Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla Pənah Vaqif

Molla Pənah Vaqif (1717-1797) – XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.

Molla Pənah Vaqif xalqımızın orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şerlər yazmış şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.


Həyatı

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey məlumdur. Bəllidir ki, onun babası Süleyman, atası Mehdi, anası isə Ağqız adını daşımışlar.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".

XVIII əsrin ortalarında Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüzi maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır. Görünür, onun məşhur "Bayram oldu" qoşması da elə həmin vaxtlarda yazılmışdır:

Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Məqbərəsinin təsvir olunduğu məktub zərfi

Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər.

Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin, İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.

Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi bilən") adını doğrultduğunu göstərir.

Vaqif yaradıcılığının görkəmli tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.

Vaqif iki dəfə evlənib. Birinci xanımının adı Qızxanım, digərininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlardır. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şeirlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şeirləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.

Vaqifin yaxın dostlarından biri – Hüseyn xan Müştaq 22 il Şəki xanı olmuşdu, Vaqifin onunla da şeirləşdiyi bəllidir.

Siyasi fəaliyyəti

Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini qəbul edir. Birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edir. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Lakin bu xanlıqların müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı üzərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Osmanlı mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tərifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Eulona həsr olunmuş şeirlər yazır.

1783-cü ildə İbrahimxəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahimxəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istəyərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli ilə daha artıq yaxınlaşmağa başlayır. Vaqif Ağa Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak edir.

Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahimxəlil xandan ona tabe olmasını və bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahimxəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub bu məzmunda olur:

"Ey ağılsız, göydən başına daşlar yağarkən sən şüşənin içində möcüzəmi axtarırsan?"

Bu parçada Şuşa qalasının adı ("şüşə" sözü) oynadılmışdı. Şuşa Azərbaycan dilində "şüşə" demək idi və şüşə də təbii ki, daşa davam gətirə bilməzdi. Həmin beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atırlar. Qarabağ xanının birinci vəziri Vaqif buna cavab yazaraq, elə həmin yolla Qacara çatdırır. Cavabın məzmunu belə idi:

"Bəli,yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir."

Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, Gürcüstana yola düşür.

Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. Şairin atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı keçirilir və bu yarışdan da Vaqif qalib çıxır. Vaqif hətta silaha bir müxəmməs də həsr edib:

Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng
Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng...
Hər kim istər kim, vücüdi mərəkə ara gərək,
Kəndi zatından silahü əsləha əla gərək,
Gülləsilə xuni-əda tökməyə sövda gərək...

1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə gəlirlər. İbrahimxəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar.

Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə ildə Q.A.Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə İbrahimxəlil xan qalanı döyüşsüz təslim edir və öz qohumları, yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin məlumdur ki, Vaqif, o vaxt xanın özü ilə götürdüyü adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə sonra onu tutub İbrahimxəlil xanın qardaşı Məhəmmədhəsən bəyin sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi.

Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, bir neçə cür izah edirlər. Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri qayıdan baş Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan tərəfindən tutulub, Qacara təhvil verilir.

Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbrahimxəlil xanın düşmənləri tərəfindən tutulubmuş və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş. Qalanın döyüşsüz təslim edilməsini də bununla izah etmək olar.

Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi Mirzə Camalın (İbrahimxəlil xan Şuşaya qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu edam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın yazdığına əsasən, elə həmin axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün də üç xidmətçisini edam etmək tapşırığı veribmiş. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun edam edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər.

Öldürülməsi

Qarabağdakı qəbrüstü məqbərəsi

İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahimxəlil xanın yaxın qohumlarından olan Məhəmməd bəy Cavanşir keçir. Belə görünür ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və baş vəzirin azad edilməsindən az sonra Məhəmməd bəy Cavanşir onu və oğlu Əli bəyi edam etdirir. Böyük sənətkarın edam olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.

Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

Bədii irsi

Ölümündən sonra Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Şairin şeirlər "Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan şeirlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanmışdır. Onun şeirləri aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şeirləri bəzi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov görür. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı çap olunur. Sonra estafet Mirzə Fətəli Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə tez-tez istinad etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olub.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını yaxşı bilirdi. Onun yaradıcılığında qoşmanın böyük yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız xalqın hafizəsində qalan şeirləri yazıya alınıb. Bunlar isə əsas etibarilə qoşmalar ola bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya aludəliyi Vaqifin klassik şeir növlərində yazdığı əsərlərin dilinə və üslubuna da müsbət təsir göstərib.

Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin şeirlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, məşuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.

Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün şeirlərində məşuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Bəlkə də bu şeirlər bizə bir qədər yekrəng görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, şairin müasirləri bu əsərləri tamamilə başqa cür qəbul etmişlər. Kişinin, qadının sifətini görmək və onlarla sərbəst şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın gözəlliyi daha tez və həssaslıqla anlaşılırdı. Bu mənada qadının gözəllik əlamətlərini sadəcə sadalayan şeirlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan obrazları tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də bizimkindən qat-qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi sevgi şeirləri də bəzən dinləyiciləri bayıltmaq qüdrətinə malik olurmuş. O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həssaslıqla qəbul edilməsi Vaqifin şeirlərini dinləyənlərə ləzzət verirdi. Çünki onlar şairin sənətkarlıq xüsusiyyətləri sayəsində öz təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri, badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının məqsədini elə bunda görürdü. Onun şerləri oxucuda obrazın həm xarici görünüşünün həm də daxili dünyasının canlı təsəvvürünü yaradır.


Tarix: 12.01.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2371 Bölmə: Şairlər və Yazıçılar
loading...