Əl-Haqq təbarəkə və təala bildirir ki, yəhudilər İsa bin Məryəmi öldürməmişlər. Onların bu yalançı iddialarına yalnız xristianlar inanmışlar. Həqiqətən də İsa öldürülməmişdir. Allah onlarda belə bir təsəvvür yaratmış, özünü isə səmaya qaldırmışdı: «(Onların lənətə düçar olmalarının bir səbəbi də:) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər» (ən-Nisa, 157) və «Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (ən-Nisa, 158).
Haqq təala öz kitabında göstərir ki, İsa axır zamanda yerə enəcəkdir. Onun yerə enməsi son saatın tamam olması vaxtına dəlalət edir: «Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!» (əz-Zuxruf, 61). Həmçinin, bildirilir ki, möminlər bu gün İsaya iman gətirəcəklər: «Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir» (ən-Nisa, 159).
Bu mətnlərin təfsilatı Peyğəmbər sünnəsində verilir. Rəsulullah (sav) bildirir ki, Dəccalın fitnə-fəsadı şiddətləndikdə, möminlərin vəziyyəti ağırlaşacaqdır və Allah təala öz qulu və elçisi İsanı (Ona Allahın salamı olsun), yerə göndərəcəkdir. O, Dəməşq şəhərində ağ minarənin yanında nazil olacqdır. Rəsulullah (sav) demişdir: "Məryəm oğlu İsa ağ minarənin yanında, Dəməşqin şərq tərəfində nazil olacaqdır".(1)
Rəsulullah (sav) nüzul vaxtı onun vəziyyətini bizə təsvir etmişdir. Əbu Davudun «Sünən» əsərində Əbu Hureyrədən (a.r.) verilən səhih hədisdə deyilir: "Rəsulullah (sav) demişdir: “Mənimlə İsa arasında peyğəmbər yoxdur. O, nazil olacaqdır. Onu görsəniz tanıyacaqsınız. Orta boylu, ağ, xoş sifət bir adamdır. Əynində mumassara (açıq ağ rəngli paltar) nazil olacaqdır, başına su dəyməsə də yaş kimi görünəcəkdir”.(2)
BİRİNCİ MƏSƏLƏ:
ONUN YERƏ ENMƏSI VAXTI
İsa (Ona salam olsun!) müsəlman döyüşçüləri fəcr (sübh) namazına qabaqda imam olmaqla duracaqları vaxt nazil olacaqdır. Bu imam geri çəkilib İsadan imam olmağı tələb edəcəkdir. O isə buna razı olmayacaqdır. Hədisdə deyilir: "Onların (yəni İslam ordusunun) imamı əməli saleh mömin bir kişidir. Sübh vaxtı bu imam irəli çıxıb namaza başladıqda Məryəm oğlu İsa yerə enəcəkdir. Bu imam geri çəkilib yerini ona verəcəkdir. İsa əlini onun çiyninə qoyub deyəcəkdir: "Keç yerinə, namazını qıl!".(3)
Bu hadisə müsəlmanların Dəccalla müharibəyə hazırlaşdıqları vaxta təsadüf edir. Əbu Hureyrənin Müslimdə verilən hədisində deyilir: "Onlar döyüşə hazırlaşdıqları, öz sıralarını nizamladıqları və namaza durduqları vaxt İsa bin Məryəm nazil olacaq və onlara başçılıq edəcəkdir". "İman kitabı" adlı əsərdə bu hədis aşağıdakı mətndə verilir: "İsa bin Məryəmin nazil olub sizə başçılıq etməsinə necə baxırsınız?".(4)
Burada "başçılıq etmək" sözü namazda imamlıq mənasında deyilir. Yuxarıdakı hədisdən gördük ki, İsa namazda imam olmağı qəbul etmədi. O, namazı təşkil edən imamı yerinə qaytardı. Əbu Hureyrənin hədisinə bənzər bir başqa hədisi əl-Buxari və Müslim verirlər: "Peyğəmbər (sav) demişdir: "Siz İsa bin Məryəmin aranıza nazil olmasına və özünüzün imamınızın da qalmasına necə baxırsınız?".(5)
Müslimin "Səhih"ində Cabir bin Abdulladan bu hədis verilir: "Mən Rəsulullahdan (sav) bu sözləri eşitmişəm: “Mənim ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq yolunda vuruşmaqdadır. İsa bin Məryəm nazil olacaqdır, onların başçıları deyəcəkdir: "Gəl bizim imamımız ol. İsa deyəcəkdir: "Yox. Siz özünüz özünüzə başçısınız. Bu, Allahın bu millətə bəxş etdiyi kəramətdir”.(6)
İKİNCİ MƏSƏLƏ:
İSA YERƏ ENƏNDƏN SONRA NƏ ILƏ IDARƏ EDƏCƏKDIR?
