Çingiz Xan (monq. Чингис Хаан; d. 1162 - ö. 11 avqust 1227) - görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.Mündəricat
1 Arxa plan
2 Yesugey xan və Çingizin anadan olması
3 Uşaqlığı
4 Evliliyi
5 Xan olması
6 Dini görüşü
7 Xarici keçidlər
Arxa plan
Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nurvə Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında mergetlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar. Uyğurların öz mədəniyyəti və yazısı vardı. Şərqi Türküstandan və Balxaş gölü rayonundan ibarət çox böyük ərazidə türk qəbilələrinin məskunlaşdığı Qara-Kitay dövlətiyaranmışdı.
Yesugey xan və Çingizin anadan olması
Bütün bu çöl xalqları at belində igidliklər göstərən , düşmənlə vuruşa girməkdən çəkinməyən , yaxşı otlaqlara həmişə sahib olmaq arzusu ilə yaşayan cəngavərlər idilər. Vəhşi heyvan ovu onların həm də bir döyüşçü kimi formalaşmasında əsas amillərdən biri idi. 1125-ci ildə uzaq Şərqdə güclü Szin – "Qızıl padşahlıq" (monqolca Altan) dövləti yaranmışdı. Müasir Mancuriya və istila edilmiş Şimali Çinbu dövlətin tərkibində idi. Bu dövlət yarandığı gündən həmişə qonşu köçəri qəbilələrin hücumlarına məruz qalırdı. Köçərilərə qarşı sınanılmış mübarizə üsulu qəbilələr arasında nifaq salmaq bacarığı idi. Ayrı-ayrı qəbilələrin birləşərək möhtəşəmlik qazanmasının qarşısı bu yolla alınırdı. Bu siyasət Qobi səhrasından cənuba doğru və dağlar boyu köçərilərə qarşı çəkilmiş Çin səddindən də etibarlı idi. Bu siyasətə üstünlük verən çinlilər XII əsrdə tatarları monqollara qarşı qaldırmışdılar. Nəticədə , Xaqan Xabulun yaratdığı qara tatarlar adlanan qurum öz möhtəşəmliyini itirmişdi. İş o yerə çatmışdı ki, ağ tatarlar güclənərək çinlilərin özləri üçün qatı düşmənlərə çevrilmişdilər. Qorxuya düşmüş çinlilər tatarların daha da azğınlaşmasının qarşısını almaq üçün monqollara kömək etməyə başlamışdılar. Monqolların çox böyük hörmətini qazanmış bir başçıları vardı. Onun adı Yesugey xan idi. O Xamaq Monqol konfederasiyasının xanı Xabul'un ölümündən sonra qəyyum olaraq dövləti idarə edirdi. O, Temuçin adlı tatar qəbilə başçısı ilə müharibə etməli olmuşdu. Müharibəni qalibiyyətlə başa çatdıran və tatar qəbilə başçısı Temuçini əsir götürən Yesugey Onon çayının sahilindəki məskəninə qayıdanda baş hərəmi Oelun'un oğul doğduğunu ona xəbər vermişdilər. Sevincək ata oğlunu qucağına alanda körpənin bərk-bərk sıxdığı sağ ovucunda qırmızı daşa bənzər qan laxtası görmüşdü. Mövhumatçı ata tatarlarla müharibədə qələbə qazanmasının əlamətini ilk övladının dünyaya gəlməsində gördüyündən ona sərkərdə Temuçinin adını qoymuşdu. Temuçin 1155-ci ilin fevral ayında Onon çayının sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəlmişdi.
