Talıbzadə Aydın Ağa Yunus oğlu (d.5 oktyabr, 1958) - teatrşünas, tənqidçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi (1989), "Aydın Məmmədov" adına mükafatın laureatı (2001).
Həyatı
Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator işləmişdir (1975-1976). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində təhsil almışdır (1976-1981). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət müzeyində kiçik elmi işçi olmuşdur (1983).
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosentidir (1983-cü ildən). Moskvada "Orta əsrlər Yaxın Şərq teatrının poetikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1989). Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərindən başlamışdır. Dövri mətbuatda məqalə, esse və rəylərlə çıxış edir. 250-dən çox əsəri ölkəmizdə və xaricdə çap olunmuşdur. Orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində elmi tədqiqatla məşğuldur. "Faciə: janrın təyininə dair" (1990), "Ustad və Ayna"(2004), "İslam dünyasında teatr və teatrallıq" (2006, rusca), "Şərq teatr tarixi" (2008), "Mehdi müəmması və ya sənətdə konseptual hamletizm" (2009)kimi kitabların müəllifidir. 2006-cı ildə Y.E.Qolosovkerin "Mif məntiqi" əsərini dilimizə çevirmişdir.
Tarix: 13.01.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Şairlər və Yazıçılar