Yuxarıdakı mətnlər aydın şəkildə göstərir ki, həmin imam bu millətin içindən çıxanlardandır. Hədisdə İsa bin Məryəmin bu millətə başçı olması haqqında irəli sürülən fikir onun namaz vaxtı imam (başçı, qabaqda duran) olması deyildir. Bu əslində onun Allah təbarəkə və təalanın Kitabı ilə hökm etməsi, yəni İzzət və Cəlalət sahibi Allahın Kitabını rəhbər tutaraq başçı (imam) olması deməkdir. Əbu Hureyrənin Müslimdə verilən hədisində deyilir: "Siz Məryəm oğlunun aranıza nazil olmasına və sizə başçılıq etməsinə necə baxırsınız?" Hədis rəvayətçilərindən olan İbn Əbu Zib onun barədə hədis söyləyən əl-Valid bin Müslimə demişdir: "Bilirsənmi "Sizə başçılıq etməsi" nə deməkdir?" əl-Valid deyir: "De, bilim". İbn Əbu Zəib deyir: "Sizə Allah təbarəkə və təalanın Kitabı və Peyğəmbərimizin (sav) sünnəsi ilə başçılıq etməsi" deməkdir.(7)
İsa bin Məryəmin namazda imamlığa razı olmaması onun bizim Peyğəmbərə (sav) tabe olaraq İncillə deyil, Quranla hökm etmək üçün gəldiyini göstərir. Belə ki, Quran şəriəti özündən əvvəlki başqa şəriətləri ləğv edir. Allah təala bütün peyğəmbərlərdən Məhəmmədə (sav) iman gətirmək, əgər dirilsələr ona itaət etmək barədə əhd almışdır. Allah peyğəmbərlərdən: «(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu! Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir)» (Ali İmran, 81-82).
İsa bizim Peyğəmbərimizə (sav) tabe olaraq nazil olur, Quran şəriətini tamamilə qəbul edir. Buna görə də o həmən o əməli saleh kişinin arxasında namaza durur. Bu müsəlman ümməti üçün böyük fəxrdir. Əbu Səidin Peyğəmbərdən (sav) belə bir səhih hədisi vardır: "Arxasında İsa bin Məryəmin namaz qıldığı adam bizdəndir". Bu hədisi Əbu Nəim "əl-Mehdi" kitabında verir.(8)
İsanın yerə enməsi barədə yalançı iddialarla çıxış edib bu hadisənin "Məndən sonra peyğəmbər yoxdur" deyən Peyğəmbərimizin (sav) sözlərinə zidd olması və bununla da Rəsulullahın (sav) şəriətini ləğv etməsi kimi yanlış fikirlər irəli sürənlərə cavab olaraq ən-Nəvəvi deyir: "Bu çox yanlış bir istidlaldır (arqumentdir). İsanın (Ona salam olsun) enməsi heç də bir peyğəmbər kimi gəlib bizim şəriətimizi ləğv etməsi demək deyildir. Nə hədislərdə, nə də başqa mənbələrdə bu barədə bir şey deyilir. O ədalətin hakimiyyətini bərpa etmək üçün gəlir. Bizim şəriətimizlə hökm edir, insanların unutduqları şəriətimizin hökmlərini bərpa edir" (ən-Nəvəvinin Müslimə şərhi).
