Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas ağa Nazir

Abbas ağa Nazir (Qayıbzadə - 1849-1919) şair, Molla Vəli Vidadinin qız nəvəsi

Həyatı

Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.

Yaradıcılığı

Nazir təxəllüslü Abbas ağa Qayıbzadə /1849-1919/ XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur, Şair Abbas ağa Nazir yüzlərlə lirik, satirik şerlərin, vətənpərvərlik ruhunda yazılmış mənzumə və qəzəllərin, rübailərin müəllifidir. Onun poema və tərcümələri inqilabdan əvvəlki ədəbiyyat xadimlərinin diqqətini cəlb etmişdir. Fərəhləndirici haldır ki, o, dahi Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə ilk dəfə ana dilimizə ustalıqla, orijinala yaxın tərcümə edib. Həmin tərcümə 1908-ci ildə "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr edilmişdir. Az sonra əsər nadir tapılan biblioqrafik kitab kimi mağazalardan yoxa çıxmışdır. Abbas ağa Nazirin tərcüməsinin təkrar çapı 1959-cu ildə tədqiqatçı-alim Məmmədağa Sultanov tərəfindən olmuşdur. Sevimli xalq şairimiz Səməd Vurğun ağa Nazirin tərcüməsini yüksək qiyymətləndirərək xatirə-qeydlərində yazırdı: "Mən "Rüstəm və Söhrab"ın o dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram..." Şair Abbas ağa Nazir dahi rus yazıçısı Lev Tolstoyla məktublaşmış, onun "İnsana çoxmu torpaq lazımdır?" əsərini nəzmə çəkmişdir. Bununla əlaqədar 1909-cu il fevralın iyirmi dördündə Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi: "Hörmətli cənab qraf Lev Nikolayeviç! Mən bir müsəlman şairi kimi, öz müsəlman həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək arzusu və Sizin "İnsana çoxmu torpaq lazımdır?" başlıqlı əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail olmuşam. Ona görə də Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. Hörmət və ehtiramla:Abbas ağa Qayıbov ", On gün keçməmiş Abbas ağa Qayıbov Lev Nikolayeviç Tolstoydan aşağıdakı məzmunda cavab məktubu almışdır: "Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək ixtiyarı vermişəm, odur ki, üzərinizə götürduyünüz zəhmət üçün Sizə yalnız təşəkkür edə bilərəm. Lev Tolstoy". 1910-cu il noyabr ayının onunda Nazir böyük rus yazıçısının ölümünə - "Qraf Tolstoyun ölümünə aid" mənzumə yazmışdır.

Lev Tolstoy, ədibi-əzəmi rus, Dari-dükyadan eylədi rəhmət. Yəni fot oldu, səd həzar, əfsus, Nuri-şəmsi-həqiqətü hikmət.

Firudin bəy Köçərli də Abbas ağa Nazirlə məktublaşmış, onun poeziyasını yüksək qiymətləndirmişdir. O 1911-ci il oktyabrın onunda Abdulla Şaiqə yazdığı məktubunda Nazirin xoştəb bir şair, həyalı bir insan olduğunu bildirir: "Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik və əlan hal-həyatda olan Abbas ağa Nazirin gözəl şerləri var ki, məcmuəmə giriblər...

Abbas ağa Nazirin "Bəyani-halım" namində xeyli məğrub bir əsəri var, oxusanız xoşunuza gələr, əfsus ki, çap olunmayıbdır. Abbas ağa bacarardı öz xərcinə çap etdirməyə, amma utancaq adam olduğuna görə özünü qeyrilərlə tanış etdirməkdən həya edir. Bilmirəm, onun əsərlərindən nəzərinizə yetişənlərdən olubdurmu? "Rüstəm və Söhrab"ın tərcüməsi, "Mövlüdi nəbavi", "Millətə xitab", "Molla və şeytan", "Çoxmu lazımdır insana torpaq?", "Bəyani-halım" və qeyriləri. Abbas ağa çox qabil və xoştəb şairdir. Amma çoxları onu tanımır, o cəhətə ki, özünü nəzərə verən adam deyil".

