Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri

«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.
Elitistlər («elita» sözü mənşəcə fransız «elite» sözüdür, mənası «ən yaxşı, seçilmiş» deməkdir. Elitist – elitizm nəzəriyyəçisidir) təsdiq edirlər ki, hələ lap qədimlərdən insanlıq iki təbəqəyə – hökmranlıq edən qrup və kütləyə – bölünürdü. Bu nəzəriyyəyə görə elitanın əlində xüsusi qabiliyyət və idarəetməyə xas olan siyasi hakimiyyət gəlməlidir. Xalq kütlələrini isə elitistlər elitanın hər bir əmrini gözüyumulu şəkildə həyata keçirən kütlə kimi qiymətləndirirlər. Sözsüz ki, bu nəzəriyyələr istismarçı siniflərin özünəməxsus ideologiyasının ənənəvi baxışlarının nöqteyi-nəzərləridir.
Əsrlər boyu elitizm «kütləvi cəmiyyət» haqqındakı təlim və nəzəriyyələr, burjua ideologiyası, kapitalist istismarının məhsulları, nəticələri kimi qiymətləndirilir və şərh olunurdu. Bu barədə yüzlərlə əsərlər, elmi-tədqiqat işləri araşdırılaraq təhlil edilib. Bu təhlillər sovet quruculuğu illərində SSRİ-də, habelə sosializm quruluşunu seçən kommunist ideologiyalı ölkələrdə, həmçinin Azərbaycanda, «bizim cəmiyyətə» yad bir təlim kimi çatdırılıb. Güya kommunizm quruluşunda belə nəzəriyyələr qeyri-mümkündür.
Əslində bu problemlərin kökünü tarixin inkişafında bu təlim və nəzəriyyələrin təşəkkülündə axtarmaq lazımdır. Elitizm nəzəriyyələrinin yeni təlimlərinə tarixdə xalq kütlələri və şəxsiyyətin roluna idealist baxışın sadəcə olaraq köhnə təkrarı kimi yanaşmaq düzgün olmazdı. Bu təlimlərin müəllifləri müasir ictimai münasibətlərin daha elmi təhlillərini verməyə çalışaraq ən yeni arqumentlər axtarır və qəti şəkildə inandırmağa çalışırlar ki, yalnız elitizm və «kütləvi mədəniyyət» probleminin düzgün mövqeyini öyrəndikdən sonra zəmanəmizə xas olan dinamik hadisələrin, sülh və müharibələrin səbəblərini tapmaq olar.
Elita və «kütləvi cəmiyyət» nəzəriyyələri geniş vüsət tapmış digər kulturoloji və sosioloji nəzəriyyələrlə sıx bağlıdır. Bunlar inhisarçı imperializmin mahiyyətini şərh edən sosial stratifikasiya, sosial mobillik, «kapitalizmin transformasiyası» haqqındakı təlimlərdir.

Bəs ümumiyyətlə elitizm nəzəriyyələrinin mənşəyi necədir? Bu nəzəriyyələrin kökü haradan başlanır?
Tərəqqipərvər Amerika sosioloqu Barkli yazır ki, elitizmin genealogiyası Platondan Nitsşeyə, daha sonra Hitlerə ötürülmüşdür. Bu ifadədə müəyyən həqiqət mövcuddur. Gəlin bu nəzəriyyələrin mənbələrini araşdıraq.
Hələ marksizm təşəkkül tapmamışdan çox-çox əvəllər yüz illər ərzində belə bir təsəvvür hakim mövqe tuturdu ki, tarixi prosesi irəliyə aparan, onu inkişaf etdirən istismarçı təbəqədən çıxmış ayrı-ayrı görkəmli şəxsiyyətlər olub və xalq kütlələri heç bir tarixi yaradıcılığa malik deyil.
Bu nəzəriyyələrin ilk qığılcımlarına quldarlıq aristokratiyasının ideoloqlarının fikirlərində rats gəlirik. Onların nəsihətlərinin mahiyyətini bu fikir təşkil edir ki, tarixi Allahın seçdiyi kəslər – zabitlər, kahinlər, filosoflar yaradır; onlara səcdə edən və tabe olanlar isə qullardır.
Sokrat öyrədirdi ki, cəmiyyəti əsil biliklərə yiyələnən, azlıq təşkil edən «ən yaxşı insanlar» idarə edir.
Platon isə belə hesab edirdi ki, dövləti aristokratlar idarə edərək demosu (xalqı) öz hakimiyyətində saxlamalıdır. Bu, dövlət idarəçiliyində demosun iştirakını qəti rədd edir, onu müdrikliyə yad olan, həqiqətdən kənar baxışlara xas olan kütlə kimi qiymətləndirir.
Platonun «İdeal dövlət»ində sənətkarlar, əkinçilər və digərlər xeyirxah məşğuliyyətlərdən kənarlaşdırılır. Eyni prinsiplə Palton özünün «ruh» haqqında təlimində də çıxış edir. Platonun təliminə görə ruhun ən zəkalı hissəsi filosoflarda — idarəedən hakiməlrdə, affektiv hissəsi isə – qulluqçu əsgərlərin qəhrəmanlıqlarında, intizamı qoruyanlarda cəmlənir. Çalışan kütlələrdə isə ruhun həsrət, tamah, həvəs hissəsi təzahür edir. Qullardan yalnız qoyulmuş qanunlara ciddi riayət etmək, əməksevərlik və tabe olmaq tələb olunur. Platon demokratiyanın ən böyük nöqsanını demokratik cəmiyyətdə «kim nə istəyir onu edir» prinsipini və çoxluq təşkil edən «işçi adamların birləşərək demokratiyanın möhkəm tərəfinin təşkili»ndə görürdü.
Orta əsrlərdə feodalizmin ideoloqları belə bir təlim irəli sürürdülər ki, kütlə sözsüz olaraq hakimlərə tabe olmalı; bu ideoloqlar dünyanı, cəmiyyəti iyerarxiya pilləkəni kimi təsəvvür etməyə çalışırdılar. Hakim sinif kimi burjuaziyaya xalq kütlələrini təqib etməkdə haqq qazandıran və sivilizasiyanın əldə etdiyi inkişafı da bu hakim sinfə aid edən ideoloqlar üstünlük təşkil edirdilər.
Nitsşe söyləyir ki, xalq kütlələri – sürüdür, onları bütün vasitələrlə qul formasında saxlamaq lazımdır. Onlar «seçilmiş, ən layiqlilərin yüksəklikdə möhkəm durması üçün binövrə və körpüdən böyük olmayan» bir şeydir.
Tarixdə xalq kütlələrinin rolunu inkar edən, bu işdə yalnız ayrı-ayrı «seçilmiş» adamların, nümayəndələrin, hakim sinif və qrupların yaradıcılığını zəruri hesab edən idealist nəzəriyyədən tarix boyu hökmran təbəqələr mənəvi silah kimi istifadə etmişlər.

Elita nəzəriyyəsi – tarixdə xalq kütlələri və şəxsiyyətin rolunun idealist baxışlarının tərkib hissəsidir. Bu baxışlar iki formada çıxış edir. Birincisi, qəhrəman və kütlə haqqındakı nəzəriyyələrdə tarixin subyekti ayrıca götürülmüş şəxsiyyətdir; ikincisi, elita nəzəriyyələrində isə – tarixin subyekti ayrıca götürülmüş qəhrəman deyil, bütünlükdə hakim sinif və onların başçıları elan edilir. Hər iki forma bir-birinə yaxın olub, hətta bir-birini tamamlayır. Çünki onların yaradıcıları da eyni filosoflardır (E.Lederer, S.Xuk və digərləri).
Elitizmin nəzəri əsasını fəlsəfi idealizm təşkil edir. Mövcudluğuna görə elita nəzəriyyələri bir sıra xüsusiyyətlərə malikdir. Elita nəzəriyyəsi sübut etməlidir ki, zəhmətkeş kütlə hakim siniflərsiz onların dövlət aparıtı olmadan keçinə bilməz; ikincisi bu nəzəriyyələr ona görə mövcuddur ki, istismarçı siniflə istismar olunan sinif arasındakı kəskin fərq vəziyyətini gizlədə bilsin.
Hələ lap qədim zamanlarda istismarçıların mənafeyinə qulluq edən ideoloqlar tarixin subyektini təkcə hakim sinfin ayrıca bir nümayəndəsi ilə deyil, həmçinin tabe edən böyük bir sosial təbəqəsi ilə ölçürdülər.
Platon bunlara quldarlıq aristokratiyasını aid edirdisə, feodal cəmiyyətində bunları şahlar, kapitalizmdə isə «sənayenin kapitanları» olan ayrı-ayrı sahiblər dəstəsi əvəz edirdi.
Elita nəzəriyyəsinin geniş vüsətinin səbəblərini aydınlaşdırmaq üçün onun sinfi və ideoloji köklərini axtarıb üzə çıxarmaq lazımdır.
Subyektiv idealistlər hətta ictimai inkişafın özünün təkanverici amilini ayrı-ayrı fərd və şəxsiyyətlərdə görürdülər. İctimai həyatın əsas qnoseoloji məsələsinin idealist həllindən çıxış edən subyektiv idealistlər cəmiyyətin maddi həyat şəraitində zəhmətkeş kütlələrin fəaliyyətinin rolunu nəinki inkar edirlər, bunu heç tanımaq belə istəmirlər.
Materialistlərin fikrinə görə özünəməxsus qanunauyğunluqlara xas olan ictimai həyat – obyektiv reallıq olub, ilkindir, insan şüuru isə ictimai mövcudluğunun inikası olub ikinci sıranı tutur. Lakin tarixi prosesin obyektiv qanunauyğunluqlarını təsdiqləməklə materialistlər heç də tarixin avtomatik bir proses olduğunu iddia etməyə çalışmırlar. Əksinə onların fikrincəşüur və əqidəyə malik olan insanlar obyektiv aləmin qanunauyğynlyqlarını qavrayaraq, dərk edərək praktiki fəaliyyətlərini buna müvafiq surətdə həyata keçirirlər.
Beləliklə, materialistlər, o cümlədən marksizm nəzəriyyəsinin nümayəndələri bu fikirdən irəli gələrək xalq kütlələrinin, sinif və təbəqələrin, partiyaların, ayrı-ayrı şəxsiyyətlərin fəal yaradıcı rolunu təsdiqləyirlər.
Hələ Spinoza və Hegel «insan azadlığı» haqqındakı məşhur ali təlimində bu keyfiyyətin dərk etmə prosesində zəruriliyini təsdiqləyən təriflər vermişlər.

