Elxanilər dövləti və ya Hülakular – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülaku xan (1256-1265) özünün Hülakular dövlətini (1256-1353) yaradır. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. "Elxani" sözünün digər izahı – El – İl – əyalət – vilayət xanıdır (Elxani: Xana tabe olan torpaqlar). Dövlətin çox böyük və sürətli ordusu vardı.
1231-ci ildə monqollar Çormoğonun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edilərək öz imperiyalarının tərkibinə qatıldı. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.
Azərbaycanı ələ kəçirən Hülaku xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi. Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər Dövlətinin yıxılmasında önəmli rol oynadılar.
Hülakular dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Əmu Dərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülaku xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkdi.
Elxanilər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar. Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Elxaniləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxardılar (1260). Məmlük sultanı Baybars Elxaniləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən məruz qaldıqları məğlubiyyətlərdən başqa Elxanilər heç bir müharibəni uduzmayıblar.
Lakin artıq Qazan xanın dövründə (1295-1304) Hülakular dövləti yenidən güclənir. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər hayatının dirçəldilməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdır.
Onun varisi Olcaytu xan (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir soltanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakular dövləti tamamilə tənəzzülə uğrayır. Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakular dövlətinin mövcudluğuna son qoyulur. Hülakular dövlətinin əvəzinə Cəlayırlar dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi. İkinci Cəlari soltanı Şeyx Üveysin (1356-1374) dövründə ölkənin təsərrüfat və mədəni həyatında dirçəliş müşahidə olunurdu, lakin artıq onun varisi soltan Hüseynin (1374-1382) dövründən etibarən ölkədə iri feodalların özbaşınalığı artır və bu vaxtdan başlayaraq Cəlarilərin hakimiyyəti şərti əhəmiyyət kəsb edirdi.
100 il davam edən Hülakular hakimiyyəti zəiflədi. 14-cü əsrin ortalarında Hülakular mülkü Qızıl Orda Xanları ilə Mərkəzi Asiyada yeni imperiyanın banisi Əmir Teymur arasında mübarizə meydanına çevrildi. Hülakuların keçmiş mülkünün xarabalıqları üzərində qurulmuş Cəlairilər dövləti Əmir Teymurun hakimiyyəti altına keçdı.
Mədəniyyət
13-cü əsrin ortalarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülaku xanın (1256-1265) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq – sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.
Qazan xanın vəziri Rəşidəddinin tikdirdiyi Rəşidiyyə xüsusilə məşhur idi. Akademiya şəhərciyi kimi tanınan Rəşidiyyədə 24 karvansaray, 1500 dükan, 30 min yaşayış evi, mədrəsələr, 60 min kitab fondu olan 2 kitabxana, hamamlar, bağlar, dəyirmanlar, yun parça və kağız karxanaları, boyaqxana, zərbxana, 2 cümə məscidi və s. tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd (Rəşidəddin türbəsi), Dər üş-Şəfa (Şəfa evi) xəstəxanası, Abadsaray bağ-saray kompleksi təşkil edirdi.
Bu çağın möhtəşəm tikililərindən Təbrizdəki Əlişah məscidi (14-cü yüzillik) və Sultaniyyədəki ülcaytu Xudabəndə türbəsi (1305-13) diqqəti cəlb edir. Hər iki abidəni Elxani hökmdarı ülcaytu Məhəmməd Xudabəndənin vəziri Tacəddin Əlişah Təbrizi tikdirmişdir (Əlişah həm də bu abidələrin memarı sayılır). Sonralar Ərk qalası adı ilə tanınan möhtəşəm Əlişah məscidi və əzəmətli Sultaniyyə türbəsi bir sıra abidələrin tikintisinə təsir göstərmişdir. Teymurun Səmərqənddə tikdirdiyi məscid və mədrəsələrin memarlıq quruluşu üçün Əlişah məscidi örnək olmuş, ülcaytu Xudabəndə türbəsinin tikilməsindən yüz il sonra italyan memarı F.Brunelleskinin florensiyada ucaltdığı Santa-Mariya del fyore kilsəsinin günbəzində Sultaniyyə türbəsinin konstruktiv üsullarından istifadə edilmişdir.
15-ci əsrlik Təbriz memarlıq məktəbinin ən gözəl abidələrindən biri Təbrizdəki Göy məsciddir (1465, memar Xacə Əli Gücəci, nəqqaş Nemətulla Bevvab). "İslamın firuzəsi" adlandırılan Göy məscidin memarlıq quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi ornamentli naxışları, kaşı və oyma bəzəkləri, nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri 15-ci yüzillikdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək inkişaf səviyyəsini göstərir. 15-ci yüzilliyin sonu – 16-cı yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi. Tikintində memarlıqla təbii şəraitin üzvi şəkildə əlaqələndirilməsi, abidələrin bitkin kompozisiyası və əzəmətli baştağ quruluşu, kəsmə kaşıdan zövqlə tərtib edilmiş kitaba və ornamentlərin tətbiqi memarlığın seçilən özəlliklərinə çevrildi. 15-16-cı yüzilliklərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı(Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını Azərbaycan usta Əhməd Təbrizli hazırlanmışdır. Türbənin yaxınlığındakı Yaşıl camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.
Tarix: 03.03.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Dunya ve tarixi