Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qumar

O, hər bir oyun və ya müsabiqədə təyin edilmiş qazancdır. Allah taala onu bu kəlamları ilə haram etmişdir:
"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqla sizi zikr etməkdən və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 90, 91).

Qumarın zərərləri çoxdur. Onlardan bəzilərini sadalayaq:
1. O, insanı Uca Allahı zikr etməkdən yayındırır. Bu haqda keçən ayədə buyurulmuşdur ki, qumar oynayan adam oyuna pul qoyduğu üçün həmin oyunda ya udar, ya da uduzar. Ona görə də bütün fikrini və diqqətini oyuna cəmləşdirdiyi üçün namaz və s. ibadətlər yadından çıxar.
2. O, insanlar arasında kin-küdurətə və düşmənçiliyə səbəb olur. Çünki qumara pul qoyub uduzmuş adam udana paxıllıq və düşmənçilik edir. Bu hətta onu öldürmək dərəcəsinə də gətirə bilər. O, uduzduğunu düşündükcə həmin adama düşmənçiliyi daha da artar.
3. O, evləri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi də edir. Çox varlıların qumarda var-dövlətini uduzduğunun şahidi oluruq. Uduzmaq azmış kimi, hələ onlara borclu qalanlar da olur. Qumarbazlar onun izinə düşərək ondan qalan borclarını da istəyərlər. Belələri haqda gündəlik qəzetlərdə çox yazılır. Belə halda onları dilənçi, ondan-bundan pul istəyən kimi də görmək mümkündür. Allah taalaya, bizi belə pis əməl¬lərdən qoruduğuna görə şükr edirik!
4. Qumarbazın arvadı, uşaqları və ailəsi ən pis güzəranlı və bədbəxt ailədir. Çünki qumarbaz evində olanların hamısını qumara qoyar və ailəsini bədbəxt edər. Onların gözləri önündə mallarını əllərindən alıb faydasız bir oyuna xərclədiyini görərlər.
5. Qumarbazın qan təzyiqi yüksələr, qəlbi xəstəliklərə düçar olar. Hisslərini boğaraq, öz malını qorumaq, digər qumarbazın malını udmaq arzusu ilə gecələri oyaq qalmaq onun üçün bir xəstəlikdir. Çünki bütün bu əziyyətlərdən sonra uduzarsa bu qəlb xəstəliyi və ya qan laxtalanmasına səbəb ola bilər. Hətta yaşlı qumar¬bazların çoxu, oyun vaxtı səhhətlərini yoxlamaq üçün özləri ilə həkim də gətirirlər. Buna baxmayaraq onların əksəriyyəti həyatını qumar masası arxasında itirirlər. Bunu hamı bilir və hamıya məlumdur. Bəziləri oyundan sonra özlərini intihar edirlər. Avstraliyanın Melburn şəhərində qumar oynamaq üçün məşhur yer vardır. Bu yerin yaxınlığında dənizin üzərindən keçən böyük bir körpü vardır. Bir neçə etibarlı adam mənə deyib ki, qumarda uduzanların çoxu buraya gəlib intihar edirlər. Allah taala bizi belə əməllərdən saxlasın! Belə pis nəticəsi olan işin, nəyi gözəldir?!
6. Qumar iqtisadiyyatı məhv edir və istehsalatı zəiflədir. Çünki qumarda istehsalsız qazanc vardır. Bu nə sənayedir, nə də əkinçilik. Bu baxımdan da iqtisadiyyata zərər dəyir.
7. Qumar, qumarbazı şirnikləndirir və o, son ana qədər ya udmağa ya da uduzmağa məcbur olur. Bu gün udan, mütləq sabah uduzacaqdır. Hətta bəzi Avropa dövlətlərində qumara olan şirnikləndirici həvəsi müalicə etmək üçün xəstəxanalar da açılmışdır.
Deyilən bu haram və iyrənc əməllər və onların sadalanan zərərləri, İslamın onları haram etdiyinə görə bizə onun gözəlliyini və mükəmməlliyini göstərir. Allah taala bu əməlləri bəndələrinə mərhəmət olaraq, dünya xoşbəxtliyi və daimi axirət səadətinə qovuşmaq üçün, haram etmişdir.
Allah taala hər bir şeyi onun pisliyi və zərərinə görə haram etmişdir. Lakin belə məqamda bunların hamısını xatırlatmaq mümkün deyildir. Deyilənlərdə ağıl sahibləri üçün kifayət qədər xəbərdarlıq vardır. Allah taala istədiyinə hidayət verər və ona doğru yolu bəxş edər.


Tarix: 18.04.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 344 Bölmə: Maraqlı melumatlar
loading...