Uşaqlığı
Temuçin 9 yaşında olanda atası nişanlı axtarmaqdan ötrü onu uzaqda yaşayan qəbilələrin məskənlərinə aparmışdı. Bunun əsas səbəbi yaxın qohumlarla evlənməklə baş verə biləcək fizioloji fəsadların qarşısını qabaqcadan almaq idi. O zamankı köçərilər yaxın qohumlardan qız almırdılar ki,eyni qan qohumluğu nəslin sağlamlığının pozulması ilə nəticələnər. Onlar yolda Yesugeyi yaxşı tanıyan digər qəbilə başçısı ilə rastlaşmışdılar. Həmin qəbilə başçısı Temuçinin atası Yesugeyin hansı məramla bu yerlərə gəldiyini biləndən sonra demişdi:
"Mənim Borte adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir"
Valideynlər övladlarının bir-birinə yaraşdığını bildirəndən sonra onları nişanladılar və qərara gəldilər ki, 14-17 yaşına çatmalarını gözləsinlər. Həmin müddətdə bir-birlərinin xasiyyətlərinə də yaxşı bələd olarlar. Geri qayıdarkən yollarına çıxan tatarlar öz məkrli hərəkətlərini həyata keçirmək üçün hiylə işlədib onları qonaq apardılar. Ziyafət zamanı Yesugeyin yeməyinə tədricən təsir göstərən zəhər qatıb ona verdilər. Yesugey evə qayıdandan bir müddət sonra vəfat etdi. Temuçin anası və qardaşları ilə birlikdə kimsəsiz qaldı. Yesugey bahadurun tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək ona tabe olmayacaqlarını bildirdilər. Onlar deyirdilər:
"Ən dərin quyular qurusa da, ən sərt qaya daşları parçalansa da biz sənin tabeliyində olmayacağıq"
Həmin qəbilə başçıları Temuçinin anasını və uşaqlarını atıb getdilər. Bu, az imiş kimi başsız qalmış ailənin mal-qarasını da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat sürməli oldular. Quş, balıq, yeraltı yuvalarda yaşayan kiçik gəmirici heyvanlar ovlamaqla bir təhər dolanırdılar. Ət üzünə həsrət qalanda yeməli bitkilərlə qidalanırdılar. Monqolların evində bişirmək üçün ət olmaması həddindən artıq yoxsulluq sayılırdı. Bu yoxsulluq şəraitində gələcəyin döyüşçüsünün və böyük istilaçısının xarakteri mətinləşirdi. Dözümlülük Temuçinin atadan qalma mirası idi. Temuçin və qardaşları ailənin ehtiyaclarını ödəmək üçün yay otlaqlarından qış otlaqlarına köç edən zaman çaylardan balıq tutur, at üstündə səhərdən axşamadək çölləri dolaşır, ilxıdan ayrı düşmüş atları axtarıb taparaq geri qaytarır, örüşə yararlı otlaqları müəyyənləşdirirdilər. Onlar həm də ərazilərini talançılardan mühafizə etmək üçün gecə-gündüz keşik çəkirdilər. Lazım gəldikdə bir neçə gün at belində qalırdılar. Temuçinin anası Oelun çox ağıllı qadın idi. O, bilirdi ki, uşaqlarının gələcəyi onları öz mənşələrinə hörmət ruhunda tərbiyələndirməkdən çox asılıdır. Ana öz övladlarına qəhrəmanlıq dastanlarından rəvayətlər söyləyir, sələfləri olan monqol xanlarının qəhrəmanlıqlarından danışırdı. Böyük öğlu Temuçini inandırmağa çalışırdı ki, onun düşdüyü ağır vəziyyət müvəqqətidir, bir qədər böyüyəndən sonra ailəyə əvvəlki şan-şöhrətini qaytara biləcək. Atasının ölümündə günahkar olan tatarlardan və habelə Yesugeyin ölümündən sonra onları tənha qoyub qaçan yaxın adamlardan qisas alacaq. Temuçin anasının sözlərindən ruhlanır və öz böyük gələcəyi barədə düşünürdü. Boy-buxunlu, pəhləvan cüssəli, iti baxışlı gəncə çevrilmiş Temuçin öz düşmənlərini qorxuya salmışdı. Onlar Temuçini aradan götürmək barədə düşünürdülər. Həmin düşmənlərin Tarqultay adlı başçıları vaxtilə Yesuqeyin əlində olan torpaqlara sahib çıxmış, özünü bütün torpaqların hakimi elan etmişdi. O, gənc Temuçini məhv etmək üçün hazırlaşırdı. Bir dəfə silahlı adamlar Temuçinin köçəbəsinə hücum etmişdilər . Temuçinin düşmənlərdən yaxa qurtarması cəhdi baş tutmamışdı. Onu tutub əl-ayağına ağır taxtadan kündə keçirmişdilər. Temuçini gözətçiyə tapşırıb ona səhərəcən nəzarət etməsini tapşırmışdılar. Gecənin bir vaxtı gözətçinin maymaqlığından itstifadə edən Temuçin onun başına zərbə endirərək aradan çıxmışdı. Təqibə başlamış silahlıların əlinə keçməməkdən ötrü Onon çayındakı qamışlıqlarda gizlənmişdi. Təqib edənlərdən Sorqan Şira adlı birisi Temuçinin qamışlar arasından çıxan başını görmüş və yaxınlaşaraq belə demişdi:
"Düşmənlərin sənin bu qabiliyyətindən qorxurlar, gözlərinin od saçması, üzünün şəfəqli olması onları vahiməyə salır. Mən səni onlara satmaram, arxayın ol".
Təqib qurtaran kimi həmin adam Temuçinin kündəsini sındırıb onu azad etmişdi. Çobanlılar sülaləsi həmin bu adamın oğlu olan Çilavğun noyonun nəslindəndir.