ÜÇÜNCÜ MƏSƏLƏ:
İSANIN DƏCCALI MƏHV ETMƏSI
İsanın yer üzündə gördüyü ilk iş Dəccalla qarşı-qarşıya durmaqdır. Yerə endikdən sonra İsa Beytül-müqəddəsə (Qüdsə) gedir. Burada Dəccal bir dəstə müsəlmanı mühasirədə saxlayırdı. İsa onlara qapını açmağı əmr edir. İbn Macənin «Sünən», İbn Xüzeymənin "Səhih" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu İmaməyə istinadən verilən hədis belədir: "Peyğəmbər (sav) demişdir: "Ora gedib çatanda İsa dedi: "Qapını açın!" Qapını açırlar. Qapının arxasında Dəccal görünür, onun əli altında 70 min əlində bəzəkli qılınc tutmuş və dəbilqə geymiş yəhudi döyüşçüsü var idi. Dəccal İsaya baxanda duz suda əridiyi kimi əriyir və qaçıb aradan çıxmaq istəyir. İsa onu şəhərin şərqi Lud qapısında yaxalayır. Onu qətlə yetirir, Allah yəhudiləri məğlub edir...".(9)
Müslimin "Səhih"ində Əbu Hüreyrədən bu hədis verilir: "Peyğəmbər (sav) İsanın nazil olması və möminlərlə namaz qılması barədə danışıb demişdir: "Allahın düşməni onu görəndə duz suda əridiyi kimi əriyir, əriyib qurtarmasa da qətlə yetiriləcəkdir. Lakin Allah onu İsanın əli ilə öldürür. İsa nizəsinin ucunda Dəccalın qanını hamıya göstərir".(10)
Dəccalın əriməsinin səbəbi Allahın İsanın nəfsinə spesifik bir qoxu bəxş etməsindədir. Belə ki, bu qoxunu hiss edən kafir o dəqiqə məhv olur. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmandan Peyğəmbərin (sav) uzun bir hədisi verilir. Bu hədisdə xüsusilə deyilir: "...Belə olduğu halda əgər Allah Məsih Məryəm oğlu İsanı göndərəndə o, Dəməşqin şərqindəki ağ minarənin yanında əynində üstünə boya və zəfəran sürtülmüş paltar, əllərini iki mələyin qanadları üstünə qoymuş halda yerə enəcəkdir. O, başını aşağı salanda saçlarının işıltısı görünürdü, qaldıranda elə bil saçlarından mirvari kimi su damcılayırdı. Onun nəfəsinin ətrini duyan kafir o dəqiqə ölürdü. Onun nəfəsinin ətri nəzərinin çatdığı yerdə qurtarırdı. Belə ki, o, Dəccalı məhz Lud qapısının yanında görüb məhv etdi, bundan sonra İsanın yanına Allahın Dəccaldan qorumuş olduğu ilk tayfa gələcəkdir. İsa cənnətin dərəcələri barədə onlarla söhbət aparacaqdır...".(11)
İsanın Dəccalı öz əcəli ilə ölməyə qoymamasının səbəbi bu məx¬luq haqqında əfsanəyə və onun fitnə-fəsadına son qoymaq istəyi olmuşdur. Belə ki, əgər insanlar onun qətlə yetirilməsini və ölməsinin şahidi olsalar onun zəifliyini, məğlubiyyətini yəqin edəcək, onun çağırışının yalan və böhtan olduğuna inanacaqlar.
DÖRDÜNCÜ MƏSƏLƏ:
DƏCCALI ÖLDÜRƏNDƏN SONRA ISANIN VƏZIFƏSI VƏ YƏCUC VƏ MƏCUCUN MƏHV EDILMƏSI
İsa Dəccala və onun fitnəsinə son qoyur. Onun dövründə Yəcuc və Məcuc meydana gəlir. Aşağıda bu mövzuda danışılacaqdır. Onlar Yer üzündə böyük fitnə-fəsad törədirlər. İsa Rəbbinə dua edir, O da cavab verir. Bu tayfalar həlak olur, onlardan bir nəfər belə qalmır. Bundan sonra İsa gəlişinin əsas məqsədi olan ən böyük vəzifəni yerinə yetirməyə başlayır. Bu, İslam şəriətini tətbiq etməkdən, zərərli hökmlərin və təhrif edilmiş dinlərin kökünü kəsməkdən ibarətdir. İmam əl-Buxari və Müslimin "Səhih"lərində Əbu Hüreyrədən bu hədis verilir: "Peyğəmbər (sav)demişdir: "Allaha and olsun, Məryəm oğlunun nazil olub üzərinizdə hökm etməsi, xaçları sındırması, donuzları öldürməsi, müharibələr aparıb çoxlu qənimət əldə etməsi gününə az qalıbdır. Ona qarşı heç kəs çıxmaz. Bircə dəfə səcdə dünyadan, onun bütün sərvətindən daha üstün olacaqdır".(12)
İnsanlar İsanı görəndə onların qəlbi yəqinlik nuru ilə işıqlanacaq və bu səbəbdən də onlar üçün bircə dəfə səcdədə olmaq dünyaya dəyər. Çünki onlar son saatın çatdığını tam yəqinliklə dərk edirlər.
