Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kuti dövləti

Kutilər erkən tayfa birliyi şəklində
E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. "Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 – 2205) dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.

Kuti dövlət qurumu haqqında
E.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün Qərb və Cənub Qərb torpaqlarında (Qərbi Azərbaycan) Kuti dövləti meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Bu dövlətin hökmdarlarının adları qaynaqlarda qorunub saxlanmışdır:

e.ə. təxminən 2225 — 2205-ci illər — Kuti hökmdarı Erridupizirin hakimiyyəti
e.ə. təxminən 2204 — 2198-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
e.ə. təxminən 2198 — 2192-ci illər — Kuti hökmdarı İnkişuşun hakimiyyəti
e.ə. təxminən 2191 — 2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
e.ə. təxminən 2184 — 2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
e.ə. təxminən 2177 — 2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
e.ə. təxminən 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
e.ə. təxminən 2135 — 2133 – cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
e.ə. təxminən 2127 — 2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
e.ə. təxminən 2120 — 2113 – cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
e.ə. təxminən 2112 — 2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
e.ə. 2109 – cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu


Tarix: 27.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Ümumi
loading...