Hüseyn Həşimli - filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi.
Həyatı
1965-ci ildə Naxçıvan MR Culfa rayonunun Teyvaz kəndində doğulub. Hazırda Naxçıvanda elmi - pedaqoji fəaliyyətlə məşğuldur .
Elmi fəaliyyəti
"Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik, "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. On doqquz elmi kitabın, o cümlədən doqquz monoqrafiyanın, iki yüz altmışdan çox elmi məqalənin müəllifidir. Əsərləri Azərbaycandan başqa, Bolqarıstan, Türkiyə, İran, Rusiya, Türkmənistan ,Ukrayna, Gürcüstan, Qazaxıstan, Misir və s. ölkələrdə müxtəlif dillərdə nəşr olunub.
"Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi" (1990). "XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar" (2002),"Azərbaycan poeziyasında sonet və terset" (2003), "Azərbaycan mənsur şeirinin təşəkkülü" (2006), "Azerbaycan mensur şiirinin tarihi" (Ankara, [2007), "Əli Səbri" (2007), " Azərbaycan ədəbi mühiti və türk dünyası" (2009] "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri"(2009), "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı"(2009), "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" (Ankara. 2009) , " Азербайджанское стихотворение в прозе" (Москва .2011)."Пути развития Азербайджанского стихотворения в прозе" (Севастополь. 2011) , "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" (2012), "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" (2012) və s. kitabların müəllifidir.
Bakıda 1910-1911-ci illərdə çıxmış "Yeni füyuzat " jurnalının bütün saylarını toplayaraq 2010-cu ildə kitab halında müasir əlifba ilə çap etdirmişdir. İyirminci əsrin əvvəllərində yazıb-yaratmış ədiblərdən Məhəmməd Hadinin , Abdulla Surun və digərlərinin mənsur şeirləri, Əli Səbrinin " Şəbi-hicran " povesti, Bağır Cabbarzadənin "Bir yetimin naləsi" romanı, Əlipaşa Səbur Hüseynzadənin şeirləri, Əli Məhzunun "Ədəbiyyata dair" əsəri, Əliabbas Müznibin "Ürək yanğısı", Ələkbər Qərib Naxçıvanlının "Haqq divanı" hekayələri də ilk dəfə H.Həşimli tərəfindən çapa hazırlanaraq müasir oxuculara çatdırılmışdır. 2009-cu ildə Türkiyədə "Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü"nə layiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyinin (1999), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvüdür. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimidir (2007).
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır .
Tarix: 15.01.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 739 Bölmə: Şairlər və Yazıçılar