Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Ordanın Əbu Səidin və Arpa xanın dövründə Azərbaycana yürüşü

Qızıl Orda ilə Elxanilər dövlətinin münasibətləri 1315-ci ildə yenidən pisləşdi və getdikcə kəskinləşdi. Sultan Əbu Səid Bahadur xanin (1316-1335) hakimiyyəti dövründə Azərbaycanın daxili vəziyyətinin pisləşməsindən istifadə edən qızılordalılar buranı ələ keçirməyə səy göstərdilər. Qızıl Orda xanı Özbək (1312-1340) Misir məmlükləri ilə ittifaq bağladı və hər iki tərəfin qoşunları 1318-ci ildə Elxanilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoşunu Kür çayının sahillərinə qədər gəldi. Həmin dövrdə Elxanilər dövlətinin şimal-şərqində (Xorasanda) mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi. Elxanilər dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Elxani sultanı Əbu Səid hərbi qüvvələri səfərbər etdi və hər üç istiqamətə qoşun hissələri göndərildi. Lakin Elxanilərin əsas qüvvələri şimala - Özbək xana qarşı yönəldildi və baş Əmir Çoban Sulduzun idarə etdiyi həmin hissələr qızılordalıları məğlubiyyətə uğratdılar. Bundan sonra Çoban özü iki dəfə (1319 və 1325-ci illərdə) Qızıl Orda dövlətinin ərazisinə basqın etdi. 1335-ci ildə Özbək iki dəfə Azərbaycana soxuldu. Onun ilk yürüşü zamanı Əbu Səid Bağdad və Diyarbəkir qoşununu Arrana göndərdi və sonra da özü buraya gəldi. Əbu Səidin gəlişi Özbək xanın geri çəkilməsinə səbəb oldu. Lakin bu zaman Əbu Səid daxili ziddiyyətlərin qurbanı oldu (öz arvadı Bağdad xatun tərəfindən Qarabağda zəhərləndi). Onun ölümü ilə ölkə daxilindəki vəziyyət son dərəcə gərginləşdi. Əbu Səid in ölüm xəbərini almış Özbək yenidən Azərbaycana soxuldu və Kür çayına qədə irəlilədi. Əbu Səidin varisi Arpa xan (1335-1336) 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu.


Tarix: 22.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Ümumi
loading...