Azadlıq – insanın təbiət və cəmiyyətin obyektiv qanunları haqqında dərin biliklərə əsaslanaraq ondan praktikada istifadəyə yönəlmiş yaradıcı fəaliyyətdir. Azadlığın kateqoriyası ondan ibarətdir ki, insan tarixin subyekti olmaqla şüurunda ətraf aləmi saf-çürük edərək özünün istehsal və ya inqilabi-dəyişdiricilik fəaliyyəti ilə ona (yəni tarixə, aləmə) fəal təsir göstərir.
Fəlsəfə tarixinə burjua fəlsəfəsi kimi daxil olmuş, müasir fəlsəfi cərəyanların bir qolu olan «azadlıq və zərurət» məsələsi iki istiqamət üzrə izah edilir. Birinci istiqamət subyektiv idealistlərlə sıx bağlı olan volyuntarist; ikincisi isə obyektiv idealizmlə bağlı olan fatalist istiqamətdir. Hər iki fəlsəfi istiqamətin ümumi cəhəti tarixdə xalq kütlələrinin rolunu azaltmaq, istismarçı elitanın rolunu həddən artıq şişirtməkdir.
Volyuntarizm cərəyanı nümayəndələri iradəni insan psixologiyasında əsas amil hesab edərək cəmiyyət və təbiətin obyektiv qanunauyğunluqlarını inkar edir, tarixi prosesləri yalnız insan iradəsinin məhsulu kimi qiymətləndirirlər. Elita – kütlələri özünün istədiyi istiqamətə yönəldərək tarixi özünün istədiyi kimi yaradır – volyuntaristlərin əsas tezisi budur.
Fatalistlər isə iddia edirlər ki, dünyada elə fövqəltəbii qüvvələr vardır ki, onlar tarixi prosesin ardıcıllığını, gedişini müəyyən edir və bunu Allah elitanın vasitəsilə reallaşdırır.
Tədqiqat prosesində elmi mənbələrin araşdırılması zamanı belə bir nəticəyə gəldik ki, mədəniyyətşünaslıq və sosiologiyada elita problemi ilə məşğul olan tədqiqatçılar onu geniş nəzəri aspektdə izah etməkdən yan qaçırlar. Tədqiqatçıların tipik mövzuları «Amerikanın ədəbi elitası», «Ərəb ölkələrində mədəni elita» və sairə buna bənzər tədqiqatlardır. Bu müəlliflər belə hesab edirlər ki, tarixi prosesin qanunauyğunluqlarını üzə çıxarmaq qeyri mümkündür.
Tərəqqipərvər Amerika publisisti və tarixçisi Q.Apteker haqlı olaraq yazır: «Elitizm – istehsalat vasitələri üzərində şəxsi mülkiyyətin qurulduğu cəmiyyətin ayrılmaz bir tərkib hissəsini təşkil edir. o, hakim sinfin təfəkkürünün mahiyyətini özündə əks etdirir».
Antaqonist cəmiyyətdə hökmran siniflərin əsas üstünlüyü sayılan əqli əməklə zəhmətkeşlərin taleyinə yazılmış fiziki əmək arasında kəskin fərq mövcuddur. Bu sinfi antaqonizm, təbii ki, ideologiyada da özünü təzahür etdirir. Hakim sinfin ideoloq nəzəriyyəçiləri əqli əməyi tarixi inkişafın əsas qüvvəsi kimi, fiziki əməyi isə ikinci dərəcəli proses kimi izah edirlər. Sivilizasiyanın inkişafında bütün nailiyyətləri onlar hökmran siniflərin nümayəndələrinin ünvanına aid edirlər.
Aydındır ki, istismarçı dövlət xalq kütlələrinin əzilməsində əsas vasitədir; bu qaydanın labüdlüyünü təsdiqləmək üçün elitaristlər idarəetmə sahəsinin xalqdan ayrılmasının vacibliyini və dövlət hakimiyyətinin «idarəedən» anlayışına haçalanmasını mütləqləşdirməyə çalışırlar. Əməyin bölünməsi, şəxsi mülkiyyətin təşəkkülü sosial qrupların, sinif, zümrə və təbəqələrin təşkilinə gətirib çıxarır ki, bu da özlüyündə müəyyən fəaliyyət sahələrinin möhkəmlənməsini təmin edir. Bunların hər hansı birinə mənsubolma fərdin gələcək fəaliyyətini müəyyənləşdirir.
Beləliklə, elita nəzəriyyələrinin sosial əsasını xalq kütlələrinin ümumi vəziyyəti və hakim sinfin hökmranlığı təşkil edir.

Elitar nəzəriyyələr müəyyən sosial münasibətlərin qanunauyğun məhsuludur. Onlar müəyyən sosial strukturlara daxil olaraq bu strukturların fəal işləməsində üstünlüyə malikdirlər. Əlbəttə, elitar nəzəriyyələri istismarçı siniflərin öz maraqlarının həyata keçirilməsinin ifadəsi kimi qiymətləndirmək haqsız olardı. Çünki, elitar nəzəriyyələr – ictimai münasibətlərin təbii, zəruri nəticəsidir.
Elitar nəzəriyyələrin ilkin funksiyalarını, bir tərəfdən zəhmətkeşlərə müstəqil fəaliyyətdə «bacarıqsız» olduqlarını inandırmaq və bunun nəticəsində kənardan «seçilmiş»lərin onlar üzərində rəhbərliyinin zərurətini əsaslandırmaq təşkil edirdisə, digər tərəfdən istismarçı siniflə istismar olunan sinif arasındakı antaqonist münasibətləri maskalamaq və bu ziddiyyəti «kütlə» ilə bəzi görkəmli şəxsiyyətlər arasındakı «daimi» təzad kimi qələmə vermək idi. Göründüyü kimi, elitar nəzəriyyələrin ictimai əsasını sinifli antaqonist cəmiyyətdə zəhmətkeş kütlələrin sosial vəziyyəti və hakim siniflərin iqtisadi, siyasi, mənəvi hökmranlığı təşkil edir. lakin bu ümumi cəhət və səbəblərlə yanaşı, hər bir tarixi dövr və mərhələnin zəruri şəraitində irəli gələn spesifik xüsusiyyətlər də mövcuddur ki, məhz bunlar əsasında yeni konsepsiya və təlimlər formalaşır.
İnhisarçı burjua ideologiyasının tərkibinə daxil olan elitar nəzəriyyələr müasir kapitalizmin inkişafını xarakterizə edən bir sıra sosial prosesləri — ümumi böhranın dərinləşməsi, kapitalın təmərküzləşməsi və mərkəzləşməsi, dövlət – inhisarçı tendensiyaların artımı, ictimai həyatın hərbiləşdirilməsi, bürokratiyalaşdırılması, faşizm tendensiyalarını da əks etdirmişlər. Bu proseslərin, xüsusilə, maliyyə oliqarxiyasının təşkilini qeyd etmədən müasir elitar nəzəriyyələrin əlamətlərini üzə çıxartmaq mümkün deyil.
İnhisarçı burjuaziya ideoloqları xalq kütlələrinin tarixdəki rolunu idealistcəsinə təhlil edərək onun antixalq xarakterini daha da dərinləşdirirlər. Onlar iddia edirlər ki, xalq kütlələri – «hərəkətsiz, ətalət başlanğıcı»dır. Kütləni mədəniyyətin düşməni kimi əks etdirməyə çalışaraq öz ideyalarını belə ifadə edirlər ki, əgər xalq cəmiyyətin idarəetməsini öz əlinə alarsa, o zaman, yaradıcı şəxslər aradan götürüləcək, çünki onlar mənəvi səviyyəcə özlərindən yüksəkdə olanları məhv etməyə qadirdilər. Əgər əvvəllər tarixi yaradanlar siyasi xadimlər, hərbçilər, monarxlar idisə, indi onları maliyyə, kapital maqnatları və menecerlər əvəz edir. İnhisarçı mövqedən çıxış edən bu elitar nəzəriyyələr mürtəce, antixalq mahiyyəti kəsb edir.
Kapitalizmin imperializm mərhələsindəki inkişafının əsas xüsusiyyəti kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin maliyyə oliqarxiyasının yaranmasına gətirib çıxarmasıdır. Kapitalist ölkələrində nəhəng istehsal sahələrinin zəhmətkeş nəsillərin əməyi ilə yaranmasına baxmayaraq o, maliyyə oliqarxiyasını yaradan yüzlərlə zəngin ailənin ixtiyarındadır. İstismarçı hakim sinfin bu yüksək təbəqəsi ilə menecerlərin yuxarı təbəqəsi burjua sosioloqları tərəfindən iqtisadi elita adlandırılır.
Bu sahədə, xüsusilə, dünyada ABŞ kapitalının təmərküzləşməsi, iqtisadiyyatın inhisarlaşması üstünlük təşkil edir.

Amerika elitası üzrə tədqiqatçı T.Dayanın hesablamalarına görə, ölkənin 3,5 min zəngin adamı Amerikanın sənaye fəallarının yarıdan çoxuna nəzarət edir. ABŞ-nın 200 mindən çox sənaye kompaniyalarının illik gəliri 250 mln. dollar olan təkcə 501 fəalı mövcüddür.
ABŞ-ın 100 nəhəng korporasiyası ölkənin ən vacib iqtisadi, maliyyə sahələrini əhatə edir. Bunlar ən iri sənaye korporasiyaları olan «Standard Oyl of Nyu-cersi» (EKSSON), «Ceneral Motors», «TEKSAKO», «Ford Motors», «Qalf Oyl»dur. Kommunikasiya sahəsində əniri korporasiya olan «Ameriken telefon end teleqraf»dır ki, onun gəliri 50 mlrd. dollardır. Sığorta sahəsində ən iri korporasiya olan «Pruşenşl inşurens» 30 mlrd. dollar, digər korporasiya olan «Metropoliten layf» da öz fəalları ilə təqribən bu həcmdə gəlir gətirir.
50 bank ABŞ-ın bank fəallarının 65,6%-nə nəzarət edir. Bunlardan ən iriləri — «Bank of Amerika», «Siti korporeyşn», «Çeyz Manhettn bank»dır.
İnhisarlaşmanın ən yüksək dərəcəsi tədavül sahəsindədir. Maliyyə qrupları arasında Rokfellerlər, Mellonlar, Düpponlar, Fordlar qrupları seçilir. Keçmişənənələrə malik olan milyarderlər ailələri ilə yanaşı maliyyə oliqarxiyası elitasına son on illərin digər zənginləri də daxil olmuşdur. «Forbs» jurnalı Amerika milyarderləri içərisində şəxsi hesabı 2 mlrd. dollar olan D.Lüdviqin, B.Xanta və onun ailəsi, P.Riçardson və oğlu, Q.Qetti, D.Pakkarda, M.Devis, F.Anşutsun adını qeyd edir.
ABŞ-nın 500 korporasiyası ölkənin yarıdan çox varını, 150 ailə isə maliyyə oliqarxiyasını təşkil edir. Bir sıra korporasiyalar isə eyni ailələrə məxsusdur. Belə ki, eyni adamlar bu korporasiyaların prezidentləri olub, bir neçə korporasiyanın direktorlar şuralarının üzvü kimi öz əllərində nəhəng iqtisadi hakimiyyəti saxlayırlar. Müasir mərhələnin maliyyə oliqarxiyasının spesifik əlaməti onun çox bağlı bir qrup olması ilə izah edilir.
ABŞ-ın milyon-milyon zəhmətkeş kütləsinə isə bu ölkənin yalnız 8% milli var-dövləti məxsusdur.
Bu struktur çərçivəsi daxilində maliyyə oliqarxiyasına daxil olan bir neçə yüz ailə həmin ölkənin iqtisadi həyatının sahibi olmaqla yanaşı, bu ölkənin siyasi və mədəni sahəsinin güclü istiqamətvericilərinə çevrilirlər.
Məhz bu nöqteyi nəzərdən vaxtilə marksizm-leninizm təlimi dövlət və hakim adamların gündəlik həyatda nəinki dövlətin idarə olunmasını həyata keçirmələrini qeyd edir, həmçinin onları siyasi elita adlandırırdı.
Beləliklə, elitar nəzəriyyələrin sosial köklərini uzun illər kommunist ideologiyasına qulluq edən nəzəriyyəçilər antaqonist, ictimai-iqtisadi formasiyaların iqtisadi, sosial-siyasi şəraitində axtarmış və ümumiyyətlə elitarizmi geniş xalq kütlələrinə zidd, yabanı bir cərəyan kimi qələmə verməyə çalışmışlar. Düzdür, elitarizmin təşəkkülündə müəyyən iqtisadi-sosial amillər mövcuddur. Lakin bu nəzəriyyənin (elitar) kökünü insanın təfəkkür vəşüurunun sosial hadisələri dərk etmə momentində axtarmaq daha düzgün olardı. Məhz qnoseoloji müddəalar elitar nəzəriyyələr konsepsiyasını təmin edir, onun formalaşmasına əlverişli şərait yaradır.
Əslində elitar nəzəriyyələr bir tərəfdən sosial-iqtisadi səbəblərin, digər tərəfdən isə qnoseoloji köklərin vəhdətində formalaşmışdır. Elitar nəzəriyyələrin marksist-leninçi şərhi də məhz bu təsəvvürlərin (elitar) formalaşmasında sosial şəraitlə yanaşı qnoseoloji zəminin vəhdətinə əsaslanır.