Firudin bəy Köçərli 1909-cu ildə Abbas ağa Nazirin altmış illik yubileyi münasibətilə yazdığı məqalədə onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır. "Həqiqi şair... millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qism fədakarlığa və cannisarlığa şövqməd eləsin".


Çıxart cahi-zəlalətdən,təriqi-həqqə, irşad et,
Həyatın var ta, Nazir, oxu bu fərdi,fəryad et,
Gözün aç, xabi-qəflətdən oyan millət, oyan millət,
Nəzər qıl bircə ətrafa, aman millət,aman millət!

Abbas ağa Nazir isə 1909-cu ildə Firudin bəy Köçərliyə göndərdiyi məktubunda yazır ki, Sizinlə gec tanış olmağıma heyfsilənirəm. Hərgah qırx il bundan əqdəm mənim şerimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi otuz-qırx cild kitab yazardım.

1911-ci il dekabrın beşindəTiflisdə M.F.Axundovun yüz illiyi təntənəsində Gürcü Zadəganlar Cəmiyyəti Teatrında məruzə edən F.Köçərli yubiley gecəsini Abbas ağa Nazirin böyük dramaturqa həsr etdiyi on üç bəndlik şeri ilə açmışdır. Nazir şerində M.F.Axundovun təkcə Azərbaycan xalqına və ədəbiyyatına deyil, hətta yaxın Şərq xalqlarına və ədəbiyyatına olan misilsiz xidmətini nəzmə
çəkmişdir:

Millətə şahrahi-elm açdın,
Mərhaba, ey mühəndisi-qadir!
Vətənə təxmi-mərifət saçdın,
Sən ey ustadı-kamilü mahir!
Bir əlifbayi-tazə tərh etdin,
Şivəsi xoş, oxunmağı asan;
Rəsmi-təlimi zikrü şərh etdin,
Qoymadın bir qüsuru, bir nöqsan.

