Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812 Nuxa (Şəki) – 1878 Tiflis) — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi.
Həyatı
Mirzə Fətəli Axundovun 150 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir. [1]
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
M.F. Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasında qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur". [2]
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında Mirzə Fətəli Axundov haqqında bioqrafik bədii film çəkilir. "Sübhün səfiri" adlanan filmin mütəfəkkirin 200 illik yubileyi ərəfəsində ekranlara çıxacağı gözlənilir. [3]
Əsərləri
Şərq poeması (1837)
Hekayəti Molla İbrahimxəlil Kimyagər (1850)
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
Sərgüzəşti Vəziri-Xani Lənkəran (1850)
Hekayəti Xırsi-Quldurbasan (1851)
Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
Mürafiə vəkillərinin hekayəti (1855)
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)
Fehristi-kitab (1859)
Nəzm və nəsr haqqında (1862)
Tənqid risaləsi (1862)
Kəmalüddövlə məktubları (1865)
1.Əsərləri. 3 cilddə. Bakı: Şərq-Qərb, 2005, c.I, 296 s.; c.II, 376 s.; c.III, 296 s.
2.Ахундов М.Ф. Восточная поема на смерть А.С.Пушкина. Баку: Азернешр, 1982, 22 стр.
3.Ахундов М.Ф. Обманутые звёзды. Баку: Детюниздат, 1957, 56 стр.
Haqqında olan ədəbiyyat
1.İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
2.Qasımov M. M.F.Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
3.Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
4.Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
5.Kəngərli A. M.F.Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. "Yeni Azərbaycan", 2003, 11 may.
6.Qafarov N. M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. "Mədəni-Maarif", 2002, №8-9, s.40-41.
7.Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
8.Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
Filmoqrafiya
Əsərlərinə çəkilən filmlər
Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
Dərviş Parisi partladır (film, 1976)(tammetrajlı bədii film)
Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
Haqqında çəkilən filmlər
Böyük maarifçi-yazıçı M. F. Axundov (film, 1939)
Səbuhi (film, 1941)
M. F. Axundov (film, 1962)
Mirzə Fətəli Axundov (film, 1972)
Mirzə Fətəli Axundov (film, 1982)
Sübhün səfiri (film, 2012)
Tarix: 12.01.2013 / 16:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1097 Bölmə: Şairlər və Yazıçılar