Elitarizmin formalaşmasında əsas məsələlərdən biri sosial həyatın dərk edilməsi, idrak prosesidir. Bu proses materiyanın hərəkət formalarının daha mürəkkəbi olub, sosial hadisələrin subyektiv şərhini izah edir. Bu izah isə tədqiqat obyektinin özü ilə şərtləndirilir. Obyekt – maddi istehsal, sosial və siyasi münasibətlərin inkişaf səviyyələri olan konkret tarixi şəraitlə müəyyənləşdirilir. İdrak – subyekt və obyektin qarşılıqlı əlaqəsinin dialektik prosesidir. Onun nəticəsinə sosial formalar təsir göstərir ki, bu da dərk etməni bilavasitə həyata keçirir.
Elitar nəzəriyyələrin nəzəri, idrakı kökləri tarixi proseslərin ayrı-ayrı tərəflərinin mütləqləşdirilməsində hiss edilir. Başqa sözlə, elitarizm insanların maddi həyata münasibətlərinin mənəvi fəaliyyət prinsipləri əsasında formalaşmışdır.
Fəlsəfənin əsas məsələsinin idealits həllindən çıxış edərək bu nəzəriyyənin (elitar) müəllifləri belə bir nəticəyə gəlirlər ki, ictimai inkişaf iradə vəşüuru mənən zəngin olan şəxsiyyət və ya «ilahi» iradəsi olan «seçilmiş»lərin sayəsində baş verir.
Yuxarıda qeyd etdiyimiz kimi, bu fıkrin nümayəndələri cəmiyyətin maddi həyat şəraitində kütlələrin fəaliyyətini əsas götürən fikirləri rədd edirlər. Onlar belə ideya irəli sürürlər ki, təbiətdən fərqli olaraq cəmiyyətdə zəngin şüur və iradəyə malik insanlar fəaliyyət göstərir. Onlar qarşılarına müəyyən məqsəd qoyaraq onun həyata keçirilməsinə çalışırlar.
Belə illüziya yaranır ki, tarixi prosesin gedişini şüur və ideyalar doğurur. Bu zaman tarix ideyaların reallaşması, «əqlin» aparıcıları isə, seçilmiş şəxsiyyətlərdir. Şüurlu element tarixdə gerçəkliyin «demiurq» (Platonun idealist fəlsəfəsində – yaradan, dünyanı yaradan qüvvə, Allah) səviyyəsinə qaldırılaraq kütlələrin «fikirsiz» fəaliyyətinə qarşı qoyulur.
Marksizm klassikləri idealistlərin iki nöqsanını ciddi tənqid etmişlər. Bu tənqid ayrı-ayrı insanların – «seçilmişlərin» tarixi fəaliyyətinin obyektiv qanunauyğunluğunun kökünün maddi istehsalda axtarılmasında və tarixi inkişaf prosesində kütlələrin rolunun layiqincə qiymətləndirilməsində idi.
Elitar konsepsiyaların qnoseoloji kökləri uzun illər insanlar arasında bioloji və psixoloji fərqlərin böyüdülməsi, sosial-iqtisadi münasibətlər kontekstindən kənar siyasi fəaliyyətdə elm və texnikanın rolunun mütləqləşdirilməsi, elmi-texniki inqilabda, elmi və menecer elitasının fəaliyyət və təfəkkürünün rolunun həddən artıq yüksəldilməsi məhsulu kimi qələmə verilmişdir.
Müasir elitar plüralizm nəzəriyyəsinin əsas nəzəri köklərindən birini cəmiyyətin inkişaf amilləri ilə ictimai həyatın müxtəlif tərəflərinin – siyasət, iqtisadiyyat, mədəniyyət, din və s. mexaniki əlaqəsi ideyası tutur.
Beləliklə, sosial inkişaf prosesində əsrlər boyu hakim sinif kimi qiymətləndirilən dövlət adamları ilə, seçilmiş qrup və şəxsiyyətlərlə xalq kütlələri və siniflər arasındakı münasibətlər materialist və idealist baxışların mübarizəsi obyektinə çevrilmişdir. Bu təbəqələrdən biri cəmiyyətin üst hissəsini əhatə edən «elita», digəri isə yerdə qalan çoxluq – kütləni təşkil edirdi.
Dünyanın irəliləməsində, tarixi inkişaf prosesində hər iki tərəfin özünəməxsus rolu olmasına baxmayaraq çox illər ərzində «burjua ideologiyası», «kommunist ideologiyası» mövqelərindən çıxış edən müxtəlif nəzəriyyələr tarixdə birincilik rolunu da «elitaya», ya da xalq kütlələrinə verməyə cəhd göstərmişlər. Bu sadə fikirlərin üzərində müxtəlif nəzəri mövqe və cərəyanlar, təlim və nəzəriyyələr formalaşmışdır.

