İsmayıl Muxtar oğlu Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002).
Həyatı
İsmayıl Hacıyev 21 yanvar 1951-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Xanəgah kəndində anadan olmuşdur.1968-ci ildə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərindəki İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində fəhlə işləmişdir.
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fəal elmi faliyyətlə məşgul olmuşdur. 1972-ci ildə ümumittifaq tələbə-elmi konfransında məruzəsinə görə diplom, 1974-cü ildə təhsil əlaçısı kimi "Əla təhsilə görə" döş nişana layiq görülmüşdür.
Pedaqoji fəaliyyəti
1974-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək bitirdiyi Naxçıvanın Xoşkeşin kənd səkkizillik məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1977-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna assistent vəzifəsinə keçmiş, bir il sonra müəllim kimi mühazirələr aparmışdır. 1984-cü ildə tarix-filologiya fakültəsinin dekan müavini seçilmişdir.
Elmi fəaliyyəti
XX əsrin 80-ci illərinin ikinci yarısı, 90-cı illərinin əvvəlində "Təlim prosesində ictimai-siyasi materialın yadda saxlanması xüsusiyyətləri", "Tədris prosesində tələbələrdə mənəvi keyfiyyətlərin aşılanması", "Tələbələrdə siyasi mədəniyyətin formalaşması" və s. mövzularda hazırladığı metodik vəsaitləri və elmi məqalələri ərsəyə gətirmişdi.
1992-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda "Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafi edir.
1994-cü ildə Naxçıvan Özəl Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə keçir. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunur.
Ötən müddət ərzində İsmayıl Hacıyev "Türkiyə-Naxçıvan elmi əlaqələri", "Tarixdə və günümüzdə Naxçıvan", "Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi", "XX əsrdə Naxçıvanda ermənilərin törətdikləri soyqırımının qarşısının alınmasında Türkiyənin rolu" və s. əsərləri elmi ictimaiyyətə təqdim edilir. 1999-cu ildə "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" mövzusunda doktorluq dissertasiyası medafiə edir. 2000-ci ildə o Naxçıvan Dövlət Universitetinin professoru seçilir.
2000-ci ildə İsmayıl Hacıyev Culfa seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilir. Elm aləmində tanınmış tarixçi-alim daha böyük elmi zirvələr fəth edir. 2002-ci ildə prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılır və İsmayıl Hacıyev 2003-cü ildə həmin bölmənin sədri, AMEA-nın Rəyasət Heyətinin üzvü seçilir.
Elmi yaradıcılığı
İsmayıl Hacıyev tarixin müxtəlif problemlərinə həsr olunmuş 30-dan artıq monoqrafiyası, 230 elmi məqaləsi, elmi məruzələri vardır. Fərdi və birgə yazdığı "Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası", "Mustafa Kamal Atatürk və Naxçıvan", "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi", "Naxçıvan abidələri ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "İntibahın 15 ili", "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan" və s. əsərləri elmi sahədə ciddi qəbul edilir.
Naxçıvanın 1918-1920-ci illəri əhatə edən həqiqi tarixinin bərpası, tarixin arxivində yatıb qalan nadir faktların üzə çıxarılması onun tədqiqatının əsas motividir.
Ailəlidir, üç övlad atasıdır.
Əsas elmi əsərləri
Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı, "Elm", 2003, səh. 164
Tarixdə və günümüzdə Naxçıvan (türk dilində). Ankara, Ankara Universiteti nəşriyyatı, 1998, səh. 92
Naxçıvan Muxtar Respublikası (Azərbaycan və ingilis dillərində). Naxçıvan, "Qeyrət", 1998, səh. 44
Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi. Bakı, "Elm" 1999, səh. 36
Naxçıvan və naxçıvanlılar. Bakı, 2001
İctimai-siyasi fəallığı
İsmayıl Hacıyev ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. 2000-ci ildə İsmayıl Hacıyev Culfa seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilir.
2005-ci ildə Azərbaycan Respulikası III çağırış Milli Məclisinə deputat seçilir. 2010-cu ilin 7 noyabr tarixində IV çağırış Milli Məclisin deputatı seçilir. Parlamentin elm və təhsil komitəsinin üzvüdür.
Mükafatları
Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adını almışdır.Respublika Təhsil Nazirliyinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medal, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatları, ABŞ-ın Bioqrafiya İnstitutunun Qızıl medalı ilə təltif edilib.
Tarix: 11.02.2015 / 15:49 Müəllif: Feriska Baxılıb: 247 Bölmə: Azərbaycan tarixçiləri