Müslimin Əbu Hüreyrədən verdiyi hədisdə deyilir: "Vallahi, Məryəmin oğlu ədalətli bir hakim kimi nazil. Donuzu öldürəcək, cizyə (can) vergisini ləğv edəcəkdir, müsəlman bir daha sıxıntı duymaz, kin-küdurət, qarşılıqlı nifrət və həsəd hissini keçirtməzlər. Heç kəs mal-dövlətə olan çağırışlara uymaz".(13)
Müslimin "Səhih" əsərinin Fitnələr kitabında ən-Nəvvas bin Səmanın Dəccalın meydana gəlməsi, İsanın nazil olması, Yəcuc və Məcucun zahir olması və sonda Rəsulullahın (sav) İsanın çətin anda öz Rəbbinə duasının zikri barədə geniş hədisi verilir. Hədisdə deyilir: "Sonra Allahın peyğəmbəri İsa öz əshabələri ilə yerə enirlər. Onlar yer üzündə elə bir nöqtə tapmırlar ki, oranı Allah düşmənlərinin iyi və üfunəti bürüməsin. Allahın peyğəmbəri və onun əshabələri Allaha üz tuturlar. Allah onlara bir quş göndərir. Onun qanadları dəvə boynu kimi uzundur. Onlar bu quşa minirlər və Allahın buyurduğu yerlərə gedirlər. Bundan sonra Allah bərk yağış yağdırır. Yer üzü bütünlüklə təmizlənir, qadın üzü kimi tərtəmiz olur. Sonra Yerə deyir: "Məhsullarını yetişdir, bərəkətini qaytar". Həmən gün bir nar bütün camaata bəs edəcəkdir. Bir dəvənin südü çox saylı adama, bir inəyin südü isə bir qəbiləyə, bir qoyunun südü bütöv bir ailəyə bəs edəcəkdir".(14)
BEŞİNCİ MƏSƏLƏ:
İSA HAQQINDA MƏTNLƏRDƏN ÇIXAN NƏTICƏLƏR
1 - İsanın (Ona salam olsun) axır zamanda nazil olmasına heç bir şübhə yoxdur. Peyğəmbərin (sav) bu barədə kifayət sayda hədisləri vardır. İsanın nazil olmasını təkzib edən Peyğəmbəri (sav) təkzib etmiş olur. Peyğəmbər (sav) hədisi həqiqətdir. Yalan olmaz. Qurani-Kərimdə də İsanın yerə enməsindən bir neçə yerdə danışılır: «Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir» (ən-Nisa, 159).
Peyğəmbər (sav) İsa ilə görüşənlərə ona salam çatdırmağı tapşırmışdır. İmam ən-Nisai «Sünən» əsərində Əbu Hüreyrəyə səhih istinadla bu hədisi verir: "Rəsulullah (sav)demişdir: "Sizdən kim Məryəm oğlu İsa ilə görüşsə məndən ona salam yetirməlidir".
2 - İsa Quran şəriəti ilə hökm etmək üçün gəlir. Bu məsələ və onu sübut edən dəlillər barədə biz artıq danışmışıq.