Yuxarıda biz bu nəzəriyyələrin bəzilərini nəzərdən keçirməyə çalışdıq. Nəzərdən keçirdiyimiz nəzəri mənbələrdə «elitar», «kütləvi» termini ilə bağlı hadisələrə – mədəniyyətə, incəsənətə burjua cəmiyyətinin mənəvi həyatının mürtəce məqamı kimi yanaşılır. Məhz bu səbəbdən müəlliflərin hamısı kütləvilik və ya elitarlıqda yalnız neqativ xüsusiyyətləri görməyə çalışırlar. Lakin elitarizm nəzəriyyələrinin müəllifləri isə burada yalnız müsbət keyfiyyətləri zəruriləşdirərək qiymətləndirirlər.
Bu məqsədlə yenə tarixə müraciət edək. Antik fəlsəfə elitar dünyagörüşünün banisi Platon tərfindən formalaşdırılmışdır. Özünün «İdeal dövlət»ində Platon demokratiyanı demosa qarşı qoyaraq idarəetmənin 4 tipini müəyyən edir: timokratiya (şöhrətpərəstlərin hakimiyyəti), oliqarxiya (varlıların hakimiyyəti), demokratiya (kütlələrin azadlığı), tiranlıq (birinin hamı üzərində hökmranlığı; bu tipi Platon demokratiyanın məhsulu hesab edir).
Lakin Platonun bu «İdeal dövlət»indəki əsas humanist cəhət ondan ibarətdir ki, o, insanın qabiliyyət və bacarıqlarını hər şeydən üstün hesab edərək, məhz bu xüsusiyyətə görə insanların bir idarə tərəfindən digərlərinə keçmək imkanını qeyd edir. Platona görə bacarıqsız, qabiliyyətsiz hakim nümayəndələr ən aşağı kastalara layiqdir, və ya əksinə, aşağı kastaya mənsub olan nadir istedad və vərdişə malik olanlar ali təbəqəyə köçürülə bilər. Platonun bu nəzəri qaydasını əsas götürərək Amerika elitar nəzəriyyələrin tədqiqatçıları olan K.Pryüit və A. Stoun onu elitanın dövriyyəsi nəzəriyyələrinin sələfi adlandırırlar. Platon nəzəriyyəsi təkcə elitarizm ideyalarının gözəl təsviri ilə deyil, həmçinin XX əsrin elitaristlərinə dərin təsiri ilə əhəmiyyət kəsb edir. Belə ki, Platonun sosial sistemin stabilləşməsində yaxşı idarə edən hakimin olmasının zəruri hesab edilməsi haqqındakı ideyası müasir elitar nəzəriyyələrin əksəriyyətində səslənir.
Orta əsrlərdə kilsənin ilahi və dünyəvi iyerarxiyasını təbliğ edən təlimlərdə kütlənin feodal hakimlərinə sözsüz təzimi və kilsənin aliliyi ideyası ön plana çəkilirdi. İohan Solsberiyski dövləti insan orqanizmi ilə eyniləşdirərək bu «bədəndə» ruhanilik – mənəviyyatı, hökmranlıq – başı, kəndlilər isə, ayaqları ifadə edirlər.
Orta əsrlərdə Allahpərəst kimi tanınan Foma Akvinski deyirdi ki, kütlələr heç bir tərəddüd etmədən «Allah tərfindən seçilmiş» hakimlərinə tabe olmalıdırlar. Özü də, bu müəllif onu da qeyd edir ki, tabe olmanı bədən hərəkətləri ilə həyata keçirtmək lazımdır. Mənəviyyatın ruhi hərəkətləri isə yalnız Allaha tabe olmaları vacibdir. Foma Akvinski feodal sistemin aşağıdakı iyerarxik pilləkən əsasında təsəvvür edirdi: «insanlar – mələklər – müqəddəslər – Allah».
Hakimlər və tabe olunanlar münasibətləri problemlərinə dair baxışlarda Nikolo Makiavellinin dünyagörüşü ziddiyyətlidir. O, bir tərəfdən İtaliyanın inkişafını ləngidən feodallara qarşı çıxış edirsə, digər tərəfdən kütlələrin etirazlarına səbəb olan buntlardan ehtiyat edirdi. O, hakimlərin xalq arasında optimal uyğunluq və əlaqə yaratmasının tərəfdarı olub, möhkəm, güclü hakimiyyəti bunda görür. Makiavelli hökmdarların tiranlıq hakimiyyətlərini kütlələrin buna dözərək «ikiüzlülüyə» çevrilməsinə görə məzəmmət edir. O, qeyd edir ki, hökmranlıq etmək üçün dövlət adamı insan fəaliyyətinin əsas amillərini bilməli, kütlənin maraq, zövq, meyllərini öyrənməli, onlara uyğun hərəkət edərək xalqı özünə tabe etdirməlidir. Tabe edilənlər isə öz hakimlərindən qorxmalı, onlara təzim etməli, vergilərini ödəməlidirlər.
C.Lokkun fikrinə görə isə dövlət çoxluğun iradəsinə müvafiq hərəkət etməlidir. O, dövlətin bölünməsi təlimini inkişaf etdirib.
XVIII əsrin fransız maarifçi və materialistləri tiranlıq və despotizmi amansızcasına tənqid edərək xalqın maraqlarının tapdandığını, onların feodal hakimləri tərəfindən ən zəruri hüquqlarının əlindən alınmasını ifadə edirdilər.
Helvetsi yazırdı ki, «Aristokratiya hakimiyyətin bütün formalarını qəsb edərək» xalqı kölə vəziyyətinə gətirib çıxarır. XVIII əsrin fransız materialistləri öz ideyalarında ikili mövqe tuturdular. Bir tərəfdən, xalqın qabaqcıl nümayəndələri ilə birgə kütlə Bastiliyanı ələ keçirirlərsə, digər tərəfdən, bu ideya sahibləri istismarçı mövqe tutaraq xalq kütlələrindən qorxurlar. Bu qorxu xalq kütlələrinin ictimai həyatı müstəqil formada idarə edə bilməyəcəyi inamında təzahür edirdi. Bu materialistlərin fikrinə görə, kütlələr maariflənmiş siniflərdən çıxmış liderlərin arxasınca getməlidirlər. İctimai həyatın şərhində sırf idealist mövqe tutan fransız materialistləri belə bir nəticəyə gəlirlər ki, tarixin yaradıcıları «ağıllı, zəkalı qanunverici şəxslər»… maariflənmiş hakimlərdir.
Xalq hakimiyyəti ideyaların görəkəmli Amerika demokratı T.Cefferson da inkişaf etdirmişdir. O, qeyd edirdi ki, hakimiyyətin xalq və ya ali təbəqə tərəfindən idarə edilməsi məsələsi hələ qədimdən bu günədək həll olunmamış qalmaqdadır. Bununla yanaşı, müəllif onu da qeyd edir ki, insanlar kürəklərində yəhərlə doğulmayıblar ki, bəzi imtiyazlılardan qanun adı altında istifadə olunsun.
Amerika konservatizm qanadının ideoloqu A.Hamilton isə müasir elitaristlərin təliminə müvafiq olaraq qeyd edirdi ki, cəmiyyətdə azlıq və çoxluq təşkil edənlər mövcuddur. Birincilər (azlıq) zənginlərdir ki, onların çox yaxşı mənşəyi var. İkincisi isə xalq kütlələridir. Belə deyilir ki, guya xalqın səsi – Allahın səsidir. Lakin bu belə deyil. Xalq dəyişkəndir, o, müxtəlif dalğalara mənsubdur və nadir hallarda düzgün ittiham edir. Xalqın hakimiyyətini arzuolunmaz və mümkünsüzlüyünü əsaslandıraraq Hamilton deyir: «Çoxluğa imkan versəniz, onlar azlıqları məhv edərlər».
Müasir elitar nəzəriyyələrin formalaşmasına güclü təsir göstərən nöqteyi nəzərlərdən biri də F.Nitsşenin baxışlarıdır. F.Nitsşe dünyavi inkişaf prosesini ilkin əsasını tarixin hakimiyyətə doğru cəhd göstərən qüvvələrində görürdü. Bu qüvvələr hakimiyyətdən «yaradıcı instinkt» kimi istifadə etmək istəyirlər. Müasir elitaristələrin konservativ qanadı Nitsşenin «Yer cənabları», «Aristokratiyanın ali irqliyi» haqqındakı konsepsiyalarını qəbul edərək onun fikirləri ilə bölüşürlər. Bu konsepsiyanın əsas qaydalarından biri də odur ki, xalq bütün vasitələrlə – zorakılıq, din, qul əxlaqı ilə qul şəraitində saxlanılmalıdır.
Nitsşenin əsas tənqid hədəfi – elitanın hökmranlığına qarşı çıxış edən inqilabi qüvvələrdir. O, qeyd edir ki, öz mövcudluqlarına ədalətsizcəsinə yanaşaraq buna görə əvvəlki nəsillərdən intiqam almaq istəyən qul təbəqəsindən vəhşi heç kəs qorxulu ola bilməz. O, kütlələrin təşkilliyindən onların inqilabi fəallığından qorxur. Nitsşenin siyasi idealı – xalq üzərində aristokratiyanın güclü hakimiyyətidir.
Elita nəzəriyyəçiləri sırasında XX əsrin nəhəng sosioloq və kulturoloqlarının təlimi xüsusi yer tutur. Bunlara İtalyan sosioloq-kulturoloqları Vilfredo Pareto, Qaetano Moska, Robert Mixels, İspan filosov və kulturoloqları Orteqa-i-Qasset, xüsusilə Z. Freyd, O. Şpenqler, M. Şelerin adlarını çəkmək olar.
Pozitiv sosiologiyada xüsusi xidməti olan V. Pareto hər bir cəmiyyəti iki hissəyə – elita və kütləyə bölür. Paretoya görə elitanın iki tipi mövcuddur. Bu tiplər bir-birini ardıcıllıqla əvəz edirlər. Elitanın birinci tipi «tülkü» xassəli mütəxəssislərdir ki, onlar yalandan bacarıqla istifadə edir, siyasi kombinasiyaların ustalarıdır. Elitanın ikinci tipi – «şir» xassəlilərdir ki, gücdən istifadə bu tipə xarakterikdir. Pareto elitanı siyasi hökmranlığı saxlama metodları nöqteyi nəzərlərinə görə təhlil edir. Hər elitaya özünəməxsus metod xasdır. «Tülkü» tipli elitaya xas olan manipulyativ metod (kompromislərin metodu), «şir» tipli elitaya isə kobud məcburiyyət metodu xasdır. Tarixin gedişatında elitanın struktur və dinamikasında dəyişikliklər müəyyən olunur. Bir elitanın başqası ilə əvəz olunması, elitanın hakimiyyət metodlarının bir-birini əvəz etməsi hər elita tipinin özünəməxsus üstünlükləri ilə izah edilir.
Sosial bərabərliyin qorunmasında Pareto məhz elita tiplərinin bir-birini ardıcıl əvəz etməsində görürdü.
Pareto kimlərin elitaya aid edilməsini müəyyənləşdirmək üçün statistik metodun tədbiqini irəli sürür. O, yazır: «Tutaq ki, insan fəaliyyətinin hər bir sahəsində fərdlərin qabiliyyətlərini əks etdirən indekslər verilir və bunlara müvafiq olaraq məktəbdə olduğu kimi onlar qiymətləndirilir. Məsələn, milyona qədər xəzinə toplamışları (həqiqi və ya qeyri-qanuni yolla, fərqi yoxdur), biz 10 balla qiymətləndirirk. Xəzinəsi minliklərlə ölçülənləri isə 6 balla, sürünənləri 1 balla qiymətləndirərək bu topluda daha çox var-dövləti ilə ən yüksək qiymət toplamışları «elita» adlandırırıq. Paretonun bu metodikası Q.Lassvellanın əsərlərində geniş tətbiq olunur. Bəzi sosioloq və kulturoloqların çoxu Paretonun bu konsepsiyasının müəyyən aspektləri ilə razılaşmayaraq elitizmin atası onu deyil, Q.Moskanı hesab edirlər. Moska konsepsiyasında da cəmiyyət iki təbəqəyə – elitaya (siyasi cəhətdən hökmranlıq edən azlıq) və kütləyə (siyasi cəhətdən tabe olan çoxluq) bölünür. Bu cür bölgü sivil cəmiyyətin ümumi normal şərti kimi qəbul edilir. «Bəşəriyyət tarixinin bütün dövrlərində – sivilizasiyaya yaxınlaşmadan başlamışən müasir cəmiyyətlərə qədər – idarə edən sinif və idarə olunan siniflər kimi qəbul edilən iki insan sinifləri mövcud olmuşdur. Bunlardan birincisi, daha az saylı olub, siyasi funksiyaları həyata keçirərək öz əlində hakimiyyəti inhisarlaşdırır və bu hökmranlığın üstünlüklərindən zövq alır, daha çoxluq təşkil edən digər sinif isə, birincilər tərəfindən asılı olaraq idarə olunur».
Elitanın psixoloji traktovkasından söhbət açarkən Z.Freydin fikirlərini, ideyalarını söyləməmək qeyri mümkündür. Freyd təsdiq edir ki, kor-koranə, şüuraltı instinktlərlə hərəkət edən kütləni yalnız elita idarə edə bilər. O, yazır: «Kütlə üzərində azlığın hakimliyi prinsiplərindən qaçmaq olmaz, belə ki, kütlə tənbəl və ətalət halındadır…»
Freyd təsdiqləyir ki, yalnız kütlənin özünün seçdiyi şəxsiyyətlər, rəhbərlər, onları faydalı işlərə cəlb edə bilər.
Elitizmin tərəfdarı olan O. Şpenqler tarixə sosial, mədəni inkişaf dövrlərinin bir-birini əvəz etməsi kimi baxaraq öz nailiyyətlərinə görəmədənəyyətin elitaya minnətdar olmasını da söyləyir.
Şpenqlerə görə kütləni güclü urbanizasiya formalaşdıraraq onların ənənəvi elitanın itaətindən çıxmasına şərait yaradır, bu isə ənənələrin, əvvəlki sosial təşkilatların məhvinə səbəb olur. Elitanın itaətindən çıxan kütlələr sivilizasiyaya təhlükə törədir, — bu Şpenqlerin əldə etdiyi nəticənin leytmotividir. O, texnoloji amillərdə elitanın mövcudluğuna xüsusi yanaşır. Onun «İnsan və texnika» adlı əsərində yazılıb ki, texnika insanları iki hissəyə bölür: bunlardan birincisi zavod vəşaxtalarda maşın texnikası ilə çalışan böyük miqyaslı insan kütlələridir; ikincisi, «yaradıcı kəllələr, təşkilatçı və mühəndislər, kəşf edən» azlıq – elitadır ki, bunlar da kütləyə rəhbərlik edir.
Şpenqlerin baxışlarına yaxın olan digər elitist A. Toynbi də sivilizasiya tarixinin tsiklik (dövrü) xarakterini mühüm hesab edərək burada elita tarixinə üstünlük verir. Onun fikrinə görə tarixi proses yaradıcı və hökmranlıq edən elitaların bir-birini əvəz etməsi prosesindən ibarətdir.
Yaradıcı elita düşüncə vasitəsilə cəmiyyət qarşısında duran vəzifələri həyata keçirir; hakim elita isə öz gücünə arxalanaraq öz hakimiyyətini saxlayır. Toynbinin bu konsepsiyası Paretonun «tülkü» və «şir» fikirlərinə çox yaxındır.

