış yolu da yoxdur. «Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah qazanacağını) heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).
Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və s. halda olursa-olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız da belə, ölüm sizi haqlayacaqdır». (ən-Nisa 78).
Bu günə qədər heç kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün Allah – subhanəhu və təalə – onlar haqqında nə buyurur: (Ya Məhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?»(əl-Ənbiya 34). (Ya Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-Zumər 30).
Bəli, bu qədər ayələri dinlədikdən sonra «beş günlük dünyadır, kef eləmək lazımdır» deyənləri aqibəti necə olacaqdır. «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada salın». İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafındakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».
Bütün varlıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış məqamı yoxdur. Bu qayıdşdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü zülmə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin…. Ey mənim qullarım, nə etsəniz o sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın». Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah o kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) görüşməyi arzulayır. O kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır». Aişə – radıyallahu anhə – dedi: «Ya Rəsulullah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal deyildir!». O dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə Allahın rəhmi, mərhəməti və Cənnəti haqqında xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü arzulayır. Kafir bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin bəndə ilə görüşməyi arzulamır».
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsindir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O deyir: «Rəbbim – Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyirir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onun dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə – Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!»- «Dinin nədir?» O, deyir: «Mmmm …. Bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Məhəmməddir!» O, isə: «Mmmm …. Bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin».
Tarix: 04.05.2013 / 18:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar