Qəbələ Böyük Plinidə (23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu. Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır. Divarlardakı və bürclərdəki mazğallar düzbucaqlı formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7-8 m, diametri 5-6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsinin qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.
Qəbələdə arxeoloji tədqiqatlar amanı aşkarlanmış üzərində Makedoniyalı İskəndərin təsviri olan gümüş tetradraxma (Azərbaycan Tarix Muzeyi)
Qəbələnin şəhər yerində və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı işləri nəticəsində şəhər yerinin ən alt təbəqəsinin eramızdan əvvəl III minilliyin ikinci yarısına (erkən Tunc dövrü) aidliyi aşkar edilmişdir. Həmin təbəqədə itilənmiş dəvəgözü daşı, çaxmaq daşı və dəvəgözü daşı qırıntıları, keramika məmulatı parçaları və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi eramızdan əvvəl IV-III əsrlərə aid olunan üç tikinti dövrü ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli kirəmitlər, yastı kirəmit parçaları, müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır. Yuxarı təbəqə numizmatik tapıntılara (Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) draxma və tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfiya hökmdarı III Fraatın (e.ə. təqribən 70-58-ci illər) draxmaları) və digər materiallara əsasən e.ə. II—I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar bünövrələri, yastı və novşəkilli dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqları, bəzək əşyaları, gildən qayırılmış insan və heyvan fiquraları, habelə möhürbəndlərində istər şərq, istərsə də antik kemalları üçün səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.
Qəbələ şəhər yerinin xarabalıqlarında və onun ətrafında I əsrə aid xeyli miqdarda Arşaki və Roma sikkələri, III əsrə aid 200-dən çox Sasani sikkəsi və digər sikkələr tapılmışdır. Qəbələdən, həmçinin, Böyük İsgəndərin və Parfiya padşahı III Fraatın draxmalarına oxşatma olan yerli sikkələr tapılmışdır ki, bu da e.ə. I əsrdə və eramızın əvvəllərində bir sıra ölkələrlə qızğın ticarət getdiyini göstərir. Alvan (ehtimal ki, Alban) və Savalan keçidlərindən keçən ticarət yolları adlanırdı. Ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi. Qəbələ ticarət əhəmiyyətini VIII-IX əsrlərdə də itirməmişdi.
Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII-IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan gətirilirdi. Şəhərə su Qəbələnin 5-6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə qədərki külli miqdarda müxtəlif saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə bəzədilirdi.
Tarix: 08.01.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Azərbaycan paytaxtları