3 - O bütün dinlərə son qoyur, yalnız İslamı qəbul edir. Buna görə də o, xaçları sındırır. Xaç təhrif olunmuş xristianlığın rəmzidir. İslamın haram etdiyi donuzları öldürür, cizyə (can) vergisini ləğv edir. Yəhudi və xristianlardan cizyə qəbul etmir.
Əbu Hüreyrənin Əbu Davudda verilən səhih istinadlı hədisində deyilir: "İslama qarşı çıxanlarla vuruşur, xaçları sındırır, donuzları öldürür, cizyəni ləğv edir. Onun dövründə Allah müsəlmanlardan başqa qalan millətləri məhv edəcəkdir".(15)
4 - O zaman ümumi rifahın, sülh və əmin-amanlığın bərqərar olması. Mətnlər bizə həmən vaxt hər yeri bürüyən böyük bərəkət, bolluq, əmin-amanlıq barədə məlumat verirlər. Bu Allah təalanın həmin günlərdə Öz sadiq bəndələrinə bəxş etdiyi nemətdir. Həmçinin, mətnlərdən aydın olur ki, insanlar bir-birilə ədavəti, nifrət, qəzəb və paxıllıq hisslərini unudub Allah təbarəkə və təalanın kəlamı ilə vəhdətdə olacaqlar. Bu barədə Əbu İmamədən İbn Macədə, İbn Xuzeymədə və əl-Hakimdə səhih istinadlı hədisdə danışılır: "Peyğəmbər (sav) demişdir: "İsa bin Məryəm mənim ümmətimin arasında ədalətli hakim, sadiq imam olacaq, xaçı sındıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcəkdir. Adamlar ruzi dalınca qaçmayacaqlar. İnsanlar bir-birinə kin və küdurət, həsəd və paxıllıqdan azad olacaqlar, ilan və əqrəbin də zəhəri yox olacaq. Hətta uşaq əlini ilanın ağzına qoya biləcək və ona zərər toxunmayacaqdır. Kiçik uşaq şirə qalib gələ bilir. Canavar qoyunla elə davranacaqdır ki, elə bil itdir. Yer üzü sülh ilə dolacaq, necə qab su ilə dolur. Vahid bir söz olacaqdır. Yalnız Allaha ibadət ediləcəkdir. Müharibəyə son qoyulacaqdır. Qureyş öz hakimiyyətindən məhrum olacaqdır. Yer üzü gümüş kimi olacaq, onda Adəm dövrünün bitkiləri bitəcəkdir. Bir adam bir gilə üzümlə doyacaqdır. Bir nahar çoxlu adama bəs olacaqdır. Bir öküz çox az qiymətə, at isə bir-neçə dirhəmə olacaqdır".(16)
ALTINCI MƏSƏLƏ:
MƏSIHDƏN SONRA XOŞBƏXT HƏYAT
Mətnlərdə bu dövrdə təsvir edilmiş həyat bəşər tarixində ən xoşbəxt bir həyatdır. İnsanlar bu vaxt xeyir-bərəkət, əmin-amanlıq və səadət içində yaşayırlar. Onlar mövcud bütün nemətlərdən istifadə edə bilirlər. Hədis: "Məsihdən (İsadan) sonra yaşamaq üçün çox gözəl imkan olacaqdır. Səmadan gur yağışlar yağacaq, Yer üzü yaşıllığa bürünəcəkdir. Boş bir yerə bir toxum atdıqda tezliklə göyərəcəkdir. İnsan qorxu bilmədən və zərər görmədən şirlə yanaşı duracaq, ilanı əli ilə tutacaqdır. Nə kin-küdurət, nə həsəd və paxıllıq, nə də ədavət olacaqdır".(17)
YEDDİNCİ MƏSƏLƏ:
İSANIN YER ÜZÜNDƏ QALMA MÜDDƏTI
İsa Yer üzündə qırx il qalacaqdır. Bu Əbu Davudun «Sünən» əsərində Əbu Hüreyrədən verilən hədisdə sübut edilir: "O, Yer üzündə qırx il qalacaq, sonra vəfat edəcəkdir. Müsəlmanlar onun cənazə namazını qılacaqlar".(18)
İsa bu vaxt İslam şəriəti ilə hökm edəcək, müsəlman qibləsinə üz tutub namaz qılacaqdır. Onun Yerə endiyi vaxt əməli saleh müsəlman kişinin arxasında durub namaz qılması barədə səhih hədislər vermişik. Həmçinin, sübut edilir ki, o, Kəbəyə həcc ziyarətinə gedəcəkdir. Müslimin "Səhih" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Hüreyrədən verilən səhih hədis: "Rəsulullah (sav) demişdir: "Allaha and olsun, Məryəmin oğlu Rəvha vadisində həcc və ümrə ziyarətini etmək üçün görünəcəkdir"(19)
Rəvha Məkkə ilə Mədinə arasında bir yerdir. Məkkə yolunda Mədinədən qırx yaxud otuz altı və ya otuz mil aralıda yerləşir". (Parlaq nurların parıltısı: 2/113).
