Yaqub Mikayıl oğlu Mahmudov — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Həyatı
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci çağırış (2000 - 2005), üçüncü çağırış (2005 - 2010) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2010-ci il noyabrında 113 saylı Şəki şəhər seçki dairəsindən yenidən parlamentin deputatı seçilmişdir. Milli Məclisin sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir.
900-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan, Türk, Rus və ingilis dillərini bilir.
Evlidir, 3 övladı var.
Əsas elmi əsərləri
Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı: 1986
Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəllləri). Bakı: 1991 (rus dilində)
Azərbaycan diplomatiyası. Bakı: 1996 (təkrar nəşr – 2007)
Azərbaycan: qısa dövlətçilik tarixi. İslamabad: 2005. Bakı: 2005 (Azərbaycan, ingilis və rus dillərində)
Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı: 2005 (Azərbaycan, ingilis, ərəb, fransız, alman və rus dillərində)
Naxçıvan: tarixi və abidələri. Bakı: 2007 (Azərbaycan və ingilis dillərində)
“Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)” Los-Anceles 2011 (Azərbaycan, ingilis dillərində)
“Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli)” Los-Anceles 2012 (Azərbaycan, ingilis dillərində)
“Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” Nyu-York və Moskva (Azərbaycan, ingilis və rus dillərində)
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
Təltif və mükafatlar
"Yusif Məmmədəliyev", "Rəsul Rza", "Qızıl qılınc", "Qızıl qələm" mükafatları laureatı;
Azərbaycan Respublikasının Əməkdar Elm xadimi;
"Şöhrət" ordeni
Azərbaycan Respublikasının Dövlət Mükafatı
“Best Enterprises - 2012” diplomu
“The Name in Science” (azərb. "Elmdə ad") fəxri titulu
“Kraliça Viktoriya” diplomu və medalı (2014)
Tarix: 11.02.2015 / 15:37 Müəllif: Feriska Baxılıb: 338 Bölmə: Azərbaycan tarixçiləri