Evliliyi
Mənən və cismən yetkinləşmiş Temuçin evlənmək qərarına gəldi. Qardaşları ilə birlikdə atası Yesugeyin vaxtilə onu nişanladığı Börtegilə getdi. Gənclərin nigahı baş tutdu. Börte Temuçinə toy cehizi olaraq qara samur dərisindən tikilmiş kürk bağışladı. Gəlinin bu cehizi varlı olmayan Temuçin üçün əsl var-dövlət idi. Bundan ruhlanan Temuçin vaxtilə atası Yesugey Bahadurla qardaşlıq etmiş Toğrul xanla dostluq əlaqələri yaratmaq qərarına gəldi. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Temuçin qardaşlarının müşayiəti ilə qüdrətli Toğrul xanın iqamətgahına getdi. Mərhum atası Yesugeylə qardaşlıq dövrlərini xanın yadına saldı və xahiş etdi ki, onu oğulluğa götürməsinə razılıq versin. Sonra da xana cavan arvadının cehizini – qara samur dərisindən tikilmiş kürkü bağışladı. Toğrul xan gəncin bu hərəkətindən məmnunluq hissi duyduğunu dilə gətirdi və Temuçini oğulluğa götürməyə razılıq verdi. Həm də bildirdi ki, lazımi anda Temuçinə hər cür yardım göstərməyə hazırdır. Temuçin evlənəndən bir qədər sonra şimalda yaşayan merkit qəbiləsinin qoşun dəstələri onun çadırına basqın etdi. Basqınçılar Yesugey Bahadurun qatı düşmənləri idi. Çünki Yesugey on səkkiz il öncə merkitlərin qəbilə başçısının arvadı Oelunu qaçıraraq özünə baş hərəm etmişdi. Oelun, yuxarıda deyildiyi kimi, bir müddət sonra Temuçini doğmuşdu. Basqın çox gözlənilməz olduğundan Temuçin əsir düşməkdən yaxasını bir təhər qurtara bilmiş, lakin arvadı Börte əsir alınmışdı. Bir müddətdən sonra Temuçin onu oğulluğa götürmüş Toğrul xanın yardımı ilə arvadını geri almağa müvəffəq olmuşdu. Temuçin arvadı Börtenin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına şübhə ilə yanaşırdı. Buna görə də Temuçin Cuçi adlı oğluna soyuq münasibət göstərirdi, lakin arvadı Börteni dərin məhəbbətlə sevirdi. Yuxarıda deyildiyi kimi, Szin Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Szin imperatoru biləndə ki, yeritdiyi siyasət nəticəsində şimal-şərqdəki tatarlar əvvəlki qüdrətini xeyli dərəcədə itirib, onları silahlı müdaxilə yolu ilə darmadağın etmək qərarına gəlmiş, tatarlara arxadan zərbə endirmək üçün Toğrul xanı köməyə çağırmışdı. Temuçin atasının ölümündə günahkar olan tatarlardan qisas almaq üçün yaxşı fürsət düşdüyünü bildiyindən Toğrul xandan çinlilərin təklifinə razılıq verməsini xahiş etmiş və xanın razılığını almışdı. Özü isə Toğrul xanın müttəfiqi kimi müharibədə fəallıq göstərmişdi. Tatarlar darmadağın edilmiş, qəbilə öz müstəqilliyini birdəfəlik itirmişdi. Tatarlar monqolların tabeliyinə keçmişdi.
Xan olması
Tatarlar üzərində qələbənin səbəblərindən biri Temuçinin düşmən torpağında və qoşunlarında vəziyyətin necəliyini aşkara çıxarmaq üçün əvvəlcədən təşkil etdiyi hərbi kəşfiyyat idi. Həmin vaxtdan başlayaraq monqolların apardıqları bütün müharibələrdə hərbi kəşfiyyata xüsusi diqqət yetirilirdi. Tatarlara qarşı müharibədə göstərilən yardıma görə Toğrul xan və Temuçinə fəxri adlar verilmişdi.Toğrul xan Szin imperatorundan "Vanq xan" titulu, Temuçin isə Szinin sərhəd məsələlərinə baxan nazirindən "Sərhəddə səlahiyyətli bozqır sərkərdəsi" adı almışdı. Müstəqilliklərini həmişəlik itirmiş tatarlar monqolların tabeliyində qalmışdılar. Onlar sonralar Çingizin nəvəsi Batının monqol qoşunlarının tərkibində Rusiyayadək gedib çıxmışdılar. Tatarlara qarşı yürüşün başlanğıcında Temuçin bir çox qoşun başçıları ilə tanış olmuş, özünün hərbi istedadını nümayiş etdirə bilmişdi. O, şan-şöhrətli Xabul xanı və Xutula xanı özünün sələfləri sayırdı.
