Qarayev İsmayıl Abuzər oğlu — Azərbaycan yazıçısı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1973).
Həyatı
İsmayıl Qarayev 1927-ci il dekabr ayının 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Tap Qaraqoyunlu natamam orta məktəbində təhsilini başa vurduqdan sonra (1941) həmin kənddəki "Meydanalı" kolxozunda kolxozçu işləmişdir (1941-1946). Gəncə Tibb Texnikumunu (1949), ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Samux rayonu Alpout kənd feldşer məntəqəsində feldşer və müdir (1949-1951), Qasım İsmayılov (indiki Goranboy) rayon SES-də qrup müdiri (1951-1952) və epidemioloq köməkçisi (1952-1954), Yevlax rayon Malbinəsi kənd geldşer məntəqəsində müdir, Səmədabad kəndində, "28 aprel" sovxozunda, Yevlax şəhər xəstəxanasının poliklinikasında feldşer (1954-1957), Xəzər Səhiyyə Şöbəsində və Zığ xəstəxanasında feldşer (1957-1958), Xəzər Hövzə SES-də gəmi feldşeri (1958-1965), Goranboy rayon Qaşaltıqaraqoyunlu səkkizillik məktəbində müəllim (1965-1966), "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi (1966), "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor bə baş redaktor (1967-1974) işləmişdir.
Bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlamışdır. Dövri mətbuatda hekayə, oçerk, povest və romanları çap edilmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət ədəbi verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. Əsərləri efirdə səsləndirilmişdir.
"Gənclik" nəşriyyatında işlədiyi vaxt nəşriyyatda nəşr olunan bir çox əsərlərin (xüsusilə, Süleyman Rəhimovun, Əli Vəliyevin, Cəmil Əlibəyovun, Ələviyyə Babayevanın, Qılman İsmayılovun, Əlibala Hacızadənin və bir sıra digər yazıçıları əsərlərinin) redaktə olunmasında, işıq üzü görməsində xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə redaktoru olduğu kitabların ikinci müəllifi adlandırılan İ.Qarayev nəşriyyatda çalışdığı müddətdə Süleyman Rəhimov və Əli Vəliyevin zəmanəti ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir (28.02.1973). Ümumittifaq tənqid və ədəbiyyatşünaslıq şurasının üzvü seçilmiş (1976), Ədəbiyyat fondunun üzvü olmuşdur (12.09.1973).
İlk kitabı – "O və mənim anam" 1964-cü ildə "Azərnəşr"də çapdan çıxmışdır. V.B. Şklovskinin "Səyyah Marko Polo" (1972) əsərini tərcümə etmişdir.
Qələmini təkcə nəsr sahəsində deyil, həm də nəzm sahəsində sınamış, bir neçə mənzum dastan, poema və çoxlu sayda şeirlər yazmış və bəzilərini mətbuatda dərc etdirmişdir. Uzun müddət "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmiş, dövrün eybəcərliklərindən bəhs edən hekayələri bu jurnalda dərc olunmuşdur. Təkcə respublika mətbuatında deyil, həm də keçmiş SSRİ məkanında bir sıra ədəbi jurnal və qəzetlərdə əsərləri dərc olunmuş, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İttifaq miqyaslı bir sıra ədəbi jurnal və qəzetlərdən əsərlərini nəşr üçün onlara təqdim etməsi ilə bağlı onlarla məktublar göndərilmişdir.
Represiyaya məruz qalmışdır. Lakin həbsxana illəri ruhdan düşməyib bədii yaradıcılığını davam etdirmiş, neçə-neçə roman, povest, hekayələr yazmışdır. Azadlığa çıxandan sonra bir müddət Bakıda, sonra isə ömrünün sonuna qədər doğma kəndində yaşamışdır. Ölümündən sonra bəraət almışdır. Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə bərpa olunmuşdur (?). "Azərbaycan" jurnalında "Bir kəndin uşaqları" adlı povesti, "Ulduz" jurnalında "Məni tanıdınmı" romanından parça, "Gənclik" jurnalında "Yetim Hüseyn" hekayəsi, "Azərbaycan gəncləri" qəzetində şeirləri, "Yazıçı" nəşriyyatında "Dağlar dağımdır mənim" romanı, "Kriminal" qəzetində və "Arzu" jurnalında "Sxodka" adlı povesti dərc edilmişdir. Haqqında Tofiq Mahmud "Ulduz hər zaman parıldamır" adlı məqalə yazmış, Azərbaycan Milli Televiziyası "Öz ömrünü yaşamayan adam" adlı veriliş hazırlamışdır. 1996-cı ildən yazıçının adını daşıyan "İsmayıl" nəşriyyatı fəaliyyət göstərir.
Yazıçının arxivində 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır.
Bəstəkar, şairə Xanım İsmayılqızının atasıdır.
Yazıçı, publisist Vəsimə İsmayılqızının atasıdır.
Əsərləri
O və mənim anam. Bakı: Azərnəşr, 1964, 191 səh.
Aydınlıq. Bakı: Gənclik: 1968, 164 səh.
Tərtərin mahnıları. Bakı: Gənclik, 1969, 51 səh.
Dəniz və dənizçi zarafatları. Bakı: Gənclik, 1970, 224 səh.
Ömür (roman). Bakı: Gənclik, 1971, 224 səh.
Əməyin bəhrəsi. Bakı: Azərnəşr, 1972, 31 səh.
Gecə keçir. Bakı: Gənclik, 1973, 191 səh.
Dağlar dağımdır mənim. Bakı: Yazıçı, 1994, 244 səh.
Sxodka (mikroroman). Bakı: Qapp-Poliqraf, 136 səh.
Сходка (микророман). Баку: Гапп-Полиграф, 2000, 152 стр.
Yalandır (mikroroman). Bakı: Çinar-Çap, 2002, 40 səh.
Küçələr kəsişir, yollar kəsişir (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh.
İnsan var hələ (mikroroman). Bakı: Çinar-Çap, 2002, 44 səh.
Qanlı məktub (mikroroman). Bakı: Çinar-Çap, 2002, 60 səh.
Bağışla, baba! (mikroroman). Bakı: Çinar-Çap, 2002, 96 səh.
Bir görüş, bir ayrılıq (mikroroman). Bakı: Çinar-Çap, 2002, 76 səh.
Şirzad kişi (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh.
Dərə çəkir adamı (mikroroman). Bakı: Çinar-Çap, 2002, 88 səh.
Bu güllər ətirlimi? (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh.
Saralmış yarpaqlar. (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh.
Söyüdlər quruyur (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh.
Bahar ötdü (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh.
İntihar (mikroroman). Bakı: Çinar-Çap, 2003, 80 səh.
Məni tanıdınmı (I kitab. "Payız yarpaqları" silsiləsindən roman). Bakı: Çinar-Çap, 2003, 252 səh.
Сходка (микророман). Б., "Чинар-Чап", 2003, 152 стр.
Tarix: 16.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2067 Bölmə: Şairlər və Yazıçılar