XX əsrin 30-40-cı illərində elita nəzəriyyələri ABŞ, İngiltərə, Fransa sosiologiya və kulturologiyasında geniş yer tutmağa başladı. Xüsusilə, bu nəzəriyyələrin ən iyrənc forması faşist nəzəriyyəçiləri tərəfindən irəli sürülürdü. Hitlerin «Mayn kampf» adlı kitabında elitizm fəlsəfəsini «dünya tarixini yalnız azlıq yaradır» ideyası ilə izah edərək bunun kökünü irqi fərqlər üzərindəki, sosial bərabərsizlikdə görürdü. Çoxluğun azlığa tabe olması prinsipinə qəzəblə yanaşaraq o, faşist elitarizminin kredosunu formalaşdırmışdır. Bu nəzəriyyənin qeyri humanist mahiyyəti bütün dünyada öz təzahürünü göstərmiş oldu. Tarixi inkişaf prosesi irəlilədikcə elitizm də inkişaf edir, yeni-yeni elit təlim və nəzəriyyələri yaranmağa başlayır. Bu nəzəriyyələr «elita sosiologiyası»nın yaranmasına böyük təsir göstərdi.
Elita sosiologiyasında etilizmi bioloji, psixoloji, dini aspektdən izah etməyə çalışan nəzəriyyəçilər müxtəlif konsepsiyalarla çıxış edirlər. Məsələn, alman nəzəriyyəçisi M.Freynd elitanın dini traktovkasını onun «maqnit gücünə» malik olmasıilə izah edir. Bu irrasional gücü, o, «allah gücünün ifadəsi, sehri» kimi qiymətləndirir.


Elitizmi bioloji əsasdan izah etməyə çalışan nəzəriyyəçilər isə daha kobud arqumentlərlə çıxış edirlər. cəmiyyət həmişə olduğu kimi təbiətin qanunlarına uyğun olaraq elita və kütləyə bölünüb və bölünəcəkdir: bunlar arasındakı fərq insanların təbiətindəki müxtəlifliklə, daha doğrusu fərdlərin irqi xüsusiyyətləri ilə izah edilir. İngilis sosioloqu S.Darlinqton hesab edir ki, elita ilə istismar olunan kütlə arasındakı fərq genetik xarakter daşıyaraq «möhkəm iri material» ilə müəyyən edilir. Tarixin gedişi ən yaxşı irsə malik olanların, yəni elitanın, sayəsində baş verir. Amerikalı sosioloq R.Uilyams bioloji prinsipi rəhbər tutaraq bildirir ki, «yaradıcı azlıq» ilə «qeyri yaradıcı çoxlüq» arasında fərq insanların genetik fərqləri ilə şərtlənir. Hələ doğulduğu gündən kimin elitaya kimin kütləyə aid olduğu bəllidir. İnsanlar arasında bərabərlik qeyri mümkündür.
Bioloji elitizm ilə rasizm arasında müəyyən yaxınlıq hiss olunur. Rasizm (irqçilik) insanlara bir gözlə baxmayan, bir irqi başqasından üstün tutan, irqlər, xalqlar arasında nifaq salan, uzun müddət burjua ideologiyasının bir sahəsi kimi tanıdılan bir nəzəriyyədir. İrqçilər tarixi prosesin hərəkətverici amilini «irqin rəngində» görür və onu elita adlandırırlar. Amerikalı irqçi-sosioloq Hans Kon xalq kütlələrini «rəngsiz şəxslər» adlandıraraq onların heç bir qabiliyyətə malik olmadığını və yalnız elitanın yaradıcı potensiala mənsub olduğunu və cəmiyyətin inkişafına kömək etdiyini bildirir.
Elitanın psixoloji nəzəriyyələri cəmiyyətə maddi əsasdan məhrum olmuş psixi bir mühit kimi yanaşaraq onun elita və kütləyə bölgüsünün əsas səbəbini insanların psixologiyasında görür. Psixoloqların bir çoxu Tardın təqlid nəzəriyyəsinə tərəfdar çıxaraq belə fikir söyləyirlər ki, kütlə elitanı təqlid edir. Amerikalı sosioloq L.Bernard yazır ki, kütlə «pul və hakimiyyət vasitəsilə iqtisadi müvəffəqiyyət əldə etmiş» insanları təqlid etməlidir.
İngilis sosioloqu M.Kinqsberq çoxluğun, kütlənin liderə mənsub olmaq ehtirası haqqında yazır: «Bəzi xalqlar idarə olunmağı çox sevdiklərinə görə ona cəhd göstərdikləri kimi, insanların çoxunda da tabe olmağa instinktiv tələbat mövcuddur». Bunu söyləməklə psixososioloqlar tabe olmaq və tabe etmək instinktlərinin anadangəlmə psixi keyfiyyətlər olduğunu təsdiqləməyəçalışırlar.
Elita sosiologiyasında müvafiq yer tutan nəzəriyyələrdən biri də elitanın «texnoloji» nəzəriyyələridir. Bu nəzəriyyələr də XX əsrin məhsulu olub, insanların müasir maşın istehsalının idarəolunmasının təşkilindəki bacarıq və qabiliyyətlərinə həsr olunub. Bu fikirlər C. Bernhem, A.Friş, D.Elesko, K.Bouldingin əsərlərində mühüm yer tutub. Bu müəlliflərin əsərlərində əsas fikir ondan ibarətdir ki, «hakim elita»nın yaranması cəmiyyətdə müəyyən vaxt çərçivəsində hansı funksiyaların əsas rol oynamasından asılıdır. Əgər XIX əsrdə «sahibkar təşəbbüsü» irəli çəkilirdisə, XX əsrdə «təşkilatçılıq qabiliyyətləri» həlledici xarakter daşımağa başladı. Bu konsepsiyaya əsasən müasir cəmiyyətin həqiqi təşkilatı və rəhbərləri, başqa sözlə ifadə etsək, elitası M.Lernerin təbirincə «sənaye və zavod əməliyyatlarını planlaşdıranlardır. Məhz bu inhisarçı qüvvənin idarəetmə qabiliyyətinə və rəhbərlik hisslərinə mənsubluğu onun elita xarakterinə yiyələnməsində vacib rol oynayır».
Bu konsepsiyanın tərəfdarları texnikanın rolunu fetişləşdirərək onun tarixin inkişaf gedişini müəyyən etməsini labüd qəbul edirlər. Onlar təsdiq etməyə çalışırlar ki, tarixi təkamül cəmiyyətin sənaye maqnatları və inzibatçı kastalarından ibarət olan elitadan və avtomat-fəhlələr olan zəhmətkeş kütlələrdən formalaşmasına şərait yaradır.
XX əsrin sonlarında elitanın texnoloji konsepsiyaları bir sıra ciddi təkamüllərə məruz qalır. Bu cəhətdən texnokratik məktəbin ilk nümayəndəsi T.Veblen istehsalatda mühəndis-texniki heyəti rəhbəredici orqan hesab edərək fəhlələri bu elita üçün passiv material kimi qiymətləndirirdi. Veblenin ardıcılları – Skott, Akerman, cons, Benda belə bir fikri irəli sürürdülər ki, cəmiyyətin idarəolunmasını yüksək ixtisaslı texniki ziyalılardan ibarət olan texnokratiya həyata keçirməlidir. Veblenin «Mühəndislər və qiymətlər sistemi» adlı kitabında texniki mütəxəssislərin artması ilə əlaqədar onların sosial hakimiyyəti – «texnokratiya» reallaşdırılmalıdır.
Elitizmi texnoloji əsasdan təhlil edən nəzəriyyəçilərdən biri də ceyms Bernhem özünün «Menecer inqilabı» adlı proqram əsərində nəinki təkcə istehsalatın, o cümlədən bütün ictimai həyatın idarəolunmasını yeni elitaya – menecerlərə verilməsini vacib hesab edir. Onun bu konsepsiyası kapitalizm sisteminin, inhisarçılığın əbədi olması ideyasına müəyyən zərbə vurmuş oldu. Belə ki, Bernhem ardıcılları – Elesko, Friş, Bouldinq birbirinin ardınca sübut etməyə çalışırdılar ki, «təşkilatçıların inqilabı» bir sıra Qərb ölkələrində baş vermiş kapitalizm köklü dəyişikliklərə məruz qalaraq yeni ictimai təbəqənin formalaşmasına səbəb olmuşdur. Bir çoxları bunu menecerlik, bəziləri «xalq kapitalizmi» kimi qiymətləndirirdilər.
Elita məsələsinə müxtəlif aspektlərdən yanaşan elitistlər öz nəzəriyyələrini tarixi analogiyalarının köməkliyi ilə əsaslandırmağa çalışırdılar. Bu nəzəriyyələrin nümayəndələri, müəllifləri öz fikir və ideyalarında ona istinad edirlər ki, xalq kütlələri cəmiyyətin idarə olunması işindən kənarlaşdırılıb və bunu hakim sinfin inhisarçıları həyata keçirmişlər. İdeoloqların çoxu antaqonist formasiyalarda xalq kütlələrinin vəziyyətini heçə endirərək bunu ümumi ictimai-sosial qanun kimi izah etməyə çalışırlar.
Fransız sosioloqu Lakrua öz fikrini belə təsdiqləyir: «Tarix boyu cəmiyyət elitanın mövcudluğuna görə yaşamışdır… Elita anlayışı zaman, yer və məkana uyğun şəkildə müəyyənləşdirilibsə də, eyni formada mövcud olmuşdur». Elita bütün cəmiyyətlər üçün xasdır – bu fikir elitistlərin irəli sürdükləri əsas ideyalardan biridir. Onlar elitanın müəyyən olunmasını cəmiyyətin sosial, mədəni və psixoloji inkişafının immanent xassəsi kimi qiymətləndirərək onu sivilizasiyanın ayrılmaz atributu hesab edirlər. Elita hakimiyyətin zəifləməsi cəmiyyətin qorxulu xəstəliyinə çevrilərək sivilizasiyaya maneçilik törədir.
Sözsüz ki, elitistlərin bir qismi antaqonist formasiyaların labüdlüyünü iddia etmək məqsədilə elitanı xalq kütlələrinin əks qüvvəsi kimi qələmə verməyə çalışırlar. Çünki onlar tarixi yalnız əzən və əzilməz sinfi kimi təsəvvür edirlər.
Ona görə də bu nəzəriyyəçilərin fikrincə elita adi kütlədən tam surətdə fərqlənən və seçilən hakim təbəqədir. Bu konsepsiyanı dəstəkləyən müəlliflər insanların sosial qeyri-bərabərliyini iddia etməklə yanaşı, bu qeyri-bərabərliyin fövqündə, həm də qarşı-qarşıya qoyulmuş düşmən münasibətlərin də olduğunu təsdiqləyirlər. Əlbəttə, elitistlərin bu nəzəriyyələri əsrlər boyu tarixdə mövcud olmuş və olan antaqonist cəmiyyət üçün haqq qazandıran və hakim siniflərin iddialarına cavab verən «mənəvi» stimul rolunu oynamışdır.
Müxtəlif arqumentlərə əsaslanan elitistlərin hamısı üçün ümumilikdə bir neçə xüsusiyyət xasdır. Bu xüsusiyətlər ilk növbədə ondan irəli gəlir ki, siyasi əlaqələr və siyasi hakimiyyət ictimi münasibətlərin əsas zəmini rolunu oynayır. cəmiyyət heç zaman idarəetmə funksiyası olmadan keçinə bilməz; və bu funksiya bütün cəmiyyət tərəfindən aparıla bilməz, bunu hansısa müəyyən azlıq yerinə yetirir. Bu azlığın özü – elitadır. Öz rəhbəredici funksiyasını yerinə yetirən elita ilk növbədə öz liderlik vəziyyətinin möhkələndirilməsi qayğısına qalaraq özünü hakim azlıq kimi təsdiqləməyə çalışır. Elitaya mənsubluq onun nümayəndələrinin bir sıra imtiyaz, güzəşt, sosial nüfuz və s. malik olmasını zəruri edir. Təbiidir ki, bunların qorunmasının təmini üçün elita kiçik kompakt bir qrupda birləşir. Alman elitisti L.Froynd yazır ki, hakimiyyəti, nüfuzu itirmək qorxusu elitanın bir-birinə möhkəm birləşməsini tələb edir. Elita öz üzvləri üçün müəyyən status işləyib hazırlayır, davranış normalarını müəyyən edir.
Elitanın öz məqsədlərinə nail olmasının əsas vasitəsi – dövlətdir. Dövlət orqanlarının bütün mühüm yerlərini elita nümayəndələri təmsil edir. Ona görə Mosk elitanı, həm də «dövlət sinfi» adlandırır. cəmiyyətin elita və kütlələrə təbəqələşməsi sivilizasiyanın ilkin və əsas şərti hesab edilir. Bunsuz cəmiyyətin xəstəliyə – anarxiyaya düçar olması labüddür.
Elitizmin əsas meyarı – siyasi münasibətlərin mütləqləşdirilməsidir. R. Barkli qeyd edir ki, elita nəzəriyyəsi siyasi hakimiyyətə əsaslanır. Çünki siyasi hakimiyyət bütün sosial münasibətlərin tənzimləyicisidir. Siyasi hakimiyyətə malik olmayan təbəqəni, onun fikrincə, elita adlandırmaq olmaz.
Beləliklə, tarixin müxtəlif dövr və mərhələlərində irəli sürülən elitar nəzəriyyələrə, onların konsepsiyalarına nəzər yetirdikdən sonra belə bir ümumi nəticəyə də gəlmək olur ki, elitizmdə bir çox məqamlar, ideyalar, hətta antidemokratik xarakter də kəsb edir. Düzdür, uzun illər, xüsusilə, sosializmin dünyada geniş yayıldığı tarixi mərhələlərdə hətta elitar nəzəriyyələr antiinsan, anticəmiyyət mövqeyindən «burjua ideologiyasının» ayrılmaz tərkib hissəsi kimi təhlil edilirdi. Bu təhlillərdə elitarizmin sırf antidemokratik mahiyyətə malik olduğu sübut olunmağa cəhd göstərilirdi və o antidemokratizmin nəzəri cəhətdən əsaslandırılması kimi qəbul edilirdi.
Amma əslində elitarizm ilə demokratiya nəzəriyyələri arasındakı ziddiyyət, xüsusilə, iki məsələyə olan münasibətdə çox aydın hiss olunur: birincisi, demokratiya insanların bərabər hüquqa malik olduğunu iddia etdiyi halda, elitarizm insanların qeyri-bərabərliyini söyləyir; ikincisi, elitarizmin bünövrəsi tam hüquqa malik qüvvə – hakim sinif hesab edilirsə, bu da demokratiyada azlığın çoxluğa tabe olması prinsipinə yaddır. Elitaristlərin fikrincə demokratiya xalq tərəfindən bəyənilən, müdafiə olunan elitanın idarəetmə formasıdır.
Düzdür, bəzi elitar nəzəriyyələrdə mürtəce mahiyyət kəsb edən mövqelərə rast gəlmək mümkündür (yuxarıdakı təhlillərdə biz bunu hiss etdik), amma cəmiyyətdə elitanın mövcudluğunun labüdlüyü haqqında müddəalar bu nəzəriyyələrin özəyini təşkil edir. Ən azı ona görə ki, cəmiyyəti inkişaf etdirmək üçün onun irəliyə addımlaması üçün düşünən beyinlər, yaradıcı, bacarıqlı şəxsiyyətlər lazımdır. Bunlar isə «elita» anlayışının hərfi tərcüməsindən irəli gələn cəmiyyətin «qaymaq»ları, yəni seçilmişləridir.
Elmi mənbələrdən mənimsədiyimiz biliklər əsasında gəldiyimiz nəticə bundan ibarətdir ki, cəmiyyətdə təbəqələşmənin mövcudluğu labüddür, lakin bu təbəqələşmə humanistcəsinə baş verən proses olmalıdır. Hər kəs, hər fərd həyata, aləmə qarşı olan münasibəti nəticəsində hər hansı bir təbəqə və ya zümrənin nümayəndəsinə çevrilir. Təbəqələşmə insanın yaradıcı fəaliyyəti, əməksevərliyi ilə bağlı olan hadisələrdir. Xüsusilə, elitar təbəqəyə malik olmada bu xüsusiyyət daha aydın hiss olunmaqdadır.
Cəmiyyətin bölgüsündə «elitar» təbəqəyə qarşı qoyulan təbəqələrdən ən vacibi «kütləvi cəmiyyət» anlayışıdır. Sosiologiyada və kulturologiyada bu obyekt ətrafında müxtəlif nəzəriyyələr və təlimlər formalaşmışdır. Amerika sosioloqu E. Uolter bu anlayış haqqında belə yazır: «Kütləvi cəmiyyət sosioloji lüğətin ən geniş yayılmış terminlərindən olub, bəziləri tərfindən bu anlayış cəhalət yalanı kimi rədd edilirsə, digərləri onu həqiqət kimi, üçüncülər onu cansıxıcı şablon kimi qəbul edirlər. «Kütləvi cəmiyyət», onun mahiyyəti, mənşəyi artıq neçə onillərdir ki, böyük diskussiyaya səbəb olub. Çox qəribədir ki, bu diskussiyaların müəlliflərinin əksəriyyəti özünü heç də kütləvi cəmiyyətin tərəfdarları kimi qələmə vermirlər. Çox qəribədir ki, bu məsələ ilə əlaqədar bütün fikir və ideyalar yalnız tənqidi nöqteyi nəzərdən təhlil edilir. Yəni «kütləvi cəmiyyət» anlayışı yalnız ciddi tənqid obyektinə çevrilib. Liberallar və konservatorlar, sağ sosialistlər, «ultra» Amerikalılar – hamı kütləvi cəmiyyəti yalnız tənqid edir. İngilis sosioloqu A.Stüart yazır: «Siyasi istiqamətlərin bütün nümayəndələri «kütləvi cəmiyyət» anlayışından müasir cəmiyyətdə bəyənilməyən əlamətlərin tənqidi məqsədilə istifadə edirlər».

