Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə ölkənin hökmdarı əcdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əcdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əcdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların əcdadlarıdır.
Arxeoloji qazıntılar bir daha göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.
Vyetnam vietnamesecənub-şərqi Asiyada, Hind-Çin yarımadasında yerləşir. Şərqdən Cənubi Çin dənizi və onun Bakbo körfəzi, cənub-qərbdən isə Siam körfəzi ilə əhatə olunur. Çin, Laos, Kampuçi ilə həmsərhəddir. İnzibati cəhətdən 35 əyalətə və 3 əsas şəhərə bölünür. Əsas şəhərləri Xanoy, Xayson və Xoşimindir.
Səthinin çox hissəsini dərələrlə parçalanmış, alçaq və orta yüksəklikli dağlar tutur. Dağların hündürlüyü, əsasən, 1500-2000 m, ayrı-ayrı massiv və silsilələrin hündürlüyü isə 2000 m-dən artıqdır. Ən yüksək zirvələrin hündürlüyü 3143 m olan Fanşi və 3280 m olan Nqokandır. Vyetnamın şimal-şərqi Cənubi Çin platformasına, cənub-qərbi Mezozoy qırısıqlıq sisteminə, cənub hissəsinin şimalında yerləşən Kontum yaylası Hind-Sinay massivinə, Kontum yaylasından cənubdakı strukturlar isə bir sıra tədqiqatçılara görə Hersin qırışıqlıq sisteminə daxildir. İqlimi subekvatorial musson tiplidir. Qışı cənubda isti, şimalda sərin keçir. Çay şəbəkəsi sıxdır. Bütün çayları Cənubi Çin dənizi hövzəsinə aiddir. Mühüm çayları Hoqha və Mekonqdur. Çaylardan suvarmada və daxili yük daşınmasında istifadə edilir. Vyetnamlıların əksəriyyəti əkinçilik və balıqçılıqla məşğuldur. Əsasən çəltik, qarğıdalı, pambıq, çay, küncüt və s. becərirlər. Çaylarında qumlaqçı, çəkibalığı, xanı balığı və s. var.
Vyetnam ərazisində Alt Paleolitə aid arxeoloji mədəniyyət aşkar olunmuşdur. Ən qədim Vyetnam dövləti Vanlanq vyetnamlıların tayfa birliyi əsasında e.ə. I minillkdə yaranmışdır. E.ə. 257-ci ildə ölkənin şimalında Aulak dövləti formalaşdı. Aulak dövləti e.ə. IV-III əsrlərdə yaranmış Vanlanq dövlətinin, e.ə. 207-ci ildə auvet tayfalarının birləşməsindən sonra yaranıb. Aulak dövlətindən başqa e.ə. III əsrin II yarısında Nambyet adlı dövlət də mövcud olmuşdur. Nambet dövləti daha sonralar Aulak dövləti ilə birləşir. Nambet dövlətinin sərhədləri indiki Şimali Vyetnamın, qismən də cənubi Çinin ərazilərini əhatə etmişdir. E.ə. 111-ci ildə dövlətin ərazisini Qərbi Xan imperiyası kimi tanınan Çin işğal etmişdi. Çin feodallarının çoxəsrlik istismarına baxmayaraq vyetnamlılar dillərini qoruyub saxlamışlar. E.ə. III-II əsrlərdə dini-mifoloji görüşlərdən politeist sistem formalaşmışdı. Eramızın ilk əsrlərindən Vyetnama Hindistan və Çindən dini və fəlsəfi cərəyanlar: buddizm fəlsəfəsi və konfusiçilik yayılmağa başladı. Bunların birləşməsindən Çin daosizmindən kəskin surətdə fərqlənən daosizmin mistik görüşlər kompleksi yarandı.
Vyetnam ərazisindəki qədim sənət nümunələri e.ə. I əsrə aiddir. Vyetnam incəsənətinin çiçəklənmə dövrü Puatra dövlətinin yaranması ilə əlaqədardır. Bu, I minilliyin ortalarına təsadüf edir. Puatra kimi tanınan Mərkəzi Vyetnam incəsənətinə Hindistan, müəyyən dərəcədə isə Khmer mədəniyyətinin təsiri olmuşdur.
Tarix: 09.12.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)