Mustafayev Alı Mustafa oğlu — telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı.
Həyatı
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil almışdır (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olmuş, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilmişdir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Döyüşlərdə iştirakı
Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990).
1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülmüşdür.
1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına, "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür[1].
Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.
Tarix: 13.01.2013 / 13:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Şairlər və Yazıçılar