Nərgiz Əliyeva - tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini
Həyatı
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. O, 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur.
Elmi fəaliyyəti
Nərgiz Əliyevanın elmi fəaliyyətində orta əsr ərəbdilli mənbələrin öyrənilməsi xüsusi yer tutur. Azərbaycanın orta əsrlər tarixi üzrə istedadlı bir mütəxəssis olan Nərgiz Əliyeva 2 monoqrafiya və 70-a yaxın elmi məqalələrin müəllifi, “Mövlanə Siracəddin Şirvani”, “Quba-dövrün adət və ənənələri” adlı monoqrafiyaların elmi redaktoru olmuşdur. Onun “Yaqut əl-Həməvi və Azərbaycan” əsəri 2000-ci ilin ən yaxşı kitablarından biri kimi qəbul edilmişdir.
Nərgiz Əliyeva Respublikada və xaricdə (London, Mahaçqala, Tbilisi, Dəməşq, Luqansk) elmi əsərlər dərc etdirməşlə yanaşı bir çox simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir.Özbəkistan onomastikası (Karşi şəhəri,1989 Özbəkistan onomastikası, 1989), Naxçıvan bu gün: İslahatlar, perspektivlər (Naxçıvan, 2008), Yaxın və Orta Şərq; dünəni, bu günü, sabahı (Bakı,2007), VI Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel mirası (Milan, 2012) və digər beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur. 22-26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda “Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti” mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.
Ərəbdilli yazılı mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair tədqiqatların, o cümlədən monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifidir. 1996-cı ildə Yaqut əl-Həməvinin əsərləri XII-XIII əsrin birinci rübündə Azərbaycanın ictimai-siyasi və mədəni həyatının öyrənilməsində mənbə kimi” adlı namizədlik, 2012-ci ildə “Azərbaycanın elmi mühitinin öyrənilməsində bioqrafik mənbələrin rolu (XI-XIII əsrlər)” mövzusundakı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən N. Əliyeva tarix elmləri doktoku alimlik dərəcəsini qazanmışdır.
2010-cu ildə “Əs-Səmaninin “Kitab əl-Ənsab”əsəri Azərbaycanın mədəniyyət tarixinin öyrənilməsində mənbə kimi” monoqrafiyası çap olunmuşdur. Hazırda “ İbn Makula və Azərbaycanlı ziyalılar” adlı üçüncü monoqrafiyası çap üçün təhvil verilmişdir. Elmi fəaliyyəti dövründə Nərgiz Əliyeva özünü müstəqil elmi araşdırmalar aparmağı bacaran tədqiqatçı, müxtəlif xarakterli tarixi mənbələri tədqiqatlara cəlb edən, onları hərtərəfli təhlil edən tarixçi kimi göstərə bilmişdir. Nərgiz Əlıiyeva Muzeyin Elmi Şurasının və Azərbaycan Tarixi İnstitutunun nəzdindəki Mudafiə Şurasının üzvüdür.
O, 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Hindistanın Dehli şəhərində Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Hindistanın Jamia Millia İslamia Universiteti və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda Nərgiz Əliyeva “Orta əsrlərdə Azərbaycanda zərdüştilər” adlı məruzə ilə çıxış etmişdir.
Tarix: 11.02.2015 / 13:08 Müəllif: Feriska Baxılıb: 218 Bölmə: Azərbaycan tarixçiləri