Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994).
Həyatı
Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955-1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963-1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967-1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973-1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991-1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921-1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960-1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir.
Əsərləri
Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960-1980-ci illər) (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1990, 163 səh.
Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafında rolu (ixtisas kursu proqramı). Bakı: BDU nəşriyyatı, 1990, 13 səh.
Azərbaycan yaradıcılıq ittifaqlarının mədəni əlaqələri. Bakı: Azərnəşr, 1991, 200 səh.
Rusiya imperiyası tərkibində türk xalqlarının tarixi (1800-1917-ci illər) (proqram). Bakı: BDU nəşriyyatı, 1993, 14 səh.
Türk xalqlarının tarixinə dair. Bakı: BDU nəşriyyatı, 1994, 75 səh.
Tarix: 11.02.2015 / 13:07 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Azərbaycan tarixçiləri