Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tamilla Musayeva

Tamilla Həşim qızı Musayeva — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi.
Həyatı
Tamilla Həşim qızı Musayeva 1931-ci il dekabrın 31-də Bakıda anadan olmuş, 1939-1949-cu illərdə Bakı şəhərində 46 saylı məktəbdə təhsil almışdır. Həmin ildə məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin vaxtdan indiyədək Tarix İnstitutunda elmi tədqiqat işi ilə məşğuldur. Tamilla Musayeva hazırda Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır. O, 100-dən artıq elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir.

Tamilla Musayeva 1962-ci ildə “Birinci beşillik illərində Azərbaycanda xalq təhsilinin inkişafı uğrunda mübarizə (1928-1932-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1980-ci ilin dekabrında isə doktorluq dissertasiyasını başa vurmuşdur. Onun 1980-ci ilin martında nəşr olunmuş “İnqilab və Azərbaycanda xalq təhsili (1920-1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişafı tarixinin oçerkləri)” monoqrafiyası dissertasiya kimi müdafiəyə təqdim olunmuşdur. Bu monoqrafiyaya görə ona tarix elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür. O, SSRİ Nazirlər Soveti yanında AAK-ın 31 yanvar 1992-ci il tarixli qərarı ilə “Vətən tarixi” ixtisası üzrə professor elmi adını almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2005-ci il 878 nömrəli sərəncamına görə T.Musayevaya Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Tamilla Musayevanın elmi axtarışlarının əsas istiqamətlərindən biri 1920-1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişaf tarixi, bu sistemin yaranması və onun respublika zəhmətkeşlərinin ümumtəhsil səviyyəsinin yüksəldilməsində rolunun tədqiqi olmuşdur. Azərbaycanda xalq təhsilinin inkişaf tarixini elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi T.Musayevanın Azərbaycan tarixşünaslığına dəyərli töhfəsidir.

T.Musayeva respublikada birincilər sırasında Azərbaycanda savadsızlıqla mübarizə kimi həlledici problemin həllinin işlənməsi ilə məşğul olmuşdur. O, bu mübarizənin forma və metodlarını öyrənmiş, onun beşilliklər dövründə geniş tətbiq edilən mədəni yürüşlər və mədəni estafetlər kimi formalarını, bu mübarizədə xalq kütlələrinin iştirakı və rolunu, Azərbaycan şəraitində spesifik xüsusiyyətlərini tədqiq etmişdir. Bu məsələnin tədqiqi böyük beynəlxalq əhəmiyyət kəsb edirdi. Belə ki, Azərbaycanın təcrübəsi, respublikada onun həllinin forma və metodları, müsəlman dünyası ölkələrində savadsızlığın ləğvi təcrübəsində bu gün müvəffəqiyyətlə tətbiq edilə bilər.

T.Musayeva ilk dəfə olaraq 1920-ci ildən başlayaraq respublika maarif işçilərinin qurultay və müşavirə materiallarını öyrənmiş və elmi dövriyyəyə daxil etmiş, Azərbaycanda xalq təhsilinin yeni prinsiplərinin tədqiqində görkəmli müəllimlərin və maarif xadimlərinin fəaliyyətinin elmi təhlilini vermiş, ilk ali təhsil müəssisələrinin yaranması və inkişafını, yeni Azərbaycan ziyalı kadrlarının hazırlanmasında onların rolunu kompleks şəkildə öyrənməyə çalışmışdır.

Azərbaycanlı qadınların təlimi və təhsili, onların azadlıq və bərabərliyə aparan mürəkkəb yollarının öyrənilməsi, respublikanın ictimai-siyasi və iqtisadi həyatına cəlb edilməsi məsələləri alimin elmi axtarışlarının mövzusudur. O, ilk dəfə olaraq Azərbaycan və Cənubi Qafqazın bitərəf qadın qurultay və konfranslarının materiallarını aşkara çıxarmış və qadınların azadlığı prosesində onların rolunu göstərmişdir.

