Hinduşah Naxçıvani – mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.[1]
Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar.
Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.
İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur. Dövlət qarşısında xidmətlərinə görə ona fəxri "Fəxr əd-Dövlə" adı verilir. Eyni zamanda Hinduşah tarix, dilçilik və poeziya ilə ciddi surətdə maraqlanır.
O, Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən "Təcarüb üs-sələf" ("Sələflərin təcrübəsi") əsərinin, 1307-1308- ci ildə ərəb dilində qələmə aldığı "Məvarid ül -ərəb" antalogiyasının, fars dilində bir sıra məşhur şerlərin, habelə "Əs-Sihahü-l-əcəmiyyə" adlı leksikoqrafik əsərin müəllifidir.
Hinduşah "Təcarib üs-sələf" əsərini Luristan atabəyi Yusif şaha (1296-1330) həsr edib. Belə hesab olunur ki, bu, ərəb tarixçisi Məhəmməd Əli Təqtaqın "Təvarix əl-Xüləfa və-l-vüzəra" ("Xəlifələr və vəzirlər tarixi") kitabının farscaya tərcüməsidir. Əgər belədirsə, onda bu əsər farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindəndir. Hinduşah tərcümə etdiyi kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini az qala üç dəfə artırmışdır.
Onun yaradıcılığında "Əs-Sihahü-l-əcəmiyyə" adlı farsca-azərbaycanca lüğət mühüm yer tutur. Bu, elmə məlum olan ilk azərbaycan-fars lüğəti, eyni zamanda fars dilinin ən qədim lüğətlərindəndir. Lüğətə 5 min söz və fars dilinin ərəbcə qələmə alınmış qrammatikası verilib. Bundan başqa kitaba frazeoloji birləşmələr və ayrı-ayrı ifadələr də daxil edilib. Hinduşah özü yazır ki, o, lüğətin tərtibi prinsipini X əsrin ərəb leksikoqrafı İsmail əl-Cövhəridən götürmüşdür.
Uzun müddət bu lüğət həm alimlər, həm də fars və ərəb dillərini öyrənənlər tərəfindən rəğbətlə istifadə olunmuş, geniş yayılmışdır. Əsərin saysız-hesabsız əlyazmalarının dünyanın ən müxtəlif kitabxanalarına səpələnməsi də bunu sübut edir. Diqqəti çəkən faktlardan biri də budur ki, lüğətin ən erkən köçürülmüş nüsxəsi XVI əsrin əvvəllərinə, ən sonuncusu isə XIX əsrin sonlarına aiddir.
Lüğət üç hissədən ibarətdir: giriş, lüğət və fars dilinin qrammatikası. Birinci və üçüncü hissələr ərəbcə, lüğət özü isə farsca və Azərbaycan türkcəsində yazılıb. Müəllif girişdə göstərir ki, kitab fars olmayanların (Azərbaycan türklərinin) bu dili öyrənməsi üçün nəzərdə tutulub.
Hinduşahın "Sihah ül-əcəm" əsəri Azərbaycan leksikoqrafiyasının əvəzsiz abidəsi və XIII-XIV əsrlər Azərbaycan türkcəsi və fars dilinin lüğət tərkibini, habelə qrammatikasını öyrənmək üçün nadir mənbədir. Bu əsər həmçinin bütün Şərq dünyasında lüğətçilik elminin inkişafında da böyük rol oynamışdır. Belə ki, ondan sonra tərtib olunan farsca-türkcə lüğətlərdə quruluş prinsipi Hinduşah Naxçıvanidən əxz olunmuşdur.
Tarix: 03.03.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Dunya ve tarixi