Bəs «kütləvi cəmiyyət» nədir? Bütün sosioloji və kulturoloji mənbələrdə bu anlayış çox illər burjua ideologiyasının «məhsulu» kimi təqdim edilmişdir. Elitarizmdə, gördüyümüz kimi, «kütləvi cəmiyyət» elitar təbəqənin antipodu kimi qəbul edilir.
«Kütləvi cəmiyyət» haqqında ilk konsepsiyalar XVIII-XIX əsrlərdə sosal dəyişikliklərin aristokratik tənqidi kimi meydana çıxmışdır. Bu nəzəriyyələrin müasir müəllifləri, sələfləri olan Lebon, Nitsşe, Berdyayev, Orteqa-i-Qassetin ideyalarına istinad edirlər. «Kütləyə qarşı buntun» ən parlaq nümayəndəsi Nitsşe hesab edilir. Hətta «kütləvi mədəniyyət» nəzəriyyəçilərinin müasir nümunələri Nitsşenin açıq-aydın nifrət dolu fikirlərindən utanaraq yan keçirlər. Nitsşe «kütləvi cəmiyyət» doktrinasının əlifbasını yaratmışdır. Onun bu fikirləri «kütləvi cəmiyyət» və «kütləvi mədəniyyət» haqqındakı nəzəriyyələrinin epiqrafina çevrilmişdir. Nitsşe kütlələrə qarşı nifrət hissində daha ardıcıl və ifadəli olub bu «bacarıqsız çoxluqda» həqiqi elitanın müəyyən edilməsi, siyasi elitanın vasitə kimi istifadə etməyi lazım bilirdi.
Q.Lebonun «kütlələrin psixologiyası» adlı konsepsiyası «kütləvi cəmiyyət» doktrinasını zənginləşdirərək bildirirdi ki, cəmiyyət «kütlənin hökmranlığı» olan anarxiya dövrünə qədəm qoydu. Orteqa-i-Qasset isə özünün mədəni-sosial konsepsiyasında «insan-kütlə» obyektini əsas götürərək müasir «kütləvi cəmiyyət» nəzəriyyələri üçün bünövrə yaratmışdır.
Orteqa qeyd edir ki, nankor kütlələr elitanın ardınca getmək əvəzinə idarəetmə qabiliyyəti olmadan hakimiyyətə can atır. Bu isə əsrin kataklizminə dağıdıcı çevriliş çevrilir və sonu vəhşiliklə bitir. Sosial psixologiya sahəsində (Lebon) təşəkkül taparaq «kütləviləşmə» konsepsiyası insan fəaliyyətinin digər sahələrinə, o cümlədən mədəniyyət sahəsinə (Orteqa) nüfuz edir. Lebon, Tard, Orteqa tərəfindən müəyyən edilən kütlə psixologiyasının xarakteristikası irəli sürülən konsepsiyaların əsasını təşkil edərək iqtisadiyyat, sosial münasibətlər və siyasətə köçürülür və hər bir obyektdə yalnız bir aspektə baxılır: kütlələrin kütləvi auditoriyasının yaranması.
«Kütləvi cəmiyyət» doktrinası yarandığı vaxtdan antidemokratik konsepsiya mahiyyəti kəsb edərək dünyaya aristokratiyanın müdafiəsi nöqteyi-nəzərindən yanaşmanın vasitəsi rolunu oynayıb.
«Kütləvi cəmiyyət» nəzəriyyəçilərinin əsərləri ilə tanış olan hər kəs bu anlayışlardakı müxtəlifliklərlə üzləşirlər. Bu müxtəliflik, əlbəttə, təəccüblü deyil; «kütləvi cəmiyyət»in tərəfdarları və tənqidçiləri eyni prosesləri təhlil edərək yalnız müxtəlif aspektdən qiymətləndirirlər. Belə ki, nəzəriyyəçilərin bir qismi «kütləvi cəmiyyət»dəki hadisələri kütlələrin təntənəsi, digərləri isə, elitanın hökmranlığı kimi qiymətləndirir. İkinci fikrin nümayəndələri bu ideyanın qəti tərəfdarları olsalar da, elitanın cəmiyyətdə hər şeyə nailolma imkanına malikliyini təsdiqləyə bilmirlər. Çünki elita kütləyə, əsasən hökmranlıq edir.
«Kütləvi cəmiyyət» tənqidçilərini birləşdirən ümumi cəhət ondan ibarətdir ki, cəmiyyətdə elita ilə kütlə arasındakı normal, qarşılıqlı əlaqələrin pozulması bu iki təbəqə arasındakı fərqin ən başlıcasıdır. «Kütləvi cəmiyyət» konsepsiyaları əsasında formalaşan doktrinanın yaranmasına əsas səbəb xalq kütlələrinin tarixdəki rolunun əhəmiyyətini rolunu ifadə edən ideyaların səslənməsi və sosial tendensiya xarakteri kəsb etməyə başlanması idi. Xalq kütlələrinin tarixin inkişaf prosesinə birbaşa təsiri haqqındakı tendensiyaları K.Marks və F.Engels işləyərək ictimai inkişaf prosesinin gedişində xalq kütlələrinin artan rolu qanununu əsaslandırmışlar.
Marksist nəzəriyyənin bu konsepsiyasına görə, aktiv sosial fəallığa cəlb olunan kütlələrin artan miqyası ictimai dəyişikliklərə əhəmiyyətli təsir göstərir.
«Kütləvi cəmiyyət» haqqında konsepsiyaların əsas fundamental kateqoriyası – kütlədir. Siqel, Lebon, Q.Tard, N.Mixaylovskinin «kütlə» modelinin əsasını «dəstə», «yığın», «camaat» təşkil edir. Dəstə, camaat, yığın – bir sözlə, kütlə fərdlərin sosial vəziyyəti, milliyyəti, peşəsindən asılı olmayaraq hər hansı bir hadisə ilə əlaqədar onların qarşılıqlı əlaqəsini zəruri edən psixoloji fenomendir. Dəstədə, yığında onun «ruhu»nu (Lebon) təşkil edən sosial-psixoloji vəhdət formalaşır.
O, ümumi hisslərə mənsub olaraq bunun nəticəsində enerjinin güclü şəkildə yüksəlməsinə nail olur. Bu təsir altında şüurlu şəxsiyyət amili yox olur. Məhz bu xüsusiyyətinə görə, Siqel bu nöqteyi-nəzərdən çıxış edir ki, dəstə, yığın sosiologiyanın deyil, psixologiyanın, daha dəqiq deyilsə, kollektiv psixopatologiya və psixiatriyanın obyektidir.
Tarda görə, dəstə qarşılıqlı simpatiyaya, «təqlid mənbəyinə» görə formalaşır və burada əsas amil insanları birləşdirən emosiyalardır. Lebon və Siqelə görə isə kütlələr mənfi hisslər ətrafında müçbət emosiyalar nisbətən daha tez birləşirlər. Siqele əlavə edir ki, dəstə, yığının böyüklüyü onun sayca böyüklüyü ilə əlaqədardır. Kütlədəki ayrı-ayrı fikirlərin qarşılıqlı razılıqla qarşılanması inam və hətta fanatizmin formalaşmasını təmin edən amillərdəndir. Dəstə, yığın, nəhayət kütlə haqqında irəli sürülən müəlliflərin fikirlərini aşağıdakı şəkildə ümumiləşdirmək olar: 1) Dəstə, yığın, kütləyə sadəcə qurğu kimi yanaşmaq olmaz; onu təşkil edən ayrı-ayrı insanların şüuruna böyük təsir göstərən vahid bütövlükdür; 2) Kütlə «aşağı səviyyənin orqanizmi» kimi; insanlar kütlə ətrafında onun üzvlərinə aydın olan daha elementar emosiya və ideyalara görə birləşirlər ki, bu da onun intellektual və mənəvi səviyyəsinin həmin cəmiyyətin «normal» hesab edilən üzvlərinin səviyyəsindən aşağı olmasına əsas səbəbdir. 3) Şəxsiyyət kütlə içərisində heçə enərək «sivilizasiya pilləkənindən aşağı düşür». Lebonun fikrincə kütləvi hərəkətlərdən kənar şəxsiyyət «mədəni insan hesab edilirsə, dəstədə o, instinktiv bir varlığa, vəhşiyə çevrilir». Kütlənin adekvat modeli kimi hazırda dəstə yığın deyil, publika, yəni tamaşaçı əsas meyar kimi çıxış edir.
«Dəstə», «publika», «tamaşaçı» kateqoriyalarının hər biri tarixi mahiyyət kəsb edir. «Kütlə», «publika» və «tamaşaçı» kateqoriyalarının fərqləndirilməsi ilk dəfə Tard tərəfindən həyata keçirilmişdir. O, öz müddəalarında tələb edirdi ki, «kütləni publika ilə eyniləşdirmək olmaz»; çünki kütlə insanların fiziki vəhdətidirsə, publika insanların nisbətən səpələnmiş formasıdır; birincisi daha «dözülməz» olduğu halda, ikincisi passiv və daha «sivil» xarakter daşıyır.
«Kütlə» anlayışına yeni nöqteyi nəzərdən yanaşmanın ilk pioneri Amerika sosioloqu Q.Blümer hesab edilir. Onun irəli sürdüyü «kütlə»nin yeni modeli kinoteatrların auditoriyası idi (o, uzun müddət kinotamaşaçıların tədqiqi problemləri ilə məşğul olmuşdur). Kinotamaşaçılar kütləsi eyni cəhdlərə istiqamətləndirilmiş, möhkəm qarşılıqlı əlaqəsi olan insan toplusu hesab edilə bilməz; əksinə, bu insan kütləsi tərkibinə daxil olan fərdlər xüsusiləşirlər. Blümerə görə kütlənin əsas xarakteristikasına onun üzvlərinin anonimliyi və bir-birindən təcridi, aralarındakı qarşılıqlı əlaqənin zəifliyi, sosial mənşə və vəziyyətlərinin təsadüflüyü («kütlə» həmçinin digər ölkə nümayəndələrini peşə, sənət adamlarını da özündə birləşdirir), təşkilatçılığın olması və qeyri müəyyənliyi aiddir.
Publika modelinin təşəkkülü «kütləvi mədəniyyət» fenomeninin tədqiqi prsesində yaranır. Belə ki, «kütləvi mədəniyyət» və kütləvi kommunikasiya vasitələrinin təhlili prosesində «publika», «tamaşaçı» anlayışı öz zəruriliyini doğruldur. Tardın publika, tamaşaçı modeli qəzet mütaliəsi ilə məşğul olanlardırsa, Blümerə görə, yuxarıda qeyd etdiyimiz kimi, kino tamaşaçılarıdır. «Kütləvi mədəniyyət»ə dair tədqiqatlarda Blümerin modelinə qismən yanaşılır. Blümerin kino tamaşaçıları vahid auditoriyaya bilavasitə əlaqələri ilə bağlıdır; lakin müasir tədqiqatların çoxunda «kütləvi mədəniyyət»də bir-birilə bilavasitə əlaqəsi olmayan parçalanmış publika, tamaşaçı kütləsi də böyük maraq doğurur. Belə publika, tamaşaçı kütləsinin ideal modeli televiziya tamaşaçılardır.
«Kütləvi mədəniyyət» passiv publikaya doğru istiqamətləndirilərək onların yaradıcı, inqilabi dəyişdiricilik fəaliyyətindən yayındırılmasına xidmət edir, -bu fikirlər bir vaxtlar kommunist ideoloqlarının həmin mədəniyyət haqqında söylədikləri idi.
«Kütləvi cəmiyyət» doktrinasının sonrakı müəlliflərindən bir qismi isə, kütləni «siyasi cəhətdən laqeyd insanlar» (X.Arendt) kimi qiymətləndirir. Digər tədqiqatçı F.Albertoni isə qeyd edir ki, Qərb tədqiqatçıları üçün XX əsrin I yarısındakı «kütləviləşmə», proletarlaşma prosesi onların siyasi fəallığının yüksəlməsi ilə izah edilirdisə, müasir «kütləviləşmə» əksinə, insanların siyasi problemlərə marağın yavaş-yavaştənəzzülü prosesi kimi xarakterizə edilir.
«Kütləvi cəmiyyət» modelinin əsas kateqoriyalarından biri də «xalq»dır. «Xalq», «kütlə» anlayışları arasında sosial-siyasi və etnoqrafik mənalarına görə müəyyən fərqləri üzə çıxarmaq mümkündür. C. Santayanaya görə xalq «qan, dil, din vəhdətinə görə sivil tayfaların birliyidir».
Lippmana görə isə xalq – birlikdir. Onun mahiyyəti fərdlərin, məhz bu birliyin tərkibindən çıxması ilə izah edilir. Beləliklə, «əhali» anlayışının sinonimi kimi çıxış edən «xalq» məfhumu «insan yığımı» mənasını verir.

