Cəfərov Vahid Əziz oğlu - şair, tərcüməçi, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1974).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Həmçinin bax
Həyatı
Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur.
Ailəliklə Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963-1964).
Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni - Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
"Oğuz eli" ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). "Ergün" firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.
Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. "Dözmək olmur" (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.
Əsərləri
Mən küləyi görürəm. Bakı: Gənclik, 1969, 40 səh.
Aylı pəncərə. Bakı: Gənclik, 1974, 63 səh.
İllərin baharı. Bakı: Yazıçı, 1980, 136 səh.
Əllərimin kölgəsi. Bakı: Gənclik, 1986, 136 səh
Тень моих рук. M.: Советский писатель, 1988, 120 стр.
"Dözmək olmur" (1997)
Tərcümələri
(ruscadan)
Aqustino Netto. Azadlıq nəğmələri. Bakı: Yazıçı, 1981, 84 səh.
Tarix: 19.01.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Şairlər və Yazıçılar