Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspanaqlı börək

Türk mətbəxində ən çox sevdiyim yeməklərdən biri də börəkdir. Börək duzlu piroq hesab olunur. Bir çox börək reseptləri vardır ki, onlar da Türkiyədə bölgədən-bölgəyə, həm ölüçüsünə, həm də formasına görə fərqlənir. Balaca və ya böyük rulet formasında, burma, sprial şəkilli, zərf kimi sarılmış və s. Bu börəklərin içliyi də fərqli ola bilir. Fərqli olmalarına baxmayaraq börəklərin hamısı yuxadan hazırlanır, həm də adi yuxadan. Börək üçün yuxanın içliyi ət, ispanaq, pendir, kabaçok, göbələk, sucuq, kartof və s. tərəvəzlər ola bilər. Sizə təqdim edəcəyim qat-qatlı ispanaqlı börəyin resepti qaynanamın resept kolleksiyasındandır. O, tanıdığım ən yaxşı börək ustasıdır.
Eyni resepti siz pendir, qiymə ət, və yaxud digər içlikli börəyi hazırlayarkən də istifadə edə bilərsiz. Yəni zövqə görədir. Bunu üçün sizə mağazadan türk börəyini hazırlamaq üçün çiy "yufka” xəmiri almaq lazım olacaq. Əgər "yufka” olmasa hər mağazada satılan adi nazik, böyük yuxalardan alıb istifadə edə bilərsiniz.

Ərzaqlar:

Diametri 50 sm olan 3 ədəd yufka (əgər böyükdürsə 2 ədəd yufakadan birini iki hissəyə ayırmaqla 3 hissə əldə etmək olar.)
İçlik üçün:
4 xörək qaşığı zeytun yağı və yaxud adi ərinmiş yağ
1 ədəd orta ölçülü doğranmış soğan
250 qram təzə ispanaq
½ fincan iri doğranmış brınza və yaxud digər ağ pendir
Duz (əgər pendir duzsuzdursa) və zövqə görə döyülmüş qara istiot
Yuxaların üzərinə çəkmək üçün südlü sousa lazım olanlar:
1 fincan süd
2 yumurta (yumurtalardan birinin sarısını sonda börəyin üzərinə çəkmək üçün saxlamaq lazımdır)
½ çay qaşığı qabartma tozu (vacib deyil, lakin deyilənə görə qabartma tozu yuxa qatlarını bir qədər şişirdir)
1/3 fincan zeytun yağı
Börəyin üzərinə çəkmək üçün:
1 yumurtanın sarısı+ bir neçə xörək qaşığı süd və ya qatıq
Üzərinə səpmək üçün küncüd və ya qara zirə lazımdır

Hazırlanma qaydası

İçlik üçün: Tavaya yağ tökülüb qızdırılır, soğanlar rəngi qızılı olanadək yavaş-yavaş qarışdırılaraq qovrulur,ocaqdan götürülüb kənara qoyulur. Ispanaq yuyulub təmizlənir, iri-iri doğranılır, böyük bir qaba yığılır. Üzərinə təxminən 2 xörək qaşığı su çilənir, bir neçə cimdik duz tökülür. İspanaqlar yumşalanadək əllə ovxalanır. Sonra ispanaqlar sıxılır, suyu tamamən süzülüb qurudulur. Bir qabda qovrulmuş soğan, doğranmış pendir və ispanaqlar qarışdırılır. Əgər pendir duzsudursa əlavə duz qatmaq olar, zövqə görə içliyə istiot və qırmızı toz bibər da qatılır.

Südlü sousun hazırlanması: Qabda bütün ərzaqlar- süd, yumurta, zeytun yağı, (istifadə edirsinizsə, qabartma tozu) yaxşıca qarışdırılır.
Soba 190C dərəcədə əvvəlcədən qızdırılır.
Börək hazırlanacaq iri tava və ya istiyədayanıqlı qab (şəkildəki kimi) yüngülcə yağlanır. Birinci yuxa tavaya yeləşdırılır. Elə etmək lazımdır ki, birinci yuxanın kənarları tavadan bayıra sallansın.( Birinici börəyin kənarları sonra digər qatların üzərinə qatlanacaq.) Südlü sousun 1/3 hissəsi birinci yuxanın üzərinə hər tərəfən bərabər şəkildə çilənir. İkinci yuxa qırışmış formada yerləşdırılır. Yuxa tavaya elə yerlədiriliməlidir ki birinici yuxadadan fərqli olaraq tavanın kənarlarından sallanmasın. Südlü sousdan ikinci yuxanın üzərinə birincidə olduğu kimi yaxılır. Hazırlanmış içlik ikinci yuxanın üzərinə bərabər şəkildə yayılır və üzərinə üçüncü yuxa,yenə də qırışmış şəkildə yerləşdirilir. Qalan südlü sous yuxanın səthinə yaxılır, birinci yuxanın tavadan sallanmış kənarları sonuncu qatın üzərinə örtülür.

Yumurta sarısı, süd (qatıq) qarışıdırılıb çalınır, börəyin üzərinə çəkilir. Sonda üzərinə küncüd yaxud qara zirə səpilir.
Börək sobanın orta gözündə,üzəri qızaranadək,təxminən 35-40 dəqiqə bişirilir. Bişdikdən sonra börək sobadan çıxarılır, 10-15 dəqiqə kənara soyumağa qoyulur. Börəyin üzəri bir qədər bərk olur, lakin soyuduqdan sonra yumşalır (bir qədər soyumuş börəyin üstünü çay dəsmalı ilə örstəniz, bir müddət sonra börəyin üstü yumuşalacaq). Soyuduqdan sonra börək kvadrat şəklində biçaqla hissələrə bölünür. Boşqaba yerləşdirilib süfrəyə verilir.

*Pendirli içlik üçün ispanaq əvəzinə yalnız pendir qoya bilərsiz. Bunun üçün doğranmış 3 fincan brınza yaxud istənilən ağ pendiri 2 yumurta, iri çimdik doğranmış cəfəri ilə birgə qarışdırmaq lazımdır. Pendir duzsuzdursa əlavə duz qatılır.

Nuş olsun !


Tarix: 29.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 194 Bölmə: Dünya mətbəxi
loading...