Marksizm nəzəriyyəsində xalq kütlələri məfhumu tarixi kateqoriya kimi izah edilərək cəmiyyətin inkişafı ilə bağlılığı sübut edilir. Burada tarixin inkişafı, təkcə istehsal üsullarının bir-birini əvəz etməsi ilə deytl, xalq kütlələrinin inkişaf səviyyəsi nöqteyi-nəzərindən izah edilir. Bu nəzəriyyəlirin klassikləri xalq kütlələrinin əməyi və mübarizəsini cəmiyyətin tarixi inkişafının əsas meyarı kimi qiymətləndirirlər. Xalq öz əməyi ilə böyük maddi və mənəvi sərvətlər yaradır. Böyük rus yazıçısı M. Qorki yazırdı: «Xalq nəinki bütün maddi sərvətlər yaradan qüvvədir, o, zəngin mənəvi sərvətlərin yeganə dükənməz mənbəyi, zaman etibarilə, öz gözəlliyi və yaradıcılığının gözəlliyi və dühası etibarilə bütün böyük poemaların, faciələrin, o cümlədən onlardan ən əzəmətlisi olan ümumbəşər mədəniyyətinin tarixini yaradan ilk filosof vəşairdir.( M. Qorki. Ədəbi-tənqidi məqalələr, M. 1957, səh 26.)

Bəzi Qərb sosioloqları «kütlə» kateqoriyasına sosial proseslərin təşkilinə pozğunluq gətirən əsas səbəb kimi yanaşaraq insanların davranışlarına, gündəlik həyat tərzinə təsirini araşdırmağa çalışırlar. Belə ki, «kütləvi davranışın» spesifik tipi kimi çaxnaşma, hay-küyü (panika), apatiyanı, moda, qiyamı, sosial hərəkatları nümunə göstərirlər.

«Kütləviləşmə» prosesinin psixologiyasını tədqiq edən Lebon insanların kütlədəki davranışını kütləvi psixozun formasfı kimi qiymətləndirir. Onun fikrincə, kütlə fikirləşmir, o, (kütlə) öz hisslərinin hakimidir; burada kiçik antipatiya nifrətə, adi istək güclü ehtirasa çevrilir. Kütləni aldatmaq bir nəfəri aldatmaqdan çox asandır. Kütlənin sayı nə qədər çox olarsa, səviyyəsi bir o qədər aşağı düşər. Kütləni seçilmiş nümayəndələr deyil, törtöküntülər maraqlandırır; dünyaya hökmranlıq edənlərin hamısı kütlələrin ruhunu instinktiv başa düşən psixoloqlar olmuşdur ki, məhz buna görə onlar hökmdarlığa nail ola bilmişlər.

