Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səid Səlmasi

Həyatı

Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. İrticaçılar tərəfindən təqib olunmuş, vətənini tərk edərək Bakıya gəlmişdir. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər və tərcümələr çap etdirmişdir. 1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur. Həmin il fevralın 24-də irticaçılar tərəfindən öldürülmüşdür.

Təəssüf ki, S.Səlmasinin həyatı, ictimai mənşəyi və bir çox əsərləri haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Bu haqda yeganə mənbə Ə.Qəmküsarın "Tərəqqi" qəzetində 1 nəşr etdirdiyi məqalədir. Məqalə müəllifı şairin həyatı haqqında çox az danışır, əsas diqqəti onun ictimai fəaliyyətinə verir. Bu məqalədən də açıq görünür ki, Səlmasinin demokrat ziyalılar və yazıçılar arasında böyük hörməti var imiş, onun istedadı etiraf olunurmuş.

Səid Səlmasi çox gənc ikən vəfat etdiyindən ədəbiyyat sahəsində mühüm əsərlər yarada bilməmişdir. Onun əsərləri azadlıq hərəkatı uğrunda fədakar çalışan, yeni ədəbiyyat üçün son dərəcə artıq həvəs göstərən istedadlı və qabiliyyətli bir gəncin yazılarıdır. Onun Füyuzafda nəşr olunmuş "Farsca ilk sone"1 adlı əsəri vətənpərvərlik hissi ilə dolu bir nəğmədir:

Mən on zəmini guhərbari-paki İranəm,
Bə hər bəlayi-cəhalət nişəgəh əst təni mən...

- deyə şair öz dərdini vətənin dərdi, vətəninin dərdini isə öz dərdi kimi verir.

"İğbirar", "Xiyali-mənfur"2 şeirlərində də cəhalətdən, qəflətdən, zülmdən şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü tapmışdır. Səid Səlmasi mütləqiyyəti, şərq cəhalətini tənqiddən başqa şeirlərinin bir qismində gələcəyə, azadlığa ümidini ifadə edir.

Məşrutə zamanında İran məclisinə seçilmiş nümayəndələr bu münasibətlə Təbrizdən Tehrana gedirkən, şair Azərbaycan məhbusları ilə, o cümlədən Əbdürrəhim Talıbov ilə görüşmüşdür. Bu hadisəni o şeirlərində sevinclə qələmə almışdır. O, ümid edir ki, hürriyyətpərəstlər istibdadın kökünü kəsmək, "zülm ağacını yıxmaq üçün" nə lazımsa edəcəklər:

Şad olur dil görüncə millətimin,
Bir byük mərifətli əhrarın.
Qət edirlər qələmlə rişəsini,
Şəcəri-zülm olan məlainin...

S.Səlmasi də Məhəmməd Hadi kimi burjua ziyalılarının yalan vədlərinə inanan, şahın icazə verdiyi "məclislərdən" ümid gözləyən romantik şairlərdəndir. Gənc şairin üslubunda qəliz, çətin, ərəb-fars ifadə və ibarələri vardır.

S.Səlmasi də müasir ictimai mübarizə və məsələlərdən bəhs edən həyati, səmimi şeir tərəfdarı idi.


Tarix: 19.01.2013 / 15:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 617 Bölmə: Şairlər və Yazıçılar
loading...