SƏKKİZİNCİ MƏSƏLƏ:
İSANI MÜŞAIYƏT EDƏNLƏRIN ÜSTÜNLÜYÜ
Əhmədin "Müsnəd" və ən-Nisa"inin «Sünən» əsərlərində Saubana istinadən bu hədis verilir: Peyğəmbər (sav) demişdir: "Mənim ümmətimdən iki dəstəni Allah Oddan xilas etmişdir: Hindistana yürüş edən dəstə və bir də Məryəm oğlu İsa ilə olan dəstə".(20)
1.Səhihul-Camiissəğir: 6/361, hədis: 8025 Şeyx Nasirəddin əl-Əlbaninin fikrincə səhih istinadlı hədisdir.
2. Səhihul Camiis-səğir. 5/90. hədis: 5265.
3.İbn Macə, İbn Xuzeym. Səhih istinadlıdır. Camius səğir: 6/227.
4. Müslim. Fitnələr kitabı. Konstantinopolun fəthi fəsli: 18/17-18, hədis: 2897; İman kitabı, Məryəm oğlu İsanın nazil olması fəsli.2/163; hədis: 155.
5. əl-Buxari. Peyğəmbər hədisləri kitabı. İsanın nazil olması fəsli. «Fəth əl-Bari» 6/566); Müslim "Səhih". İman kitabı: 2/163, hədis: 155.
6.Müslim. İman kitabı. İsanın nazil olması fəsli: 2/166, hədis: 156
7.Müslim "Səhih" İman kitabı. İsanın enməsi fəsli. 2/193, hədis: 156.
8.Səhihul-Camiis-səğir, 5/219; hədis: 5796.
9.Səhihul-Camiis-sağir: 6/275, hədis: 7752.
10.Müslim "Səhih". Fitnələr kitabı. Konstantinopolun fəthi fəsli. 18/17-18, hədis: 2897.
11.Müslim "Səhih". Fitnələr kitabı, Dəccalın zikri fəsli. 18/50-57, hədis: 2937.
12. əl-Buxari "Səhih". Peyğəmbərlərin hədisləri kitabı. İsa bin Məryəmin nazil olması fəsli. «Fəth əl-Bari», 6/566. əl-Buxari. Zalim kitabı. Xaçların sındırılması fəsli. «Fəth 13.əl-Bari», 5/121. Beyətlər kitabı. Donuzların qətli fəsli. «Fəth əl-Bari», 4/414. 14.Müslim. İman kitabı İsanın nazil olması fəsli. 2/163, hədis: 155.
15.Müslim. İman kitabı. İsanın nazil olması fəsli. 2/163, hədis: 155.
16. Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/50-57, hədis: 2937.
17.Səhihul-Camii: 5/90, hədis: 5265.
18.Səhihul-cami əs-sağir: 6/276, hədis: 7752.
19.Səhih hədisdir. Əbu Bəkr əl-Ənbari, əd-Deyləmi və əz-Ziya Əbu Hüreyrəyə istinadən rəvayət etmişlər. «Silsilət əl-Əhadis əs-səhihə», 4/559, hədis: 1926.
20.Səhihul-camii: 5/90, hədis: 5265, İmam Əhməd «Müsnəd» 2/406, Əbu davud «Sünən» 11/304, 4314 saylı hədis.
Tarix: 04.05.2013 / 13:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 381 Bölmə: Maraqlı melumatlar