Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Orta əsrlər

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir. Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur. 625 – ci ildə Bizans imperatoru İraklinin (619 – 641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.

654 – cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656 – cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi. Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.

IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əleyhinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30 – cu illərinədək onun hakimiyyətində qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932 – 937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.

X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur. Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063 – 1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.

Naxçıvan şəhəri XII əsrin 30 – cu illərindən 70 – ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.

1221 – ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225 – ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30 – cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257 – ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.

XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi.

1386 – cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır.[35] 1387 – ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir. Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387 – 1401) inadlı müqavimət göstərmişdir.

Naxçıvan şəhəri 1412 – ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468 – ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi.1501 – ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.

XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən - ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603 – cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu. 1605 – ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.


Tarix: 08.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycan paytaxtları
loading...