Temuçin qonşu qəbilələrin yerlərinə hücum edərək var-dövlətini, heyvan sürülərinin sayını artırırdı. Özünün tərəfdaşlarını çoxaltmaq məqsədilə müxtəlif nəsillərdən və qəbilələrdən qulluğa götürdüyü adamlara mal-dövlətindən hədiyyələr verirdi. Beləliklə, Temuçinin ulusu tədricən yaranmaqda idi. Getdikcə aydın olurdu ki, Temuçin bütün Monqolustanda hakimiyyəti əlinə alacaqdır.Buna görə də hakimiyyətə göz dikən digər qəbilə başçıları Temuçinə qarşı birləşməkdə idilər. Temuçinin ən təhlükəli düşmənləri tayciutlarla ittifaq yaratmış merkitlər sayılırdılar. Temuçin onu oğulluğa götürmüş Van-xanın köməyi ilə merkitləri darmadağın etdi. 1202-ci ildə Temuçinin özünün tatarlara qarşı döyüşlərini qələbə ilə qurtardı. Temuçinin hərbi uğurları ona ideal bozqır hakimi şöhrəti qazandırmışdı. Bu,vaxtilə ona yardım göstərmiş Kerait xanı Toğrulun (Vanq xanın) xoşuna gəlmədiyindən aralarında düşmənçilik yaranmışdı. 1203-cü ildə sabiq müttəfiqlər arasında başlayan müharibədə Temuçinin qoşunları Van xanın qoşunlarını darmadağın etmişdi. Bu qələbədən sonra Temuçinin torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı. Bu qələbələrdən sonra bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu. Monqol qəbilə başçılarının çoxu öz iclaslarına toplaşaraq Temuçinin xaqan elan edilməsi vaxtının çatdığını bildirdilər. Qanunçuluğa dərindən hörmət edən Temuçin xaqan adının rəsmiləşdirilməsi üçün 1206-cı ildə bütün monqol aristokratiyası nümayəndələrinin iştirakı ilə Qurultay çağırılmasını lazım bildi. Onon çayının sağ sahilində təntənəli şəraitdə keçən qurultayda Temuçin rəsmi olaraq Çingizxan adı ilə xaqan – yer üzünün hökmdarı elan edildi (Çingiz sözünün mənası bütün xalqların böyük xaqanı deməkdir.) Beləliklə, başda Çingizxan olmaqla monqol dövləti yarandı.
Dini görüşü
Temuçin olduqca dindar adam idi. Əbədi Göy Səmaya Mönq Kök Tenqriyə inanırdı. Temuçin iki dəfə qaçılmaz ölümdən xilas olmasını Əbədi Göy Səmanın onu öz ağuşuna alması ilə əlaqələndirirdi. Bildiyimiz kimi, o, ilk dəfə tayciutların əlindən möcüzə ilə qurtarmışdı,ikinci dəfə merkitlərin köçəbəyə qəfil hücümü zamanı düşmən əsirliyindən yaxa qurtara bilmişdi.O zaman atını Burxan-xaldun dağına çaparaq qalın meşəlikdə gizlənmiş, onu təqib edən üç yüz atlı hər tərəfi ələk-vələk etsələr də əlləri boşa çıxmışdı. Təhlükə sovuşduqdan sonra doqquz dəfə diz çökərək Mönq Kök Tenqriyə, yəni Əbədi Göy Səmaya öz minnətdarlığını bildirmişdi (qədim zamanlarda Baykal gölünün adı Mönq Kök Tenqri idi). Və həmin Burxan-xaldun dağını özünün son mənzili hesab etmişdi. Çingiz xan öləndən sonra onu həmin yerdə torpağa tapşırmışdılar. Özünün şanlı keçmişi ilə həmişə fəxr edən monqol xalqında belə bir inanc vardı ki, vaxt gələcək, monqol xalqının keçmiş şöhrətini özünə qaytara biləcək rəhbər peyda olacaq, bütün monqol qəbilələrini birləşdirəcək və xalqın düşmənlərindən qisas alacaqdır. Hamı inanırdı ki, Əbədi Göy Səmanın köməyi ilə Temuçin xaqan olacaqdır. Bu şayiələr Temuçinə də çatır və özünə olan inamı daha da artırırdı. Bütün bunlardan sonra qəbilə başçıları və bozqır aristokratları öz adamları ilə Temuçinin yanına axışırdılar. Şöhrətli Xabul xanın nəslinin nümayəndələri və sonuncu monqol xanı Xutula xanın oğlu da Temuçinə qoşulmaq istəyənlərin arasında idi. Onlar Temuçini özlərinin rəhbəri kimi tanıdıqlarını bildirdilər. Gələnlərin əksəriyyəti Temuçinin şəxsində step bahaduru idealını görürdü. Hamı inanırdı ki, Temuçinə həm dinc həyatda, həm də döyüşdə Əbədi Göy Səma himayəçidir.
Tarix: 03.03.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1122 Bölmə: Dunya ve tarixi