İbrahimov Mirzə Əjdər oğlu, (28 oktyabr 1911-ci il – 17 dekabr 1993-cü il) — Azərbaycan Sovet yazıçısı və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri (1954-1958), Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi, sədri, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı və SSRİ Xalq Deputatı (fasilələrlə).
Həyatı
Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.
Yaradıcılığı
Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş,"Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir(1933). "Həyat" (1935) pyesi bu dövrün bəhrəsidir.
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nin həyatı və yaradıcılığından bəhs edən nazimədlik dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Elmlər Akademiyası yaradıldığı ildən-1945-ci ildən bu akamediyanın həqiqi üzvü seçilən Mirzə İbrahimov daim elmi fəaliyyətlə də məşğul olmuşdur.1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.
İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs","Sənət aşiqləri","Zəhra","Yol ayrıcında","Mələk","Qaçaq" 'Cənub hekayələri' silsiləsi-"On iki dekabr","Azad","Tonqal başında","İztirabın sonu","İki həyat"), povest ("Xosrov Ruzbeh","Güləbətin","Pərvizin həyatı") və romanlarla("Gələcək gün-(1948),"Böyük dayaq" (1957),"Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961)(əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür.20 avqust 1956-cı ildə Respublika Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR -in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu.Həmçinin,onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.
Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XXU-XXVUI qurultaylarında MK Büro üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955, Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXUI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur (1948-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi (1970-1986) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
SSRİ Dövlət mükafatı laureatı (1950)
Azərbaycan Dövlət mükafatı laureatı (1965)
Beynəlxalq Nehru mükafatı laureatı (1979)
Azərbaycanın əməkdar incəsənət xadimi (1941)
Sosialist Əməyi Qəhrəmanı (1981)
Əsərləri
Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh.
Gələcək gün. Bakı: Azərnəşr, 1951, 753 səh.
Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.
Tərcümələri
(ruscadan)
N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
Ş.Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.
Haqqında olan ədəbiyyat
Quliyev E.M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.
Tarix: 13.01.2013 / 12:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1112 Bölmə: Şairlər və Yazıçılar