Minirə Xulusi qızı Dilbazi — Musiqiçi,Sənətşünaslıq namizədi (1982), Professor (1993)
Həyatı
Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar.
M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır.
M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir. Onun aşağıdakı elmi işləri xüsusilə qeyd edilməlidir: «Bakının musiqi keçmişindən (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli)» monoqrafiyası. «İşıq», Bakı, 1985, 136 s; Bu kitabda ilk dəfə tədqiq olunmamış arxiv materialları elmi dövriyyəyə daxil edilir, «Azərbaycanın musiqi tarixi», «Fortepiano ifaçılığı tarixi» fənnlərinin tədrisində dərs vəsaiti kimi istifadə olunur.
«Tarixin səhifələri Peterburq estradasında» elmi məqaləsi – «Sovetskaya muzıka» jurnalı, Moskva – 1993, № 12 s.136-137 – müəllif rus oxucusuna Azərbaycan musiqi mədəniyyətinin tarixinə dair maraqlı məlumat vermişdir.
Elmi-metodiki işləri arasında 6 metodik broşür, o cümlədən 3 tədris proqramı nəşr edilmişdir. Bunlardan «Müasir dövrdə ümumi fortepiano tədrisinin təkmilləşdirilməsinə dair» (Bakı, 1995, 42 s.); metodiki işini və başqalarını qeyd etmək olar.
Müxtəlif ixtisaslı peşəkar musiqiçilərin yetişdirilməsində «Ümumi fortepiano fənninin rolu və əhəmiyyəti» mövzusunda 1-ci Ümumrespublika elmi-metodiki konfransının keçirilməsinə müəllim, aspirant və tələbələrin cəlb olunmasında M. X. Dilbazinin təşkilatçılıq və elmi bacarığını qeyd etmək lazımdır.
Azərbaycanın şəhər və rayonlarında ziyalıların, məktəblilərin və zəhmətkeşlərin qarşısında tələbələrinin iştirakı ilə keçirdiyi leksiya-konsertlər yerli qəzetlərdə dəfələrlə qeyd edilmiş və buna görə M. X. Dilbazi bir çox Fəxri Fəpmanlarla da təltif olunmuşdur. Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Resplulikasi Prezidenti tərəfindən əməkdar müəllim adına layiq görülmüşdür.
Xüsusilə qeyd etmək lazımdır ki, M. X. Dilbazi Bakı Xalq Konservatoriyası təşkil olunduğu gündən ümumi fortepiano fənnini tədris etmişdir. Gənclər və zəhmətkeşlərin musiqi-estetik tərbiyəsində fəal iştirakına görə AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. Respublikanın Əmək Veteranıdır.
Tarix: 11.02.2015 / 12:48 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Azərbaycan tarixçiləri