Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişini ələ almaq üçün…

Qadınlar bəzən kişilərin onlara zaman ayırmadığından şikayətlənirlər. Onlar düşünürlər ki, kişilər sevgililəri ilə vaxt keçirməkdənsə, eyni vaxtı dostları ilə bölüşməyə üstünlük verirlər. Bəs, əziz xanımlar, heç özünüzdən bunun səbəbini soruşmusunuz? Günahı özünüzdə axtarmağa çalışmısınız? Sizcə, həyat yoldaşınız, sevgiliniz üçün dostu ilə vaxt keçirmək niyə daha maraqlıdır?

Əgər bir müddətdən sonra sevgilinizin sizdən uzaqlaşmasını istəmirsinizsə, onların sizdə görmək istədiyi keyfiyyətləri bilməli, maraqlandığı məşğuliyyətlərə, ümumiyyətlə, onun haqqında hər bir detala fikir verməlisiniz. Unutmayın ki, siz kişilərdən diqqət tələb etdiyiniz kimi onlar da bunun eynisini sizdən gözləyirlər.

İndi isə, əziz qadınlar, buyurun, kişinin bir qadında əhəmiyyət verdiyi əsas xüsusiyyətlər barədə tanış olun.

1. Onunla eyni dili danışa bilmək üçün hər şeydən əvvəl futbolla maraqlanmalısınız. Kişilərin 80%-i futbolla maraqlanırlar və çox böyük ehtimal ki, sizin sevdiyiniz kişi də həmin 80%-ə daxildir. Buna görə də futbol biliklərinizi artırın; internetdən məlumat toplayın və çalışın ki, gündəlik futbol xəbərlərini izləyəsiniz. Unutmayın ki, kişilər dostları ilə görüşərkən “salam”dan sonra dünənki oyunun müzakirəsinə başlayırlar. Xüsusən də onun sevdiyi komanda haqqında məlumatlı olmağınız, bəyəndiyi futbolçunun hansı komandada oynadığını bilməyiniz vacibdir!

2. Kişinin qadında sevmədiyi xüsusiyyətlərdən biri də qadının onu bəyəndiyi hansısa məşhur modelə, müğənniyə qısqanmasıdır. Hətta 40-50 yaşlarında da qadının bu xasiyyəti dəyişmir. Buna görə də o həmişə kişinin sevdiyi o həşhur gözəldə qüsur axtarmağa çalışır. Amma əziz qadınlar, xəbəriniz olsun ki, heç bir kişi belə xırda səbəblərdən mübahisə yaratmağa çalışan qadınla uzun müddət biryerdə olmaq istəmir.

3. Ən az futbol qədər mühüm ikinci bir maddə: yeni çıxan Play Station oyunlarını mütləq izləməlisiniz.

4. Kişilərin qadınlar haqqında digər bir şikayəti alış-verişdə həddindən çox vaxt keçirmələri ilə bağlıdır. Ola bilsin ki, mağazaları gəzmək artıq sizin üçün əyləncə halını alıb, ancaq tərəf müqabiliniz öyrəşmədiyi bu gərgin “iş qrafikindən” tez bezə bilər. Kişilər çox vaxt bu gəzintidən yorulsalar da, bunu dilə gətirmirlər. Əgər bunu hiss etsəniz, çalışın ki, onu başa düşəsiniz. Bəlkə də alış-veriş onun üçün o qədər də əyləncəli məşğuliyyət deyil.

5. “Bu geyim məni kök göstərmir?”. Kişilərin heç vaxt eşitmək istəmədiyi suallardan biri. Onu bilin ki, əziz xanımlar, nə qədər pafoslu səslənsə də, sizi sevən kişi üçün nə geyinməyinizin, bu geyimin sizi kök və ya arıq göstərməsinin heç bir əhəmiyyəti yoxdur, o, sizi hər halınızla sevir. Həm də kişilər qadınlar kimi belə incə detallara fikir vermirlər. Yaxşı olardı ki, geyim mövzusunda rəfiqələrinizdən məsləhət alasınız.

6. Onun tərzini öyrənməyə çalışın. Doğrudur, ad günündə aldığınız hədiyyənin onun tərzinə uyğun olmadığını birbaşa üzünüzə deməyəcək, amma özlüyündə onun barəsində diqqətsiz olduğunuzu düşünəcək.

7. Qadınlar kişilərə nisbətən daha çox diqqət mərkəzində olmaq istəyirlər. Bunu bilirik, amma sizin yanınızda dostu ilə maraqlanırsa, danışırsa, buna görə qısqanclıq keçirməyə dəyməz. Onun həyatında dostu ilə sizin yeriniz eyni deyil və heç vaxt ola bilməz.

8. Cib telefonları, avtomobil modelləri, ümumiyyətlə, texnoloji yeniliklər həmişə kişilərin diqqətini çəkir. Buna görə siz də vaxt tapdıqca bu barədə yeniliklərlə maraqlanın.

9. Əziz qadınlar, sizə daha bir sirrin üstünü açmaq istətirik. Xəbəriniz olsun ki, 24 saat romantika mümkün deyil. Ondan bəzi məqamlarda romantiklik gözləməyiniz təbiidir, amma bunu yemək yemək, su içmək kimi adi hala çevirmək olmaz axı. Bunu birdəfəlik ağlınıza yeridin.

10. “Bu günlərdə yaxın rəfiqəmə elçi gələcəklər”, “keçən ay qonşumuzun qızı fılankəs də evləndi”. Kişilərin yanında tez-tez belə cümlələr işlətməkdən çəkinin. Özü bunu sizə deməsə də, bu kimi sözlərlə nə deməyə çalışdığınızı bilir, amma sizə məsləhətimiz: tez-tez evlilikdən söz salaraq onu özünüzdən uzaqlaşdıracaqsınız.


Tarix: 06.01.2015 / 18:48 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Gəl, tanış olaq
loading...