Firudin bəy Köçərli 1912-ci ildə çap etdirdiyi "Balalara hədiyyə" kitabına
Abbas ağa Nazirin "Vətən", "Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü" və
başqa şerlərini daxil etmişdir.
Hələ 1908-ci il dekabrın 5-də Firudin bəy Köçərli Qoridən Abdulla Şaiqə
yazırdı: "Rus şairlərinin əsərlərindən türkcə tərcümə etmək üçün Abbas ağa
Qayıbov Nazir təxəllüsə müraciət etmənizi səlah görürəm. Cənab Abbas ağanın
çox səlamət və rəvan təbi var və özü də rus dilini kamil bilir. Abbas ağadan başqa
yenə bir neçə xoştəb şairlər vardır və onlar rus dilini bilmirlər. Abbas ağa Tiflisdə
sünni idareyi-ruhaniyyəsinin kargüzarıdır".
Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da Qazaxda vəfat
etmişdir. Doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunmuşdur.
Nazirin vəfatından kədərlənən dövrünün maarif və mədəniyyət xadimləri
onun ölümünü ağır itki kimi qiymətləndirərək mətbuat səhifələrində çıxış etmişlər.
Həmin ili Qazax Seminariyasında ədəbiyyat müəllimi işləyən, sonralar görkəmli
dövlət xadimi olan Yusif Qasımov "Azərbaycan" qəzetinin 1920-ci il on bir yanvar
tarixli nömrəsində böyük bir məqalə ilə çıxış edərək ürək yanğısı ilə yazırdı:
"Onun vəfatı heç kəsi məraqə və təlaşa gətirmədi, o qədər əhali onun
vəfatına kəmqeyd və kəmetina qaldı. Onu görən Firudin bəy Köçərli cənabları "Ar
olsun bizə, bu böyük şəxsi çox həqiranə, çox beyhörmətanə yola salırıq. Bunun
vəfatına çox beyganə baxırıq" - deyə burdakı beş-üç nəfərə etdiyi yanıqlı xitabı
çox məqamlı və münasib oldu...
Vətən və millət uğrunda atəşli təranələr çalan bir şəxsin aldığı mükafat iştə
bu. Amma ərbabi fikrin (qələm sahibi - Ş.N.) çox da təqdirə və mükafata ehtiyacı
yoxdur. O, özü-özünün hakimi və məhkumu, özü-özünün tosifi və zəmedicisidir".
Görkəmli maarifçi Fərhad Ağazadə də "Ədəbi tədqiq" adlı məqaləsində
Abbas ağa Nazir poeziyasından, onun vətənpərvərlik ruhunda yazılmış şerlərindən
qürur hissilə söhbət açır. O yazırdı:
"Mərhum Abbas ağa qayət dərəcədə Vətəni, yəni Azərbaycanı ürəkdən
sevən bir şair idi. Vətən yaylalarının gülü-çiçəyi şairi məftun edir".
Ah, ey safü paki-xaki Vətən,
Nə gözəlsən, nə yaxşısan, nəsən!
Nə gözəldir sənin çölün-çəmənin,
Dağü-bağın, gül ilə yasəmənin.
Onun çox zəngin ədəbi irsi qalmışdır. "Vətən təranəsi", "1905-ci il inqilab
cərəyanına dair", "Nəsihət", "Məktəb", "Könül, aldanma çərxa, bivəfadır",
"Bax", "Təxmisi-qəzəli-Füzuli Bağdadi", "Molla və şeytan", "İki qardaş", "Qış
vaxtı varlı və füqəra güzəranı", "Millətə xitab", "Ədəbiyyat" və bu gün də öz
poetik əhəmiyyətini itirməyən onlarla şer və poemaları indiyədək tədqiq
olunmamışdır. Ümid edirik ki, "mühitinin yetişdirdiyi alim və kamil bir şəxs olan"
(F.Köçərli) Abbas ağa Nazirin vətənpərvərlik ruhunda yazılmış mənzumələri,
rübailəri, qəzəlləri, poemaları, lirik və satirik şerləri gələcəkdə kitabça şəklində
oxuculara çatdırılacaq.
1978-ci ildə şairin yaxın qohumu, mərhum Zülfüqar Qayıbovla görüşüb
söhbət etdim. O, mənə Abbas ağa Nazirin bir neçə şerini və "Bəyani-halım"
poemasının surətini bağışladı. Poemanın əsli Respublika Əlyazmaları İnstitutunda
saxlanılır.
Min misradan çox olan poemada müəllif elm və fəzilət sahibi atası Mirzə
Nəbinin şairliyini, ilk təhsilini Salahlıda aldığını, Qacarın Tiflisi yandırmasını,
Vaqifin Qarabağa köçməyini ilhamla nəzmə çəkmişdir:
Gəncənin həmcüvaridir Qarabağ
Qonşusudur yaxın, deyildir iraq,
Nə Qarabağ o mərifət baği,
Mədəni-fəzl Şişənin daği.
Məsqətürrəs Zakirü, Asi,
Məxzəni-şerü nəzm dəryası.
Vaqif etmiş onu pənahu məkan,
Olmuş ol yerdə təbi dürəfşan.
Köçübən qəryəyi-Salahludan