Onun tədqiqatlarında ötən əsrin 20-30-cu illərində həyata keçirilən əlifba islahatı, yazı problemləri mühüm yer tutur. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji qurultayın əhəmiyyətini açıb göstərmiş, qurultayda qəbul edilmiş material və sənədləri tədqiq etmiş, türk xalqlarının əlifbasını latın yazı qrafikasına keçirilməsində Azərbaycanın rolunu aşkarlamışdır. Bu sahədə onun “İstoria SSSR” (M., 1970, №5) jurnalında nəşr edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış məqaləsi diqqəti cəlb edir. Onun tədqiqatlarında din, sovet hakimiyyətinin 20-30-cu illərdə dindarlara münasibəti məsələsi əhəmiyyətli yer tutur. T.Musayeva Azərbaycan tarixşünaslığında məlum səbəblərə görə lazımi səviyyədə öyrənilməmiş yeni bir problemi tədqiq etmişdir. Bu cəhətdən onun islam dininə həsr edilmiş və 1997-ci ildə Bakıda keçirilən beynəlxalq konfransda çıxışı diqqətəlayiqdir. Konfransda çıxışında o, ilk dəfə olaraq sovet hakimiyyətinin dinə münasibətinin təkamülünü izləməyə, totalitar rejim möhkəmləndikcə insan hüququnun pozulmasını, ateizmin güclənməsini və özfikirliliyin təqib olunmasını göstərməyə çalışmışdır.

Onun elmi axtarışlarının mühüm istiqamətlərindən biri elmin formalaşması və inkişafı məsələsidir. Alim Azərbaycanda ilk elmi mərkəzlərin yaranması tarixini öyrənmiş, 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradılmasının əsasını qoymuş “Azərbaycanın tədqiqi və tətəbbö cəmiyyəti"nin, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (Az.DETİ), SSRİ EA Zaqafqaziya filialının fəaliyyətini hərtərəfli təhlil etmişdir.

T.Musayevanın məşğul olduğu 20-30-cu illərdə Azərbaycanın təkcə İttifaq daxili deyil, həmçinin respublika tarixşünaslığında tədqiq olunmamış xarici ölkələrlə mədəni əlaqələrini üzə çıxarmışdır. Bəhs olunan illərdə Azərbaycan xarici ölkələrlə geniş mədəni əlaqələr həyata keçirirdi. Bu axtarışların nəticələri “Azərbaycan beynəlxalq mədəni qarşılıqlı əlaqələrdə” mövzusuna həsr olunmuş beynəlxalq simpoziumda (Bakı, 1998) təhlil edilmişdir.

Azərbaycanın mədəniyyət tarixini T.Musayeva kompleks şəkildə tədqiq etmişdir. Yuxarıda qeyd edilən problemlərlə yanaşı, 20-30-cu illərdə ədəbiyyat və incəsənət (teatr, musiqi, kino, təsviri incəsənət) məsələləri də onun tədqiqat obyektidir. Bu problem 2000-ci ildə nəşr edilmiş çoxcildli “Azərbaycan tarixi"nin VI cildinin müvafiq fəsillərində (V, VIII, X) öz əksini tapmışdır. Bu fəsillərin elmi nəticələrindən biri, 20-30-cu illərin mədəni quruculuğu tarixinin bir çox məsələlərinin yeni baxımdan tədqiqində əldə edilən yeniliklərdir. Bu tədqiqatlarda totalitar-büroktarik rejimə məruz qalmış o dövrün mədəni quruculuğunda baş vermiş əyinti və deformasiyalar aşkarlanaraq təhlil edilmişdir. Bununla yanaşı, mədəni quruculuq sahəsində əldə edilmiş nailiyyətlər öz obyektiv şərhini tapmışdır.

Hazırda T.Musayeva iki monoqrafiyanı “20-30-cu illər Azərbaycan ziyalılarının taleyində” və “Azərbaycan mədəniyyəti əsrlərin ayrıcında (XIX əsrin sonu-XX əsrin birinci yarısı)” çapa hazırlayır.

T.Musayeva bir sıra ümumiləşdirilmiş, o cümlədən ümumittifaq əhəmiyyətli əsərlərin yazılmasında iştirak etmişdir. O, 1917-ci ildən 1941-ci ilədək olan dövrü əhatə edən, 1975 və 1976-cı illərdə Moskvada nəşr edilmiş “SSRİ-də mədəni həyat” ümumittifaq xronologiyasının I və II cildlərinin hazırlanmasında Azərbaycandan tərtibçi kimi iştirak etmişdir.

