Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Antik dövr

Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna, İşquz və Midiya dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663 – cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E.ə. VI əsrin ortalarından (e.ə. 550 – ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30 – cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.

Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya - Atropatena dövlətinin tərkibində olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes və II Tiqran tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur.

Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerlşən tarixi vilayət), daha sonra isə Sisakan – Sünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309 – 379) Qafqaz yürüşü zamanı (364 – 367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı. Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş[20], Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.


Tarix: 08.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycan paytaxtları
loading...