Lebonun bu fikrinə Orteqa-i-Qasset də əlavələr edərək kütlənin rəhbərlik etdiyi cəmiyyətin uçuruma yuvarladığını bildirir və cəmiyyətin yalnız elita ilə idarə olunmasını məqbul hesab edirlər. XX əsrin böhranını Orteqa-i-Qasset əsas hərəkətverici qüvvənin elita deyil, kütlənin olması ilə izah edirdi.

«Kütləvi cəmiyyət» doktrinasının bütün müəlliflərini maraqlandıran məqamlardan biri də «kütləviləşmə»nin formalaşmasına zəmin verən amil və şərtlərin araşdırılmasıdır. Bu barədə nəzəriyyələrin ümumi fikir məxrəci ondan ibarətdir ki, «kütləviləşmə» istehsalat, itsehlak, mədəniyyət strukturları ətrafında baş verir. Kapitalizm şəraitində kütlələrin birləşmə xarakteri milli gəlir, siyasi imtiyazların, sosial nüfuzun, mədəni nailiyyətlərin azlıqların əlində cəmlənməsi ilə izah edilir.

«Kütləviləşmə»nin sosial-iqtisadi zəmini, adətən son yüz ildə demokratik partlayışla müşayiət edilir.

İqtisadi sahədəki «kütləviləşmə»ni sosioloqlar sənayeləşmə və urbanizasiya ilə əlaqələndirirdilər. «Kütləviləşmə» «sənaye sivilizasiyası»nın məhsulu kimi qiymətləndirilir. Burada əsas yer kütləvi istehsala verilir. Martin Deyl yazır: «Kütləvi məhsul – «kütləvi cəmiyyət»in simvoludur. Azad rəqabət kapitalizmi istehlakçının müstəqilliyindən əmələ gəlmişdir. İnhisarlar istehlakı «özbaşına» buraxa bilməz, əksinə, onları özünün möhkəm nəzarətinə götürərək istehlakçıların zövqlərini «bərabərləşdirirlər». Bu xüsusiyyətdən çıxış edərək C. Helbreyt yazır: «Məhsulları hazırlayan firma bazar münasibətlərini idarə edərək onu nəzarət altında saxlayır və xidmət etdiyi kütlə üzərində sosial qaydaları formalaşdırır».( Qelbreyt Dc. «Novoe industrialnoe obshestvo». M. 1969, str. 260.) Beləliklə, kütləvi istehsal bir tərəfdən pisliyin mənbəyi, digər tərəfdən isə firavanlığın açarı kimi qiymətləndirilir.

Siyasi sahədə «kütləviləşmə»ni tənqid edənlər təsdiq edirlər ki, ümumi seçki hüququna əsaslanan «kütləvi demokratiya» idarə sistemi «qeyri-ixtisasçıların, qeyri mütəxəssislərin hücumu»na səbəb olur ki, bu da siyasi liderliyi, elita mövqeyini sarsıdır. Bununla yanaşı, «kütləvi cəmiyyət»in tənqidçiləri insanları öz təsiri altında saxlayan elitanın onları «siyasi ətalət kütləsi»nə çevirməsini də vurğulayırlar.

Mənəvi həyat sahəsində bu «kütləvi mədəniyyət» — cəmiyyətdir, elitar mədəniyyət məhv olur, ünsiyyətin kütləvi vasitələri «mənəvi tələbatları» vahid şəklə salır, tarazlayır, mədəni standartları aşağı salır. Təfəkkürün müstəqilliyini boğan mənəvi istehsal sənayeləşərək fərdi ona yad olan sosial sistemin maraqlarına yönəldir.

«Kütləvi cəmiyyət» nəzəriyyəçiləri xalq kütlələrinin tarixi prosesdəki artan rolunu nəzərdən keçirməyə bilmirlər. Bu nəzəriyyənin solçuları yenə də kütlələrin, xüsusilə, proletariatın tarixi missiyalarına inanmayaraq və bunu qəbul etməyərək bütün ümidlərini radikal ziyalılara bağlayırlar. Bütövlükdə «kütləvi cəmiyyət» nəzəriyyəsində xalq kütlələrinin artan rolu sivilizasiyanın qurumu kimi şərh edilir. Bu nəzəriyyələr müəyyən real proseslərə əsaslanaraq insan kütlələrin fəaliyyət qanunauyğunluqlarını nəzərə alır.

Xalq, kütlə olmadan mədəniyyətin, sivilizasiyanın mümkünlüyündən danışmaq əbəsdir. Xalqın həyat və mübarizəsini ifadə edən mədəniyyət hər bir dövrün sivilizasiyasına əhəmiyytli hədiyyədir. Xalqın əsrlərlə seçib saxladığı əfsanələr, mahnılar, rəqslər, xalq eposunun gözəl bədii surətləri, yazıçılar, bəstəkarlar, rəssamlar və sənətin digər sahələrinin nümayəndələri üçün, əslində dükənməz ilham mənbəyi olmuşdur. Marksist nəzəriyyəçilər mədəniyyətin böyük xadimlərinin məhz xalqın, kütlənin içərisindən çıxdığı dəfələrlə ifadə etmişlər.

Əgər qısaca qeyd etməli olsaq, tarixi inkişafın ümumi prosesi obyektiv qanunauyğunluq olsa da, həm şəxsiyyətlər və həm də xalq kütlələri bu prosesə öz təsirini göstərir, onun sürətini artırır. İctimai-iqtisadi və tarixi şərait lazımınca yetişdikdə isə böyük tarixi vəzifəni yerinə yetirməyi bacaran şəxsiyyət meydana gəlir.

«Kütləviləşmə» konsepsiyalarının antikommunist istiqaməti sosializmi daim tənqid edərək şəxsiyyətin yalnız dövləti möhkəmləndirmək işində vasitə kimi istifadəsini söyləyirlər. Bu hələ Orteqa və O.Xaksli tərəfindən irəli sürülən antikommunist tezislər idi. onlar qeyd edirdilər ki, «kommunizmin məqsədi – fərdi şəxsi azadlığın ən kiçik əlamətlərindən belə məhrum etmək və onu kollektiv insan tərkibinin bir hissəsinə çevirməkdir».

«Kütləvi cəmiyyət» tənqidçiləri şəxsiyyət və cəmiyyət arasındakı ziddiyyəti mütləqləşdirməyə çalışırlar. Fromm şəxsiyyətin iki tələbatı ilə mübarizəni qeyd edir: — onun sosiallaşması, kommunikasiyası, azadlıq və müstəqilliyi, fərdiləşməsi. O, haqlı olaraq, qeyd edir ki, insan geniş sosial əlaqə və azadlıqlara malik olmalıdır. İnsan dünyaya fərd kimi gələrək şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır. Fərd tarixən əmələ gəlmiş müəyyən ictimai münasibətlər sisteminə hələ ilkin uşaqlıq dövründə daxil olur. İnsanın sosial qrup daxilindəki sonrakı inkişafı münasibətlərin elə şəbəkəsini yaradır ki, bu da onu şəxsiyyət kimi formalaşdırır.

Lakin şəxsiyyəti sosial mühitin yalnız passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi vasitəsilə həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, «kütləviləşmə» nəzəriyyəçiləri «fəaliyyət»ə ayrıca bir aspekt kimi yanaşıblar. Şəxsiyyətin fərdililiyi dedikdə, insanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması başa düşülür. Buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hissələrin və fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyət hər şeydən əvvəl özünün cəmiyyətin həyatında fəal iştirak etmək, tərbiyə və təlim nəticəsində əmələ gələn ləyaqəti və nöqsanları, güclü və zəif cəhətləri ilə birlikdə canlı konkret adamdır.

Şəxsiyyətin ictimai həyatda tutduğu yer ciddi surətdə birmənalı şəkildə müəyyən oluna bilməz. Bu fakt empirik sürətdə qədim zamanlarda müəyyən olunmuş və öz əksini «şəxsiyyət» anlayışının əmələ gəlməsi prosesində tapmışdır.

Şəxsiyyətin fəallığının mənbəyini nə təşkil edir? XX əsrin əvvəllərində şəxsiyyətin «kütləviləşmə»dəki fəallığı ideyası Vyana psixiatrı və psixoloqu Z. Freydin elmi görüşləri sistemində özünəməxsus yer tutdu. Bu psixoloqun fikrincə, insan onun nəticəsində fəaldır ki, onda heyvan əcdadlarından irsən alınmış instinktiv təhriklər və hər şeydən əvvəl, cinsi instink və özünümühafizə instinkti təzahür edir.

Şəxsiyyətin fəallığının başa düşülməsində neofreydistlər seksual həvəsin birinciliyindən imtina edir və insanın aşkar surətdə biolojiləşdirilməsindən uzaqlaşırlar. Şəxsiyyətin mühitdən asılılığı ilk plana çəkilir. Bu zaman şəxsiyyət guya onu avtomatik surətdə müəyyən edən sosal mühitin sadəcə funksiyası kimi meydana çıxır. Mühit özünün ən mühüm keyfiyyətlərini şəxsiyyətin üzərinə köçürür. Onlar həmin şəxsiyyətin fəallığının formalarına (məsələn, K.Xorniyə görə, nəyin bahasına olursa-olsun məhəbbət və tərif axtarmaq, hakimiyyətə, nüfuza, var-dövlət yığmağa can atmaq, nüfuzlu şəxslər qrupuna itaət etmək və onun rəyini qəbul etmək, cəmiyyətdən qaçmaq) çevrilir.

«Kütləvi cəmiyyət» tənqidçilərin qeydlərinə görə konformizmi törədir. Konformizm – «kütləvi cəmiyyət» adamının həmin cəmiyyət daxilində öz funksiya və rollarının yerinə yetirilməsini nəzərdə tutur. «Kütləvi cəmiyyət» şəxsiyyətin müəyyən olunmuş sosial standartlara tabeçiliyini tələb edir. Konformizm insanın kütlə içərisindəki psixoloji xarakteristikası kimi də izah edilir. «Kütlənin əsas qanunu – konformizmdir» — fransız sosioloqu L. Bodenin əldə etdiyi nəticə budur.

«Kütləvi cəmiyyət»in idarə olunması da mühüm məqamlardandır. Kütlələrin fəallığının boğulması antaqonist cəmiyyətlərin hakim təbəqələrinin üzərinə düşən vəzifələrdən hesab edilir. Belə bir cəmiyyətdə kütlələrin tarixi proseslərdəki artan rolunun qarşısını ala bilməyən hakim qüvvələr onlara təsiretmə və manipulyasiya sistemi hazırlayır. İnhisarçı dövlət şəraitində idarəetmənin manipulyativ tipi sosial həyatın bütün sahələrini əhatə edir. Manipulyativ idarəetmə cəmiyyətin ziyalılar təbəqəsinin etirazına gətirib çıxarır. Bunu ziyalıların şüurluğunun yüksəlməsi kimi də başa düşmək olar.

Beləliklə, elitar cəmiyyət nəzəriyyələri kimi «kütləvi cəmiyyət» doktrinası tarixi inkişaf proseslərinin əsas aparıcı qüvvələri hesab edilən kütlələrin təşəkkülü, formalaşması və onun struktur mexanizmlərini şərh edən xüsusi nəzəri təlim formasında yaradılmışdır.


Tarix: 09.12.2014 / 13:15 Müəllif: Aziza Baxılıb: 411 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...