T.Musayeva üç cildli “Azərbaycan tarixi” kitabının (Bakı, 1963, III cild, I, II hissələr) müəlliflərindən biridir. O, 2000-ci ildə çap olunmuş “Azərbaycan tarixi"nin VI cildinin müəllifi və redaksiya heyətinin üzvlərindəndir. Alim ötən əsrin 20-30-cu illərində Azərbaycan mədəniyyətinin yaranması və inkişafı tarixinə həsr edilmiş V, VIII fəsillərin müəllifi, X fəslin isə müştərək müəllifidir. Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş (VI, VIII, IX fəsillər) bir sıra yazıların müəllifidir.

Mədəniyyət məsələləri ilə yanaşı, T.Musayeva kənd təsərrüfatı, kolxoz istehsalının texniki yenidən qurulması məsələlərini də tədqiq edir. O, “1927-1929-cu illərdə Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi” (Bakı, 1982) sənədlər və materiallar toplusunun birinci cildinin tərtibçilərindən biri və toplunun “Giriş” hissəsinin müəllifidir.

T.Musayeva 2003-cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.

O, həmçinin Azərbaycan MEA-nın 60 illik yubileyi ilə bağlı 2005-ci ildə nəşr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və elmi ziyalı kadrların formalaşması yollarında (1920-1945-ci illər)” adlı monoqrafiyanın və Birinci Türkoloji qurultayın 80 illiyinə həsr olunmuş “Azərbaycan xalqının əlifbasının inkişafı yolunda mühüm mərhələ” adlı 2006-cı ildə çap olunmuş kitabın həmmüəllifidir.

Tədqiq edilən problemlərin mahiyyətinə dərindən nüfuz etmək, çoxsaylı mənbələrin və arxiv materiallarının tədqiqata cəlb edilməsi, elmi nəticələrin dəqiqliyi və ciddiliyi, elmi həqiqətin müdafiəsində prinsipiallıq və ardıcıllıq T.Musayevanın elmi işləri üçün səciyyəvi cəhətlərdir.

T.Musayeva beynəlxalq, ümumittifaq və respublika konfrans, simpozium və sessiyalarında elmi məruzələrlə dəfələrlə çıxış etmiş, bu forumlarda respublika tarix elmini ləyaqətlə təmsil etmişdir. Yalnız son beş ildə o, dörd beynəlxalq simpoziumda çıxış etmişdir.

T.Musayeva elmi-təşkilatçılıq işində fəal iştirak edir. Uzun illərdir ki, o, institutun Elmi Şurasının və doktorluq dissertasiyaları müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvüdür, 27 namizədlik və 12 doktorluq dissertasiyalarının opponenti olmuşdur.

T.Musayeva elmi kadrların hazırlanması sahəsində böyük iş aparır. Onun rəhbərliyi altında 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir və hazırda o, 4 doktorluq işinin və bir sıra aspirant və dissertantların elmi rəhbəridir.

O, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. T.Musayeva bir neçə il ərzində Bakı Dövlət Universitetinin tarix fakültəsində “Azərbaycan tarixi” üzrə ümumi kursdan, “Azərbaycanda mədəni quruculuq tarixi” üzrə isə ixtisas kursundan dərs demişdir, dəfələrlə universitetin tarix fakültəsində dövlət imtahanları komissiyasına sədrlik etmişdir.

T.Musayeva tarix elminin nailiyyətlərinin təbliği sahəsində fəal iş aparır. Onun dövri mətbuatda Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı məsələlərinə həsr edilmiş 25 publisistik məqaləsi nəşr olunmuşdur.

İşlədiyi müddətdə T.Musayeva özünü yüksək erudisiyalı və təşəbbüskar elmi işçi, respublika elmi ictimaiyyəti içərisində Azərbaycanın mədəniyyət tarixinin tədqiqi sahəsində aparıcı mütəxəssis kimi tanıtmışdır.


Tarix: 11.02.2015 / 14:55 Müəllif: Feriska Baxılıb: 496 Bölmə: Azərbaycan tarixçiləri
loading...