Dutmuş anı özünə tazə Vətən.
Qaldır əflakə bərgün, ey Qarabağ,
Zakirin nəzmindən yanıb uca dağ.
Şişənin qələsindən o möhkəm
Edəməz top tüfəng onu bərhəm,
Gələ gər, yüz Ağa Məhəmmədxan
Verəməz nəzm dağma nöqsan.
Poemada Abbas ağa Nazir ana tərəfdən Molla Vəli Vidadinin qız nəvəsi
olduğunu tarixi faktlarla vermişdir:
Ana cəddim mənim Vidadidir,
Nəzmi-şerin o ustadidir.
Şairi-haqq süxən, riyadən uzaq,
Məslək-təbi ilticadən uzaq.
Etməmiş mədh kimsəni bica,
Yazmamış həcv bir kəsə əsla.
Şerinin cümləsi dürr gövhər,
Hər kəlamı müzəyyənü xoştər.
Abbas ağa Nazir şerlərinin böyük bir qismi maarif və mədəniyyət
mövzusundadır. O, balalarımıza məktəbin ədəb-ərkan ocağı, həm də elm mərkəzi
olduğunu aşılayır. Hər bir oğlun, qızın mütləq məktəbə gedib, elmin səmərəsindən
bəhrələnməsini tövsiyə edir. Şair çox doğru olaraq yazır ki, harda məktəb yoxsa,
ora virandır. Abad o yerdir ki, məktəb var. Hər kim bəxtli olmaq istəyirsə, səadət
axtarırsa, məktəbə getsin. İnsanı zülmətdən azad edən də məktəbdir, qəflətdən
oyadan da.
Çoxdur elmin gözəl - gözəl əsəri,
Qayəsizdir şirin - şirin səməri.
Hər kimin yoxdur elmdən xəbəri,
Günü bişək keçər yaman, oğlum.
Vətənpərvər şair Abbas ağa Nazir bütün varlığı ilə ədəbiyyata, poeziyaya
bağlı idi. O, "Bax" adlı qəzəlində yazır ki, tale məni övlad qismətindən məhrum
etdi. Ancaq bunun üçün o qədər də qəm etmirəm, min bir əziyyətlə ana dilimə
çevirdiyim "Rüstəm və Söhrab" mənim övladımdır, oğlumdur.
Olmadımsa gər ata, yox isə oğlum,
nə qəmim,
"Zadeyi-təbim" olan "Rüstəmü
Söhrab"imə bax.
Təvazökar şair, pak insan olan Nazir "Bax" qəzəlinin sonunda belə bir
səmimi izahat da vermişdir: "Hərçənd "Rüstəm və Söhrab" hekayəsi məlik-üşşüəra
Firdovsinin zadeyi-təbidir, mən isəm ondan türk dilinə nəzmən tərcümə və
nəql etmişəm, ancaq bu məqamda münasibi-hal "Zədeyi-təbim" deməgə məcbur
olduğundan, bu barədə mana diqqət dutmalarını ərbabi-mərifətdən rica edirəm".
Abbas ağa Nazir maarifçi bir nəslin oğludur. Onun nəsli hələ ötən əsrdə
Azərbaycan maarifinə Əbdülkərim ağa, Hacı Rəhim bəy, Səməd ağa, İsmayıl ağa,
Süleyman ağa, Osman ağa, Əhməd ağa, Abdulla ağa, İlyas bəy Qayıbov kimi
görkəmli maarifçilər vermişdir. Nazir 1849-cu il oktyabrın doqquzunda Qazax
mahalının Salahlı kəndində anadan olmuşdur. İlk təhsilini dövrünün məşhur din
alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən /1830-1917/ almışdır. On
dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Zaqafqaziya müftisi30
Osman Əfəndi Məhəmməd ağa oğlu Vidadovun /M.V.Vidadinin nəvəsi - Ş.N./
məsləhəti və köməkliyi ilə Tiflisdəki "Məvarayi-Qafqaz-ruhani idarəsi"nin
nəzdində açılmış altı sinifli /üç illik/ məktəbə daxil olmuşdur. Üç illik təhsilini
bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər
müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya
Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir.
Nazir sonralar həmin ili "Bəyanihalım" poemasında xatırlayaraq yazır:
Oldum əlqissə razı təklifə,
Eylədim nəql şəhri-Tiflisə.
Min səkkiz yüz idi yetmiş üç,
Ki, vətənimdən mən eylədim yenə köç.
Məni baş katibə müavini-əzəl,
Etdi təyinü nəsb o şəxsi-gözəl.
Olubən şüğlə ruzu şəb rağib,
Oldum axırda dəxi baş katib.


Abbas ağa Nazir yazırdı:

Var idi bir müəllimi-mümtaz,
Sözü əlan müftiyi-Qafqaz,
Şəxsi-qabil hünərvər adı Hüseyn,
Əsl ustadu həm müəllimü-eyn.
Hücrədə əyləşib sabah-axşam,
Vəxti tədrisə sərf edərdi müdam.
...Müxtəsər, ol müəllim-fazil,
Elmi-tədrisdə mahiru-kamil.


Tarix: 13.01.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1179 Bölmə: Şairlər və Yazıçılar
loading...